21 noyabr 2017 15:20
991

YAP illərin sınağından uğurla çıxır, təkmilləşir, sıraları genişlənir

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Heydər Əliyev


Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə doğruldan Yeni Azərbaycan Partiyası (YAP) 25 ildə sadiq qaldığı siyasəti ilə milyonların partiyası olduğunu sübut etdi. Ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış qüdrətli təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi, müstəqilliyimizin təminatçısı kimi də etimadı doğrultdu.

O dövrdə hakimiyyəti qanunsuz olaraq zəbt edən AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərlərinin yaratdığı xaosdan fərqli olaraq yalnız xalqı ətrafına toplamaqla müstəqilliyimizin əbədiliyi naminə fəaliyyətə başlayan YAP iqtidar partiyası kimi xalqa bələdçilik edərək ölkənin iqtisadi böhrandan çıxması üçün bütün qüvvələri səfərbər etdi, təkmil proqram və konsepsiyaya uyğun olaraq yeni idarəetmə metodunun tətbiqi ilə müasir Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirdi. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan, milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərən partiyanın lideri Heydər Əliyevin şəxsi nüfuzu, xalq arasında qazandığı etimad və hörmət insanlarda bu partiyaya inamı artırdı.

İldə 2-3 qurultay keçirən, sədr və möhürdən ibarət “partiyalardan” fərqli olaraq kəmiyyət və keyfiyyət baxımından inkişaf edən Yeni Azərbaycan Partiyası illərin sınağından uğurla çıxır, təkmilləşir, sıraları genişlənir. YAP əqidəsinə sadiq mübarizlərin təşkilatı olduğunu arxada qalan illər ərzində əməli işi, ölkədə aparılan quruculuq işlərindəki fəaliyyəti ilə təsdiqləyir.

İqtidar partiyası kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında da aparıcı siyasi qüvvə kimi öndərliyini əməli fəaliyyəti ilə doğruldur. Dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP, fəaliyyətini xalqın istək və arzularına uyğun müəyyənləşdirir: Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbini davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirdi.

YAP-ın yaranmasını müasir siyasi sistemin formalaşması, təkmilləşməsi kimi dəyərləndirən və gələcəyə böyük ümid yaradan partiyanın keçdiyi yola nəzər salan Prezident, YAP Sədri İlham Əliyevin bildirdiyi kimi, təşkilatın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir.

Müasir Azərbaycanın tarixinə təkamül illəri kimi yazılan 1993-2003-cü illərdə dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyi üçün önəmli addımlar atıldı. Daxili və xarici siyasətini müstəqil dövlət kimi müəyyənləşdirən Azərbaycan dünya birliyində varlığını təsdiqlədi, iqtisadi, siyasi, informasiya blokadasını reallıqları ilə dağıtdı, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı.

“Biz beynəlxalq aləmdə fəal siyasət apararaq Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bildik. İqtisadi islahatlar, onların təməli məhz o illərdə qoyulmuşdu. O vaxt ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bunu da bacardı. O illərdə Azərbaycana cəlb olunan xarici sərmayə demək olar ki, həmin dövrdə və hətta bu gün də ölkəmizin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biridir” söyləyən Prezident İlham Əliyevin YAP-ın yaranmasının 25 illiyi münasibətilə keçirilən mərasimdə bilirdiyi kimi, 1993-2003-cü illərdə Azərbaycanda aparılan islahatlarla ölkəmizi qüdrətləndirən inkişafın təməli qoyuldu, sonrakı illərdə də ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirildi, bütün istiqamətlər üzrə konseptual təkmil proqramlar həyata keçirildi, Cənubi Qafqazın lider respublikası kimi Azərbaycan dünya miqyasında tanındı, mövqeyini qorudu.

Bu cür təkamülün nəticəsidir ki, Azərbaycan Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin önəmli ölkəsinə çevrilir. Energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı təşəbbüslərin müəllifi kimi dünya siyasətinə təsir imkanları artır.

2020-ci ildə tamamlanması nəzərdə tutulan “Cənub Qaz Dəhlizi”nin istismara verilməsi ilə Azərbaycanın enerji bazarındakı mövqeyi daha da artacaq. Bu günlərdə açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra bir çox dövlətin yükdaşıma, ixrac, idxal imkanları artacaq. “Bununla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz ərazimizdə demək olar ki, bütün işləri gördük. İndi bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarımızı ortaya qoymağa hazırıq. Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu bizim həm siyasi, həm iqtisadi maraqlarımızın təmin edilməsində çox mühüm rol oynayacaq” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, son illərdə iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır. Bu nailiyyətlər respublikamızın sabit maliyyə vəziyyətinin göstəricisidir. Qazanılan nailiyyətlər qeyri-neft sektoru hesabına daha böyük mənfəət əldə etmək üçün əlavə ehtiyat mənbələrini formalaşdırır.

