28 dekabr 2017 00:00
5247

İslamofob Əli Kərimlinin pul sevgisi

Yaxud müsəlmanları dəstəkləməyi özünə təhqir bilən, “siyasi məhbus” oyunu quran AXCP sədri həm də separatizmə dəstək verən antimilli ünsürdür

Yeni ilin gəlişi yaxınlaşdıqca Qərbdəki, Avropadakı təşkilatlar, QHT-lər 2018-ci il üçün qrant müsabiqələrini açıq elan etməyə başlayırlar. Gələn ilin Azərbaycanda həm də prezident seçkiləri ili olduğunu nəzərə alan radikal müxalifət bu əlverişli fürsətdən mümkün qədər çox yararlanmağa çalışır.

“Dindarların hamisi” cildinə girən Əli Kərimlinin islamofobluğu

Azərbaycanın baş qrantyeyəni Əli Kərimli də yeni mövsümün qrant yağışında yaxşıca islanmaq istəyir. Bunun üçün onun bütün mümkün vasitələrə əl atacağı istisna deyil. Əli Kərimlinin əsas üsullarından biri cəmiyyətin müxtəlif kəsimlərinə müraciət etmək, onları ələ almaq və hökumətə qarşı qaldırmaq səyləridir. Bu baxımdan, o, dindar insanları başlıca hədəf kimi müəyyənləşdirərək, onları mitinqlərə cəlb etməyə çalışır. Elə isə Azərbaycan dövlətini əsassız olaraq məscidləri dağıtmaqda günahlandıran AXCP sədri Əli Kərimli nə üçün Qüds məsələsində susur? Qüds məsələsi hazırda bütün müsəlman aləmini vahid mövqe birləşdirərək əsl həmrəylik simvoluna çevrilib. Əgər Əli Kərimli həqiqətən də müsəlman təəssübkeşi olsaydı bu məsələdə qətiyyətli mövqe sərgiləyən, müsəlmanların yanında olduğunu göstərən Azərbaycan hökumətinin siyasətini dəstəkləməli idi. Məgər Zimbabve xalqı Əli Kərimliyə etnik, yaxud dini yaxınlığı ilə seçilirdi ki, onları müdafiə etdi, amma fələstinliləri yox?

İslamofob dairələrdən də qrantlar alan Əli Kərimli bu mövqeyi və ya mövqesizliyi ilə “dindarların hamisi” maskasını da itirmiş oldu.

Əli Kərimlinin yaxın əqidədaşları Ermənistan xüsusi xidmət orqanlarına çalışan separatçılardır

Əli Kərimli din faktoru ilə yanaşı, etnik amildən də öz xeyrinə istifadə etməyə çalışır. Məlum olduğu kimi, Azərbaycan dövlətinə, o Azərbaycan xalqının talışəsilli nümayəndələrinə xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov adlı antimilli ünsürlər erməni xüsusi xidmət orqanlarının dəstəyilə separatizm fəaliyyətilə məşğuldurlar. Bir müddət Ermənistanda fəaliyyət göstərən bu şəxslər pərdələnmək üçün təxribatçı əməllərini Moskvada davam etdirsələr də ermənilərlə əməkdaşlığı sürdürürlər. Sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olub ki, Fəxrəddin Aboszadə Əli Kərimlinin də təlimatları ilə hərəkət edir. Çünki, o, AXC hakimiyyəti dövründə Əli Kərimlinin dəstəsindən olub, hətta AXC-ni və onun sədrini mədh edən kitab da yazıb.

Əli Kərimlinin təlimatları ilə hərəkət edən digər antimilli ünsür Zabil Məhərrəmov isə deyirdi ki, “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır”.

Göründüyü kimi, Əli Kərimlinin siyasi əqidədaşları da onun özü kimi dövlətə, xalqa qarşı düşmənlə əlbir olan insanlardır. Etnik, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları Əli Kərimli və dəstəsinin siyasi oyunlarının arxasında dayanan çirkin məqsədləri aydın görür və bu səbəbdən də onlara hər zaman layiq olduqları münasibəti göstərir.

Əli Kərimlinin “siyasi mühacir” biznesi

Sirr deyil ki, Azərbaycandakı radikal müxalifətin əsas gəlir mənbələrindən biri də “siyasi mühacir” biznesidir. Bunun üçün AXCP sədri böyük bir siyahı da hazırlatdıraraq bir qrup məhbusu Avropa institutlarında “siyasi məhbus” kimi qeydiyyata aldırmaq istəyir. Çünki bu siyahılardakı şəxslərin hər biri Əli Kərimlinin potensial müştəriləridir. Onların hər birinə 2500-3000 manat qarşılığında arayış verib Avropa ölkələrinə qaçmalarına şərait yaratmaq Əli Kərimlinin planlarında yer alır. İllərdir ki, AXCP vəsiqələrinin “siyasi mühacir” kimi Avropa ölkələrinə köçmək istəyən minlərlə şəxsə satılması barədə kifayət qədər faktlar var. bunu hətta müxalifətin özü də inkar etmir.

