05 yanvar 2018 14:22
2503

2018-ci ildə rəqəmlər daha da böyük olacaq

İnsanlar kimi, illərin də taleyinə yazılan uğurlu aylar, günlər, hətta anlar belə olur. Bu baxımdan artıq tarixə qovuşan 2017-ci ili müstəqillik salnaməmizin xoşbəxt səhifələrindən saymaq olar. Yeni il münasibətilə Azərbaycan xalqını, xarici ölkələrdə yaşayan soydaşlarımızı təbrik edən Prezident İlham Əliyev ötən ildə ölkəmizin salnaməsinə tarixi hadisələr kimi yazılan əlamətdar hadisələri gələcək nailiyyətlərin təməli adlandıraraq qarşıdakı hədəflərə mövcud potensialdan səmərəli istifadə etməklə nail olmağın istiqamətlərini də açıqladı. Mənbəyi xalq-iqtidar birliyi olan sabitliyin qorunduğu, bütün sahələrdə davamlı inkişafın hiss olunduğu ölkəmizdə ötən il üçün nəzərdə tutulan vəzifələrin vaxtında, yüksək səviyyədə həyata keçirilməsi əminlik yaradır ki, zamanın çağırışlarına düşünülmüş siyasəti ilə cavab verən, hədəfləri düzgün müəyyənləşdirilən Azərbaycanda qarşıdakı illərdə də yalnız uğurlardan söz açılacaq.

Yeni il təbrikində “Əlbəttə ki, qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır” söyləyən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, dünyada neftin qiymətinin sabit qalmadığı, hasilatın aşağı səviyyədə olduğu bir zamanda aparılan iqtisadi islahatlar nəticəsində inkişaf tempini saxlayan Azərbaycanın Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdə qərarlaşması düşünülmüş daxili və xarici siyasətinin uğurla nəticələnməsinin bəhrəsidir.

Statistik rəqəmlər də göstərir ki, ötən il iqtisadiyyatın qeyri-neft sektoru 2, qeyri-neft sənayesi 3, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. “Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq” söyləyən dövlət başçımız proqnozlar barədə nikbin açıqlaması ilə ölkənin gələcək inkişafını şərtləndirəcək perspektivlərin həllinə də eyni diqqətlə yanaşılacağını vurğulayır. Bunun üçün əsas amil, siyasi və iqtisadi müstəqillik üçün strateji ehtiyat mənbəyi olan valyuta ehtiyatlarımızın artmasını diqqətə çatdıran dövlət başçımızın qeyd etdiyi kimi, məhz bu vəsait hesabına regionların siması dəyişmiş, quruculuq-abadlıq işlərinə diqqət artırılmış, bölgələrdə qeyri-neft sektorunun genişlənməsi hesabına ölkədə işsizlik 5 faizə endirilmiş, əhalinin məşğulluq səviyyəsi yüksəlmişdir.

Ötən ilin mühüm hadisələrindən olan, təkcə ölkəmizin deyil, bölgə və Avropa dövlətlərinin iqtisadiyyatı, enerji təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyətə malik “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması və 2050-ci ilə qədər qüvvədə olacaq “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın maliyyə imkanlarını və potensialını daha da artıracaq, respublikamıza milyardlarla dollar gəlir gətirəcək. “Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan dünya miqyasında seçilən elə ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. “Cənub Qaz Dəhlizi”nin icrası demək olar ki, son mərhələyə qədəm qoyub. Azərbaycan-Türkiyə dostluğunun ən bariz nümunəsi olan TANAP layihəsinin tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılacaq. Azərbaycan bir daha Avropanın enerji təhlükəsizliyinin təminatında çox önəmli və əsas tərəfdaş olduğunu sübut edəcək. Bu layihələrin reallaşması ilə ölkəmizə gələn investisiyaların həcmi artmaqla Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən tərəfdaşların sayı da çoxalacaq. Xarici siyasətinin ayrılmaz parçası olan neft strategiyasının həyata keçirilməsi ilə dünya enerji bazarında mövqeyi möhkəmlənən ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sırası genişlənəcək. Enerji layihələrinin şaxələndirilməsi prinsipinə alternativ olmadığını reallıqları ilə təsdiqləyən, istehsalçı, tranzit və istehlakçı dövlət kimi böyük əhəmiyyətə malik olduğunu, resurslarından təzyiq aləti və ya əsaslandırılmamış üstünlük, yaxud mənfəət əldə edilməsi üçün istifadə etməyən Azərbaycanın xarici siyasəti bölgədə sabitliyin təminatına, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. “Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur” sözləri ilə başqa sahələrdə də qarşılıqlı hörmət və etimadı əsas amil kimi dəstəkləndiyini bildirən cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın sivilizasiyalararası mərkəz kimi tanınması da deyilənləri təsdiqləyir.

