25 dekabr 2017 21:18
1446

Beynəlxalq terrorla mübarizə: İŞİD və erməni terroru

MDB ölkələri ərazisində terror təhlükəsinin artması barədə Rusiya rəhbərliyi fikirlər bildirib. Dekabrın 19-20-də Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin toplantısında da bu məsələ əsas müzakirə mövzusu olub. İŞİD-in Əfqanıstanda cəmlənməyə başladığı barədə informasiyası çox düşündürücüdür. Rusiya xüsusi xidmət orqanlarının rəyinə görə, bu, MDB-yə üzv olan dövlətlərə də birbaşa təhlükədir. Hətta İŞİD-in artıq 4 minə yaxın silahlısının Əfqanıstanda olduğu barədə məlumatlar da var. Bunlara görədir ki, Moskva toplantısında birgə fəaliyyətin zəruriliyi bir daha vurğulanıb. Təbii ki, beynəlxalq terrorla mübarizə olduqca aktual problemdir. O cümlədən MDB məkanında bu bəlaya qarşı təsirli tədbirlər görülməlidir. Lakin beynəlxalq terrorla mübarizədə son dərəcə səmimi və açıq olmaq gərəkdir. Deyək ki, erməni terroru ilə bağlı da konkret mövqe ortaya qoymaq lazımdır. Təəssüf ki, məsələnin bu aspekti hələlik qaranlıqdır. Həmin kontekstdə beynəlxalq terrorla mübarizənin bir sıra cəhətləri üzərində dayanmağa ehtiyac vardır.

Əfqanıstan: İŞİD-in yeni məkanı

Gözlənilənlər reallaşmaqdadır. Ekspertlər proqnozlaşdırırdılar ki, İŞİD Suriya və İraqda aldığı ağır zərbələrdən sonra dünyanın başqa regionlarına yayılmağa çalışacaq, yaxud onu yaradanlar yayacaqlar. Mümkündür ki, meydana yeni terror təşkilatı çıxarılsın. Artıq bu cür gedişatın ilk siqnalı verilməkdədir. Moskvada MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının növbəti toplantısında bu barədə geniş danışıldığı haqqında Rusiya KİV məlumatlar yayıb (bax: məs., ФСБ рассказала о действиях исламистов после поражения в Сирии и Ираке / "РИА Новости", 19 dekabr 2017).

Həmin toplantı MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının və xüsusi xidmətlərinin Rəhbərləri Şurası çərçivəsində keçirilib. Bu Şura 1997-ci ildə MDB dövlətlərinin təhlükəsizliyini birgə təmin etmək məqsədi ilə yaradılıb. Onun qarşısına qoyulan əsas məqsədlər beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizəni təmin etməklə bağlıdır. Fəaliyyəti dövründə Şura 60-dan çox sənəd hazırlayıb və nəzərdən keçirib. Onlar başlıca olaraq qarşılıqlı əlaqələrə, informasiya mübadiləsinə, milli və kollektiv təhlükəsizliyi təmin etmək üçün tövsiyələrin hazırlanmasına aiddir (bax: 19-20 декабря в Москве пройдет заседание Совета руководителей органов безопасности и специальных служб стран СНГ / Пресс-служба Исполнительного комитета СНГ, 19 dekabr 2017).

Şura, həmçinin beynəlxalq terrorizmlə mübarizə məsələsinə də ayrıca diqqət yetirir. Bunlar təbii ki, müasir dövrün tələbləri çərçivəsində müsbət işlərdir. Hazırda terror o dərəcədə beynəlmiləlləşib ki, onunla ayrılıqda bir dövlət səmərəli mübarizə apara bilməz. Bundan başqa, sirr deyil ki, bir sıra böyük dövlətlərin xüsusi xidmət orqanları terror təşkilatları yaradıb, rəqiblərini zəiflətməyə çalışırlar. Dünya mətbuatında bununla əlaqəli də informasiyalar verilib. O cümlədən "Taliban", "əl-Qaidə" və İŞİD-in də kənardan hazırlanmış xüsusi layihələr olduğu haqqında yazılır.

