17 noyabr 2017 14:23
1104

Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş mərasimdə dövlətimizin  başçısı İlham Əliyev bir daha ölkəmizin ötən bu dövr ərzində qazandığı uğurlara nəzər salaraq bildirmişdir ki, reallıqları təhlil edib, gələcək planlarımızı buna əlavə etsək, Azərbaycanın  ancaq inkişaf yolu ilə gedəcəyini görərik:  “Gələcək fəaliyyətimizlə bağlı əlbəttə ki, hər bir sahə üzrə konseptual yanaşma var. Mən əgər bu gün bütün planlar haqqında danışsam, bir neçə saat vaxt lazım olacaq. Mən bu gün sizin və ictimaiyyətin diqqətinə gələcəkdə əsas, önəmli istiqamətlər üzrə görüləcək işlər haqqında fikirlərimi çatdırdım. Bir daha demək istəyirəm ki, bu planların reallaşması üçün bütün imkanlar var. Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik. Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq. Əlbəttə ki, cəmiyyətdə kifayət qədər problemlər var. Biz onları bilirik və bu problemlərin həlli istiqamətində öz fəaliyyətimizi, səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.”

Ölkə Prezidenti bu reallığı da qeyd etmişdir ki, uğurların təməlində siyasətimiz, gələcəyə olan baxışlarımız, strategiyamız, birliyimizdir.  İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verən ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanması ilə bugünkü uğurlara yol açıb. BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca bu gün dünya TAP, TANAP layihələrinin əhəmiyyətindən bəhs edir. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, bu günlərdə iki milyard ton neftin hasil olunması və bu münasibətlə təntənəli mərasimin keçirilməsi ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsini nümayiş etdirir. Bu günlərdə BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi mövqeyini möhkəmləndirdi. Təbii ki, bu kimi layihələrin gerçəkləşməsində neft gəlirlərindən səmərəli istifadə əhəmiyyətli rol oynayır.

Neft siyasətinin məntiqi davamı olaraq, son 14 ildə qeyri-neft sektorunun inkişafı prioritet sahə kimi öndədir. Cənab İlham Əliyev qeyd olunan mərasimdə bu statistikanı da açıqlamışdır: “İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaqdır. Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır... xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir. Ona görə növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək.”

Göründüyü kimi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması  Azərbaycanın bütün çətinliklərdən uğurla, az itki ilə çıxmasını şərtləndirir. Bu fikir də hər zaman önə çəkilir ki,   dünyada neftlə zəngin çox  ölkələr var. Amma heç də bu ehtiyatlar onların hamısına uğur gətirməyib. Həmin ölkələrdə təbəqələşmə prosesi sürətli gedib. Lakin Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Dövlətimiz iqtisadi prioritetləri, neft strategiyasını müəyyənləşdirərkən dünya təcrübəsindən istifadə etmiş, mənfi və müsbət halların təhlili aparılmışdır. Bunun nəticəsidir ki, neft gəlirlərinin idarə olunmasında şəffaflıq yüksək səviyyədə təmin edilmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar davamlı xarakter almışdır. Bu gün aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Fondun vəsaitləri hesabına gerçəkləşdirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açır. Bu gün bölgələrimizin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları uğurla icra edilir. Bölgələr arasında  sağlam rəqabət gedir, quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bu günün əsas tələblərindən biri   ölkə iqtisadiyyatı qarşısında duran çağırışların elmin inkişafı ilə bilavasitə bağlı olmasıdır. Ölkəmizin ev sahibliyi etdiyi   beynəlxalq  tədbirlərdə   bu sahədə qazanılan uğurlarımız təqdir olunaraq, hər  dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirildiyi diqqətə çatdırılır. YAP-ın 25 illiyinə həsr olunmuş mərasimdə dövlətimizin başçısı İlham Əliyev diqqəti Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə yönəldərək bildirmişdir ki,  inkişafın Azərbaycan modelinin uğurları təqdir olunur, öyrənilməsinin vacibliyi bildirilir. Davamlı inkişafın təmin edilməsi üçün yol xəritələrinin hazırlanması, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyan Azərbaycanın önəmli addımları kimi qeyd edilir.  Təbii ki, hər dövrün öz çağırışları və onların həyata keçirilməsinə böyük ümidlər olur.  Qarşıdakı dövr üçün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz təbii ki, dövrün tələblərinə, ən əsası bu günümüzün reallıqlarına söykənir.

Azərbaycan iqtisadi uğurları ilə yanaşı, dünyada cərəyan edən proseslərə fəal yanaşması ilə də diqqət çəkir. Hər bir məsələnin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə, eyni zamanda ölkələr, xalqlar arasında körpü roluna da aydınlıq gətirir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə bu fikir xüsusi qeyd olunur ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsi, qarşılıqlı anlaşmanın daha da dərinləşməsi, ən əsası  beynəlxalq əməkdaşlıq üçün  daha əlverişli şəraitin yaradılması mütləqdir. Azərbaycanın müstəqil siyasəti təqdir edilir.  Dövlətimizin başçısı qeyd olunan mərasimdə bu məqama da diqqət yönəltmişdir: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır.” Azərbaycan siyasətində müstəqil olduğunu atdığı hər addımında təsdiqləyir. Məhz müstəqil siyasət  uğurlarımızın davamlılığına yol açır. Azərbaycanın 25 ildə beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri təbii ki, 2011-ci ildə 155 ölkənin dəstəyi ilə  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, Azərbaycan diplomatiyasının qələbəsi, ədalətli mövqeyinə dəstək kimi dəyərləndirildi. Diplomatik qələbə  yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açır. Beynəlxalq qurumların və dövlətlərin qəbul etdikləri qərar və qətnamələrdə  ölkəmizin mövqeyi dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi bildirilir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi, ən əsası bu mövqeyə dəstək olan dünyanın ikili siyasəti münaqişənin həlli prosesinin uzanmasına gətirib çıxarır. Yubiley mərasimində perspektivləri açıqlayan cənab İlham Əliyev bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır.”

Yeni Azərbaycan Partiyasının yubiley mərasimi müstəqil Azərbaycanın 25 illik zamanda qazandığı uğurlara, həmçinin perspektivlərə bir baxış oldu. 2003-cü ildə keçirilən andiçmə mərasimində “Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir” söyləyən cənab İlham Əliyev mərasimdə son 14 ilin uğurları fonunda  bu vədin konkret əməli işdə  təsdiqini tapdığını bir daha diqqətə çatdırdı.

Yeganə Əliyeva, “İki sahil”