Bu uğurlar beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə təkmil iqtisadi siyasəti olan Azərbaycanın dünya miqyasında 35-ci yerə yüksəlməsi ümumi inkişafımızın, ölkə vətəndaşlarının yaxşılaşan rifahının göstəricisidir. Dünya enerji bazarında, nəqliyyat sektorunda mövqeyi möhkəmlənən, nüfuzu artan Azərbaycanın qazandığı bütün uğurların təməli isə 1992-ci ildə qoyulub. “Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib” sözləri ilə son illərdə reallaşan neft-qaz, nəqliyyat layihələrinin dünya iqtisadiyyatına müsbət təsirini siyasi, iqtisadi, diplomatik uğurların tərkib hissəsi kimi dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, son 25 ildə aparılan quruculuq işlərində YAP üzvlərinin fədakarlığı daha çoxdur. Respublikada keçirilən bütün siyasi kampaniyalarda böyük səsçoxluğu ilə qalib gələn YAP əsl mənada, ümumxalq partiyası kimi özünü döğruldur, cəmiyyətdə nüfuzu artır.

İllərdən bəri davam edən xalq-iqtidar birliyi ölkədə mövcud olan sabitliyi şərtləndirməklə demokratik islahatların inkişafını da sürətləndirir, respublikada qarışıqlıq salmaq istəyən qərəzli qüvvələrin bədxah niyyətlərinin qarşısı elə bu birlik nəticəsində aradan qaldırılır. “Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır” sözləri ilə xəyanətkarların, milli satqınların mənfur niyyətlərinin əsl məqsədinin dövlətçiliyimizə zərər vurmaq olduğunu da bildirir. Dağıdıcı müxalif qüvvələrin xarici havadarlarından aldıqları sifarişlərə uyğun keçirdikləri mitinq və aksiyaların ölkə əhalisi tərəfindən lənətlənməsi o deməkdir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin, “beşinci kolon”un ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.

Yəni hələ də siyasi mübarizənin əsl demokratik metodlarından bixəbər, köhnə təfəkkür forması ilə yaşayan “demokratlar” özləri də bilirlər ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur, sərbəst toplaşma, söz, mətbuat, vicdan, əqidə azadlıqları tam təmin edilir.

Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsi, dialoqun inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq uğurla nəticələnir.

YAP-ın təşəbbüsü ilə Bakıda keçirilən “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “Keçid cəmiyyətlərində demokratiya” adlı beynəlxalq elmi-praktik konfranslarda da qlobal və gərgin hadisələrlə yüklənmiş dünyamızda demokratik dəyərlərin təhlili baxımından çox aktual məsələlər ətrafında maraqlı diskussiyalar aparıldı.

“Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” adlı beynəlxalq konfransda da günümüzün aktual, beynəlxalq ictimaiyyəti düşündürən məsələlər ətrafındakı müzakirələrdə Azərbaycanın qazandığı uğurlar qonaqları heyrətləndirdi. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilən “Asiyada Təhlükəsizlik: sülh və əməkdaşlıq” adlı yığıncağında ölkəmizin dünyada sabitliyin qorunması istiqamətində apardığı siyasət yüksək dəyərləndirildi. YAP-ın təşkilatçılığı ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının qadınlar qolunun birinci konfransının ölkəmizdə keçirilməsi də Azərbaycana olan maraqdan irəli gəlir.

“Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq” söyləyən dövlət başçımız İlham Əliyev dəfələrlə “İlin adamı” seçilmişdir. Avropa İttifaqının maliyyələşdirdiyi layihə əsasında “Avropa Qonşuluq Barametri” çərçivəsində aparılan sorğunun nəticələrində qeyd olunduğu kimi, ölkə əhalisinin 92 faizi Prezident İlham Əliyevi dəstəkləyir. Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının keçirdiyi sorğuya görə Prezident İlham Əliyev türk dövlətləri, Orta Asiya və Cənubi Qafqaz ölkələri arasında “10 ilin dövlət adamı” seçilmişdir. Bu etimad, eyni zamanda YAP-a inamın ifadəsidir.

İllərin təcrübəsi göstərir ki, Azərbaycanın demokratikləşmə strategiyası genişləndirilir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verir. Respublikamızda artıq formalaşan qanunvericilik bazasının təkmilləşməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişafı, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi ilə bağlı qanunların qəbulu Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir.

Xuraman İsmayılqızı, “İki sahil”