Əgər Əli Kərimli həqiqətən də insan hüquq və azadlıqları barədə düşünsə idi, onda cinayət törətdiyi üçün həbs olunmuş insanları deyil, erməni əsirliyində olan azərbaycanlıların azadlığa çıxması üçün onların məsələsini Avropa təşkilatları qarşısında qaldırardı. Ancaq Əli Kərimli bunu etməz, çünki onu ancaq gəlir gətirən işlər maraqlandırır.

Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli növbəti dəfə bütün imkanlarını səfərbər edərək daha bir antimilli ünsürün - Sahib Teymurovun müdafiəsinə başlayıb. Əli Kərimlinin apardığı bu növbəti piar kampaniyasının arxasında dayanan səbələr isə YAP Gənclər Birliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində açıqlanıb. Belə ki birincisi, Avropadakı bəzi təşkilatlar “insan hüquqları” ilə bağlı qrant müsabiqəsi elan ediblər. Söhbət 150 min avrodan gedir. Bu müsabiqədə iştirak üçün Əli Kərimlinin imzası və möhürü ilə təsdiqlənmiş arayışla Kanadada “siyasi qaçqın” statusu alan Sahib Teymurov gəlirli layihə obyekti ola bilər. İkincisi, Sahib Teymurovla Əli Kərimlinin “mühacir” biznesinə nəzarət edən adamları arasında danışıqlar olub və Sahib Teymurov Əli Kərimlinin hesabına piar üçün 15 min dollar köçürmək öhdəliçiliyi götürüb.

Elə isə Sahib Teymurov kimdir? S.Teymurov “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəridir. Müəyyən müddət Azərbaycanda bu sahədə fəaliyyət göstərib. Lakin adı hər zaman dələduzluqda və şər-böhtan atmaqda hallanıb. Bir neçə il əvvəl o, Elnarə adlı kimsəsiz bir qızdan istifadə etməyə başlayıb. Məlum olub ki, 10 yaşından pozğun həyat tərzi keçirən Elnarə QİÇS xəstəliyinə tutulub. Özünü hüquq müdaifəçisi və jurnalist kimi təqdim edən Sahib Teymurov qızın əlaqədə olduğu 30-dək kişinin telefon nömrələrini götürərək onları mətbuatda şantaj edəcəyi ilə hədələyib və külli miqdarda pul tələb edib. Sahib, eyni zamanda, Elnarənin yaşadığı uşaq evləri və internatların direktorlarından da böyük məbləğdə rüşvət istəyib. Şəki Qarışıq tipli Uşaq evi rəhbərliyi azyaşlı uşağın taleyi ilə oynayan Sahib Teymurovdan polisə şikayət edib. Bu tipli əməllərinə görə dələduz bir neçə il həbsdə yatıb. Həbsdən çıxdıqdan sonra yenidən köhnə əməllərinə qurşanıb, şər-böhtan və şantajla məşğul olub, hətta uşaq alverinə girişib. Şikayətlərin sayının artmasından və yenidən həbs olunma təhlükəsindən qorxuya düşən fırıldaqçı bu dəfə ölkədən qaçmağa və Əli Kərimlinin köməyi ilə Kanadada oturum almağa müvəffəq olub.

Budur Əli Kərimlinin canfəşanlıqla müdafiə etdiyi və az qalsın “mələk” cildində təqdim etdiyi insan.

Məsələ ondadır ki, Əli Kərimli üçün millət də, din də, dövlət də, etnik kimlik də yalnız puldur, maddiyyatdır. Kim ona hansı məqsədlə qrant ayırsa, o da həmin istiqamətdə canla-başla işləyəcək. Demokratiyadan dəm vuran Əli Kərimlinin müxalifətçiliyi təkcə iqtidara deyil, həm də dövlətə, xalqa qarşı yönəlib. Ölkə maraqlarını qurban vermək hesabına edilən siyasətbazlığı onu əbədi uğursuzlar cərgəsinə atıb. Təsadüfi deyil ki, Azərbaycanın firavanlığı və sabitliyi üçün təhlükə törədə biləcək istənilən addımı atmağa hazır olan Əli Kərimli daim ictimai qınaq obyektidir və gənclərimiz bu vətən xaininin ifşasını bundan sonra da davam etdirəcək.

Rəşad Bağırov, “İki sahil”