12 yanvar 2018 01:31
2479

Sabitlik, təkmil islahatlar, şəffaflıq...

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev dayanıqlı inkişafı təmin edən amillərdən geniş bəhs edərək bu əminliyi ifadə etmişdir ki, müsbət meyillərin gücləndirilməsi nəticəsində ölkə iqtisadiyyatı dinamikasını daha da sürətləndirəcək, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq

“2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır.”

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş islasında dövlətimizin başçısı İlham Əliyev statistik rəqəmlər əsasında ötən ilin uğurlarını açıqlamaqla 2018-ci ilə böyük inamla baxmağımıza böyük stimul verdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, verilən proqnozlar özünü doğrultdu, 2017-ci il üçün nəzərdə tutulan hədəflər gerçəkliyə çevrildi, bu uğurlar fonunda 2018-ci ilin də uğurlar ili kimi tariximizə yazacağımıza böyük əminlik yarandı. Azərbaycanın iqtisadi uğurları, təkmil islahatları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapdı. Belə ki, həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verdi. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşdı. Ölkəmiz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyini qoruyur və möhkəmləndirir. Statistik rəqəmlərə diqqət yetirək. Qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Valyuta ehtiyatlarımızda artım 4,5 milyard dollar təşkil edib, hazırda təxminən 42 milyard dollardır. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Dövlətimizin başçısı İlham Əliyev eyni zamanda bildirmişdir ki, bu rəqəm ölkəmizdə mövcud olan sabitliyin təzahürüdür: “Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir.” İxrac potensialımız 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, 2017-ci il tarixə iqtisadi uğurlar kimi yazıldı. Bu uğurlara yol açan təbii ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanan fərman və sərəncamlar, onların uğurlu icrasıdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər davamlılığı ilə diqqət çəkir. Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Qeyd olunduğu kimi, Azərbaycan ötən il investisiya cəlbediciliyini qoruyub. Ölkəmizdə yaradılan gözəl sərmayə iqlimi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar bu uğurumuza böyük əsas yaradır. Bir əsas məqamı da nəzərə alaq ki, modernləşmə, yeniləşmə, təkmilləşmə dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyev hər bir çıxışında bu məqamı bəyan edir ki, gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Azərbaycan hər çağırışı yüksək səviyyədə cavablandırır. Ötən il, eyni zamanda, idarəetmə sistemində təkmilləşmənin yüksək səviyyədə həyata keçirilməsi ilə də yadda qaldı. XXI əsrin əsas çağırışlarından birinin yeni texnologiyaların öyrənilməsi və tətbiqi olduğunu nəzərə alsaq, Azərbaycan bu sahədə də uğurları ilə diqqət çəkib. Dövlətimizin başçısı İlham Əliyev təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin təmin edilməsinin davamlı inkişafda əsas amil olduğunu da hər çıxışında bildirir. Ötən ilin mühüm tədbirləri sırasından olan Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın gənc alimlərinin birinci qurultayının iştirakçılarına ünvanladığı təbrikində bir daha bildirmişdir ki, dinamik yüksəlişimiz xalqımızın elmi potensialından yaradıcılıqla və səmərəli istifadənin nəticəsidir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Yeni texnologiyaların tətbiqi davamlı inkişafı təmin edən əsas amillərindəndir.

Regional inkişaf proqramlarının uğurlu icrası da hədəflərə böyük yol açır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ötən il bölgələrə 30 səfəri olub. Hər səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Bunlar isə öz növbəsində yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli deməkdir. Ötən il 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir. Cənab İlham Əliyev bildirmişdir: “Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.” İnfrastruktur layihələrinin uğurlu icrası, beynəlxalq standartlara uyğunlaşdırılması günümüzün əsas tələblərindən olan sahibkarlığın inkişafına geniş imkanlar açır. Elektrik təchizatı yaxşılaşdırılmış, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Ötən ilin yekunlarına görə yaşayış məntəqələrinin ölkəmizin 93 faizi qazlaşdırılıb. Bu il dövlət büdcəmizdə qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulur. Bu rəqəm daha da artacaq.

Ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də biri-birindən əhəmiyyətli addımlar atılmışdır. “Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə tamamlanır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ölkə Prezidenti İlham Əliyevin ötən ilin son ayında imzaladığı fərman və sərəncamlar da bu ənənənin davamlılığının göstəricisidir. Belə ki, dövlətimizin başçısının 25 dekabr 2017-ci il tarixli “Minimum əmək haqqının artırılması haqqında” Fərmanına əsasən, 2018-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 130 manat müəyyən edilib. Eyni zamanda cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları təsdiqlədi. 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir. Cari ildə ehtiyac meyarı 116 manat təşkil edir. İclasda dövlətimizin başçısı bu rəqəmi də açıqlamışdır: “Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Eyni zamanda, - mən bunu əvvəlki müşavirələrdə də bildirmişəm, - biz çalışmalıyıq ki, ağır vəziyyətdə yaşayan vətəndaşları işlə təmin edək, onlar üçün şərait yaradaq, o cümlədən onları özünüməşğulluq proqramı çərçivəsində işə cəlb edək ki, ünvanlı sosial yardıma ehtiyacı olanların sayı azalsın.”

Hər il olduğu kimi, ötən ildə də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi yönümündə mühüm addımlar atılmışdır. Statistikaya əsasən, son 13 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Onların mənzil şəraitlərinin yaxşılaşdırılması da prioritet məsələdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” bildirmişdi. O da məlumdur ki, Dövlət Neft Fondunun vəsait ayırdığı istiqamətlərdən biri qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllidir. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  bu məqamı da hər zaman bəyan edirlər ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. 2017-ci ildə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ötən ilin 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi, yeni binaların tikilib istifadəyə verilməsi də deyilənlərin təsdiqidir. Təbii ki, bu addım dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə xidmət edir.

r Davamı 5-ci səhifədə

r Əvvəli 2-ci səhifədə

Cənab İlham Əliyev bu rəqəmləri də diqqətə çatdırdı ki, 2017-ci ildə 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Cocuq Mərcanlı kəndinin bərpası ilə 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Dövlətimizin başçısı bildirmişdir: “Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar.”

Göründüyü kimi, ölkəmizin iqtisadi imkanları hər sahədə uğurlu addımların atılmasını şərtləndirir. Bu uğurlara yol açan əsas amillərdən biri də şəffaflığın yüksək səviyyədə qorunmasıdır. Bu reallıq cənab İlham Əliyevin çıxışlarında hər zaman xüsusi yer alır ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı. Nazirlər Kabinetinin iclasında qeyd edilmişdir: “Bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq - Mingəçevir, İmişli və Şəki şəhərində. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Eyni zamanda, mən göstəriş vermişəm ki, bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılsın. Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaq. Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub. “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaratmışdır.” Dövlətimizin başçısı İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixili “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanı da bu şəffaflığın təminatı, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində növbəti mühüm addımlardan oldu. “ABAD” mərkəzlərin yaradılması ailə biznesinə böyük dəstəkdir. Dövlətimizin başçısının bu fikirlərini də xatırlatmaq istərdik: “Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!” Bu kimi davamlı tədbirlər ölkədə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, bir sözlə, insan amilinə xidmət edir.

Ölkə Prezidenti İlham Əliyev iclasda uğurlarımıza söykənərək qarşıda duran vəzifələri də açıqlamışdır. Azərbaycanın hərtəfli inkişafını təmin etmək, əhalinin sosial müdafiəsini gücləndirmək hər zaman olduğu kimi, bu gün də  prioritetdir. Hər bir hədəf təkmil islahatların davamlılığını bir tələb kimi qarşıya qoyur. Görüləcək işlərin kifayət qədər böyük olduğunu qeyd edən cənab İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, onların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı dinamikasını daha da sürətləndirəcək, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq.

Yeganə Əliyeva, “İki sahil”