Hər bir halda beynəlxalq terrorla mübarizənin beynəlxalq birlik tərəfindən aparılması məntiqi olardı. Ancaq hələlik bu istiqamətdə tutarlı bir addım yoxdur. Əvəzində, bir sıra regional təşkilatlar daxilində konkret addımlar atılır. Həmin sırada MDB ölkələrinin yaratdığı Şuranın rolunu da vurğulamaq lazımdır. Bu təşkilatın Moskvada keçirilən 43-cü iclasına Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubu olub. Onu iştirakçılara Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov oxuyub. Məktubda bir neçə maraqlı məqam vardır (bax: Путин рассказал, откуда исходит угроза для СНГ / "РИА Новости", 19 dekabr 2017).

Rusiya Prezidenti vurğulayıb ki, dünyada yeni situasiya formalaşır ki, bu da avtomatik olaraq qarşıya qlobal çağırış və təhdidlərə qarşı daha səmərəli reaksiya verməyin yollarını tapmaq vəzifəsini qoyur (bax: əvvəlki mənbəyə). Bu yeni situasiya nə ilə xarakterizə olunur? Onun əlamətlərindən biri beynəlxalq terrorun fərqli metodlara əl atmasıdır. Eyni zamanda, terror təşkilatları məkanlarını dəyişirlər. Onlar əsas olaraq Mərkəzi Asiyada, Yaxın Şərqdə və Afrikada cəmləşirlər (bax: əvvəlki mənbəyə). V.Putin vurğulayır ki, MDB dövlətləri üçün də başlıca təhlükə məhz həmin məkanlarda toplaşan terror təşkilatlarından qaynaqlanır.

Konkret olaraq "terrorçular bu regionları ekspansiya (MDB ölkələrinə – red.) üçün istifadə etməyə cəhd edir, yeni döyüşçülər ələ alır, onlara təlim keçir, onları başqa dövlətlərdə situasiyanı sabitsizləşdirməyə göndərirlər" (bax: əvvəlki mənbəyə).

Buna görə də milli xüsusi xidmət orqanları tərəfdaşlıq əlaqələrini gücləndirməli, aktual məsələlərin həlli üçün razılaşdırılmış yanaşmalar işləyib hazırlamalı, bir-biri ilə təcrübə mübadiləsini aktivləşdirməli, eyni zamanda, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələri tam yoluna qoymalıdırlar (bax: əvvəlki mənbəyə). Hətta Rusiyada belə bir deyim də var – "hər kəs FTX ilə birgə hərəkət etməlidir".

Cənubi Qafqaz: erməni terrorunun hədəfində

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə daha konkret danışaraq, terrorçuların Əfqanıstanda gücləndiyini ifadə edib. Hazırda İŞİD-çilərin oradakı təqribi sayı əfqan mənbələrinə görə, 3-4 min civarındadır. Terrorçular taktikanı da dəyişib "avtonom cihad" üsuluna keçiblər. Bu o deməkdir ki, döyüşçülər kiçik qruplarla savaşacaqlar. Bu zaman qruplar bir-birini tanımaya da bilirlər. Təbii ki, belə taktika ilə səmərəli mübarizə aparmaq çox çətindir. Onu da nəzərə almaq gərəkdir ki, "Taliban" Əfqanıstanda artıq iri şəhərlərə hücum edir ki, bu da vəziyyəti xeyli gərginləşdirir (bax: ФСБ рассказала о действиях исламистов после поражения в Сирии и Ираке / "РИА Новости", 19 dekabr 2017).

