09 yanvar 2018 00:07
2551

TANAP enerji sahəsində əməkdaşlığın coğrafiyasını daha da genişləndirəcək

“Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı.”

Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə dünya iqtisadi sisteminə inteqrasiyanın, iqtisadi tərəqqinin əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin əhəmiyyətinə işıq salır. Keçilən yola qısa nəzər salaq. 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanıb. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə kontrakt imzalanıb. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılıb. 1998-ci ildə bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlamışdır. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilmiş və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanmışdır. 2002-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuş, 2006-cı ildə bu kəmər  Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu il layihənin uğurlu icrası başa çatır. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmiş və bu istiqamətdə də işlər gedir. 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalanıb. Enerji sektorunda əsas xronoloji mənzərə bundan ibarətdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində isə cənab İlham Əliyev  təkcə 2017-ci ildə enerji sektorunda baş verən mühüm hadisəyə və bu fonda 2018-ci ilin gözləntilərinə diqqət yönəltməklə uğurların davamlı olacağına əminliyini ifadə etmişdir: “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. “Cənub Qaz Dəhlizi”nin icrası demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir.”

Göründüyü kimi, vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallaşması ilə dünyaya açılan pəncərə əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsini şərtləndirir. Hər bir tarixi hadisə irəliyə daha inamla baxmağa, yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimuldur. “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında əməkdaşlığın xüsusi rolunu önə çəkən cənab İlham Əliyev 2012-ci ildə İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla Transanadolu qaz kəmərinə dair tarixi müqaviləni xatırladaraq, “Əslində, “Cənub Qaz Dəhlizi”nin icrası məhz həmin gündən başlayır” bildirmişdir. 2015-ci ilin martında Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir”.

Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi”ni Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirmişdir. Bu əminlik ifadə edilmişdir ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları “Cənub Qaz Dəhlizi”ni təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən dövlətimizin başçısı İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu önə çəkərək, TANAP layihəsinin təməlinin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının rəmzi məna daşıdığını bildirmişdir.

Qeyd etdiyimiz kimi, dörd mərhələ üzrə həyata keçirilən TANAP-ın ilk mərhələsi məhz bu il-2018-ci ildə başa çatdırılacaq. Kəmərin nəqletmə imkanı 2020-ci ildə 17 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk mərhələdə nəql olunacaq 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri isə Türkiyə-Bolqarıstan, Türkiyə-Yunanıstan sərhədindən keçməklə Avropa ölkələrinə çatdırılmaq üçün nəzərdə tutulur.

Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin  təməlqoyma mərasimində də qeyd etmişdir ki, bu tədbir sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə lazımi məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub Qaz Dəhlizi”ndən söhbət belə gedə bilməzdi. Biz enerji əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır.

Beləliklə, ölkəmizin təşəbbüsü ilə gerçəkləşdirilən TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək. Cənab İlham Əliyev hər zaman bunu bildirir ki, əsas odur layihənin nəzərdə tutulan vaxtda istismara verilməsi üçün güclü iradə, zəngin təcrübə, texniki imkanlar mövcuddur. TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol bu günlərdəki açıqlamasında bildirib ki, Transanadolu boru kəmərinin qazla doldurulmasına bu ilin yanvarından başlanacaq.

Bu kimi qlobal layihələrin şaxələndirilməsi ilə iqtisadiyyatın inkişafına nail olan Azərbaycan investor kimi mövqelərini daha da möhkəmləndirir. Neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya, Ukrayna, Macarıstan, İsveçrə və digər ölkələrdə investisiya layihələrini həyata keçirməsi təbii ki, artan iqtisadi imkanlarımız sayəsində mümkün olmuşdur. “Dövlət Neft Şirkəti xarici ölkələrə böyük investisiyalar qoyur, artıq biz, necə deyərlər bu qapını da açdıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu istiqamətə yönəldilən sərmayələr Azərbaycan üçün siyasi və iqtisadi baxımdan zəruridir. Digər iri şirkətlərə də bu təcrübədən yararlanmaq tövsiyə olunur. “Biz həmişə maraqlı idik ki, xaricdən Azərbaycana investisiyalar gətirilsin. Bu gün də bunda maraqlıyıq. Ancaq artıq ölkəmizin inkişafı bizə diktə edir ki, yeni bazarlara çıxaq” vurğulayan dövlətimizin başçısının qeyd etdiyi kimi, SOCAR-ın artan maliyyə imkanları Azərbaycanın dünya bazarında iştirakını təmin edən başlıca amildir.

Bu reallıq da ölkə Prezidentinin çıxışlarında yer alır ki, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyatımız dinamik inkişaf edir, şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün heç bir maneə yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Ötən il “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması ölkəmizə daha möhtəşəm uğurlar gətirəcək. “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib” söyləyən cənab İlham Əliyev eyni zamanda bildirir ki, xarici tərəfdaşlar da böyük mənfəət əldə ediblər. Reallıqlar eyni zamanda bu amilin önəmini açıqlayır ki, səylərin birləşdirilməsi qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əsasdır. Ötən ilin mühüm hadisəsi olan “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində dövlətimizin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların davamlılığına əminliyini belə ifadə etmişdir: “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.”

Yeganə Əliyeva, “İki sahil”