Ötən ilin tarixi hadisələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin bu layihənin təşəbbüskarı və əsas maliyyə mənbəyi olan Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzundan qaynaqlanır. Qitələri birləşdirən, Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olan BTQ hazırda istifadə olunan neft-qaz kəmərləri kimi, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər gətirəcək. Dəmir İpək Yolunun istifadəyə verilməsi ilə bölgənin və dünya dövlətlərinin önəmli strateji tranzit mərkəzinə çevrilən Azərbaycanın Humanitar Davos adlandırılması da təsadüfi deyil. Beynəlxalq əlaqələri ildən-ilə genişlənən, ləyaqətli və etibarlı tərəfdaş kimi tanınan, bölgənin lider ölkəsi imicini qazandığı nailiyyətlərlə təsdiqləyən Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan əlaqələri regional sabitliyə, inkişafa müsbət təsir göstərir.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, ötən ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi multikulturalizm dəyərlərinin fəal təbliğatçısı olan ölkəmizin tolerantlıq ənənələrinə sadiqliyinin də nümunəsidir. Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldü. Bütün müsəlman aləmində lider olmaq çox böyük tarixi nailiyyətdir. 2015-ci il Avropa Oyunlarında ikinci yeri tutan Azərbaycan komandasının 50-dən artıq İslam ölkələri arasında liderlik etməsi onu göstərir ki, iqtisadi, diplomatik uğurları ilə fərqlənən Azərbaycan, eyni zamanda güclü idman dövlətidir.

“Multikulturalizm İli”ndə olduğu kimi “İslam Həmrəyliyi İli”ndə də həyata keçirdiyi tədbirlərlə İslama qarşı təxribat aparan qüvvələrə layiqli cavab verən Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynamaqla dünyada İslami dəyərlərin qorunub saxlanıldığı mərkəzlərdən birinə çevrilmişdir. İstanbulda Türkiyə Respublikasının təşəbbüsü ilə 50 ölkəni təmsil edən İƏT-dövlətləri nümayəndələrinin iştirakı ilə “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən fövqəladə Zirvə toplantısı da İslam ölkələrinin birlik və həmrəyliyini göstərir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında Prezident İlham Əliyevin də iştirakı Azərbaycanın islami dəyərlərə sadiqliyinin nümunəsidir. Bakıda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusundakı yeddinci nazirlər konfransı ötən ilin payına düşüb. Sülhün, tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyan bu prosesdə iştirak edən Azərbaycanın əhəmiyyətli rolu və göstərdiyi yardımlar konfransdakı çıxışlarda yüksək dəyərləndirildi. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda təşkil olunan Beynəlxalq Forumda separatizmi yaradan səbəblər, təhlükə mənbəyi olması, dövlətlərin müstəqilliyinin varlığı üçün törətdiyi fəsadlar, işğalçılıq siyasəti nəticəsində yaranan miqrantların üzləşdikləri əzab- əziyyətlər barədə ətraflı danışıldı.

2017-ci ildə dünya ictimaiyyəti tərəfindən dəstəklənən Azərbaycanın xarici siyasətinin uğurları da istənilən qədərdir. “Mən bu il 20-dən çox xarici səfər etmişəm. Bu səfərlər çərçivəsində Azərbaycanın milli maraqlarını müdafiə etmişəm. Deyə bilərəm ki, xarici tərəfdaşlarla əlaqələrimiz bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında çox müsbət imici və reputasiyası vardır” söyləyən Prezident İlham Əliyevin ötən ilin son aylarında iştirak etdiyi mühüm tədbirləri və səfərləri çərçivəsində keçirdiyi görüşləri xatırlamaqla ölkəmizin diplomatik uğurlarından söhbət açmaq olar. Prezident İlham Əliyevin ilin son aylarında Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirdiyi görüşlər, Şimali Atlantika Alyansı ilə 23 illik əməkdaşlığın uğurları, NATO-nun Şimali Atlantika Şurasındakı çıxışı, regionda sabitlik üçün ən böyük təhlükə olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məntiqli açıqlamaları, sülhün, sabitliyin, təhlükəsizliyin təminatı üçün qurumla əməkdaşlığın səmərəsi barədə söylədikləri lider qətiyyətinin ifadəsi kimi diqqəti cəlb etdi.

Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində təşkilatla Azərbaycanın qarşılıqlı əməkdaşlığından söz açan Prezident İlham Əliyev bildirdi ki, isti münasibətlər qazanılan uğurlu, qarşılıqlı, iki və çoxtərəfli əməkdaşlığa töhfədir. Ərazi münaqişələri olan ölkələrlə münasibətlərin yaxşılaşdırılması üçün səylərini artıran Şərq Tərəfdaşlığı Azərbaycanla əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verir. 2020-ci ilədək əldə olunacaq 20 əsas məsələyə diqqəti artıran Aİ ölkəmizlə ikitərəfli əməkdaşlığı yüksək dəyərləndirir.

Sammitdə qəbul olunan Birgə Bəyannamədə Ermənistanın və erməni lobbisinin beynəlxalq hüquq normalarına zidd təkliflərinin yer almaması bu ifadələrlə bir daha təsdiqləndi: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir.” Bəzi bölgələrdə mövcud olan ərazi münaqişələrinin həlli istiqamətində səylərini artıran Şərq Tərəfdaşlığı problemlərin beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədi. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad olunan Birgə Bəyannamədə bu maddənin yer alması, işğalçı, separatçı Ermənistanın heç bir əsası olmayan “millətlərin öz müqəddəratını təyin etmə hüququ” kimi cəfəng iddialarını boşa çıxardı. Azərbaycanla həmrəyliyin ifadəsi olan belə bəyanatların qəbulu xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və Azərbaycanın ərazi bötövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli mövqedir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyinin müdafiə olunması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatist rejimi tərəfindən keçirilmiş heç bir hüquqi əsası olmayan “referendumun” dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməməsi, seçkinin nəticələrinin tanınmaması o demək idi ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

Aprel döyüşlərindən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının işğal altında qalmış torpaqlarının bir hissəsində Azərbaycan bayrağının dalğalanması iqtisadi müstəqilliyimizin məntiqi nəticəsi olan müdafiə qüdrətimizin möhkəmliyindən xəbər verir. Azərbaycan xalqında artan qələbə əzmi Cocuq Mərcanlının simasında təsdiqləndi. İşğaldan azad olunan bu kənddə həyat bərpa olundu. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində başqa yerlərdə yaşamağa məcbur olan kənd sakinləri doğma yurdlarına qayıtdılar. Hazırda qürur mənbəyimiz olan Cocuq-Mərcanlıda 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası, məscid tikilib.

Dövlətimizin bu qayğısı göstərir ki, ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli istiqamətində də önəmli addımlar atılır.

Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılmışdır. Bu önəmli hadisə onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. İnsanlar işğaldan azad edilmiş torpaqlara qayıdır, yeni həyat qurur, bununla da torpağa, Vətənə bağlılıqlarını göstərirlər. Təbii ki, bu sahədə getdikcə qüdrətlənən, dünya miqyasında güclü ordular sırasında adı çəkilən milli ordumuzun gücü, qüdrəti əsas amil kimi diqqət çəkir, hərbi potensialımızın artması üçün lazımi tədbirlər görülür, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və bu proses davam etdirilir.

Təbii ki, sadalananlar ötən ildə qazanılanların qısa xronikası və 2018-ci il üçün nəzərdə tutulan hədəflərin bələdçisidir. 2018-ci ildə daha mühüm, qlobal layihələrin həqiqətə çevrilməsinin, diplomatik uğurlarımızın şahidi olacaq, möhtəşəm qələbələrdən söz açacağıq.

Xuraman İsmayılqızı, “İki sahil”