Beləliklə, Moskva İŞİD-in Əfqanıstana toplaşmasından çox narahatdır. Oradan terrorçuların Mərkəzi Asiya dövlətlərinə və Rusiyaya sızması ehtimalı yüksəkdir. Təbii ki, terror qruplarının hədəflərindən biri də Cənubi Qafqazdır. Belə çıxır ki, beynəlxalq terrora qarşı mübarizə gücləndirilib daha təkmil metodlarla aparılmalıdır. MDB xüsusi xidmət və təhlükəsizlik orqanlarını birləşdirən Şura bu istiqamətdə vacib addımlar ata bilər.

Bir neçə ay bundan əvvəl Qərb ekspertləri xəbərdarlıq etmişdirlər ki, İŞİD-in Suriya və İraqda məğlubiyyəti şərti qələbə ola bilər. Çünki terrorçuların mütəşəkkil şəkildə dünyanın digər regionlarına toplaşdığı müşahidə edilirdi. O cümlədən onların daha çox Şimali Afrika və Mərkəzi Asiyada fəallaşacağı gözlənilirdi. İndi terror təhlükəsinin məhz Əfqanıstanda yenidən vüsət alması, həmin proqnozları təsdiqləməklə yanaşı, yeni suallara da yol açmaqdadır. Belə ki, terrorun Əfqanıstanda güclənməsi birbaşa Rusiya və Çinəmi işarədir? Əgər elədirsə, onda Mərkəzi Asiya da təhlükə altına düşür və oradan terror tezliklə Cənubi Qafqaza sıçraya bilər.

Öz növbəsində Cənubi Qafqazda İŞİD terrorunun başlaması erməni terroru ilə mübarizə məsələsini gündəmə gətirə bilər. Məsələ ondan ibarətdir ki, terrorla mübarizə avtomatik olaraq Cənubi Qafqazda erməni terroru problemini yeni səviyyədə gündəmə gətirir. Azərbaycandan İŞİD-ə qarşı mübarizə istəyənlər bilməlidirlər ki, Ermənistan silahlı qüvvələri və radikal separatçılarla bağlı məsələ Bakının həll etməli olduğu birinci dərəcəli məsələdir. Düşündürücüdür ki, Moskva beynəlxalq terrorla mübarizədə öz sərhədləri yaxınlığında illərdir tüğyan edən erməni terroru ilə əlaqəli heç nə demir. Bu isə bütövlükdə beynəlxalq terrora qarşı birləşmənin yarımçıq olması anlamına gəlir. Ən azından Bakının Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan bir dövlətlə beynəlxalq terrorla birgə mübarizə aparmasının mümkün olmadığını hər kəs anlamalıdır. Azərbaycana qarşı düşmən mövqedə olan Ermənistanın xüsusi xidmət orqanları, Azərbaycanla real informasiyanı səmimi olaraq bölüşərmi, yaxud erməni kəşfiyyatı Azərbaycan ərazisində planlaşdırılan terror aktları barədə vaxtında məlumat verərmi? Bu, absurddur və təbii ki, Bakıda bunu çox yaxşı bilirlər.

Belə çıxır ki, təşkilata daxil olan ölkələrin hər biri etməni terroruna qarşı mübarizə ilə bağlı mövqeyini dəqiqləşdirməlidir. Əgər erməni terroru ilə mübarizə qəbul edilməyəcəksə, onda İŞİD-lə savaş da formal xarakter daşıyacaq. MDB-yə üzv ölkələrdən biri digərinin ərazisində quldur dəstələri saxlayırsa, o, hansı əsaslarla terrorla mübarizədən danışa bilər?

Bunlar sübut edir ki, MDB-də beynəlxalq terrorla mübarizə üçün yaradılmış Şuranın çox mühüm əhəmiyyəti var. Başqa məlum səbəblərlə yanaşı, həm də ona görə ki, burada erməni terroru ilə bağlı konkret mövqe ortaya qoymaq mümkündür. Əks halda, Şura üçün səmərəli çalışması yolunda ciddi əngəllər yaranacaq.

Newtimes.az