06 noyabr 2017 23:46
1218

Azərbaycanda qqtisadi inkişafın yeni modeli formalaşır

Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatı Azərbaycanın bu hədəfinin bir daha təsdiqidir

“Azərbaycanda  iş yerlərinin yaradılması daimi prosesdir. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi  inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də  iş yerlərinin yaradılması daimi proses olmalıdır...Biz bundan sonra da çalışacağıq ki,  işsizliyi ən aşağı səviyyədə saxlayaq.” Dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkərək,  bu sahədə əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmənin vacibliyini  prioritet məsələ kimi qarşıya qoyur. Məhz bu  məqsədə çatmaq üçün atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhranın nəticələrini az hiss edən ölkədir. Ölkəmizin bu uğurunu beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyi də təsdiqləyir.  Məlumdur ki, Dünya Bankının yeni açıqladığı  “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında bildirilir ki, Azərbaycanda  inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində  dönüş yaradır. Bunu ölkəmizin  həmin hesabatda  ötən il tutduğu  65-ci yerdən 57-ci yerə yüksəlməsi bir daha təsdiqləyir.

Neft-qaz gəlirlərinin düzgün istiqamətləndirilməsi  qeyri-neft sektorunun inkişafı yönündə atılan davamlı addımlardan aydın görünür. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələri maliyyələşdirməklə neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini yüksək səviyyədə qoruyur. Məhz bu uğurlar Dövlət Neft Fondunu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilməsini şərtləndirir. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın idarəçilik sistemi, zamanın tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf konsepsiyasının daha da təkmilləşdirilməsi təqdir olunur.  Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə BTQ dəmir yolunun açılışı mərasimində  iştirakçısı və təşəbbüsçüsü olduğumuz enerji və nəqliyyat layihələrinin Azərbaycana qazandırdığı uğurları bir daha diqqətə çatdırdı.  İqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlara da geniş imkanlar açır.

“Biz sosialyönlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır və aparılacaq.  Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə  aztəminatlı ailələrin sosial müdafiəsi prioritetdir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq  əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.  İşsizlik və yoxsulluq problemlərinin həlli dövlət siyasətində əsas yer tutur. Cari ilin 9 ayında  paytaxt və  bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Belə ki, bu müddətdə  226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir.  Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, ölkəmizdə işsizlik və yoxsulluq  5 faiz səviyyəsindədir. 2004-cü ildən ötən dövr ərzində 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb.    Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin son - cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: “Qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram.”

“Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyası, eyni zamanda müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələri hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.  Qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün imkanlar  mövcuddur. Sahibkarlara dəstək davamlıdır. Regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan dövlət proqramları və onların uğurlu icrası qeyri-neft sektorunun inkişafına geniş yol açıb. Hazırda sahibkarlığın inkişafına xidmət edən biri-birindən əhəmiyyətli dövlət poqramları icra olunur, ölkə Prezidenti tərəfindən zəruri addımlar atılır. Məlumdur ki,  ölkə Prezidenti İlham Əliyev tərəfindən  19 oktyabr 2015-ci il tarixdə “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman imzalandı. Sənədə  əsasən  sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılması 2 illik müddətinə dayandırılmışdır.  Lakin ölkə Prezidentinin təşəbbüsü ilə  bu müddət artıq   2021-ci ilədək uzadıldı. Daim qeyd olunduğu kimi,  əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sitemində təkmilləşmə aparmaq mütləqdir. Əsas hədəf  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Antiinhisar tədbirlərinin gücləndirilməsi,  “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası, “ASAN” xidmətin fəaliyyəti və bu kimi  neçə-neçə əhəmiyyətli  fərman və sərəncamlar, həmçinin “ABAD” mərkəzlərin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan  sahibkarlığın inkşafına geniş yol açan mühüm addımlardandır. Ailə biznesinə asan dəstəyin yaradılması, hər bir ailənin istehsal etdiyi məhsullarla tanınması üçün onlara zəruri olan köməkliyin göstərilməsi eyni zamanda sosial müdafiənin gücləndirilməsinə xidmət edir. Məqsəd  təbii ki, iqtisadi imkanların genişlənməsi fonunda hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına nail olmaqdır. Məhz bu hədəf iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsinin formalaşdırılmasında da özünü göstərir. Belə ki, artıq Parlamentin ayrı-ayrı komitələrində müzakirə olunan 2018-ci ilin dövlət büdcəsi layihəsinə diqqət yetirdikdə sosialyönlülük diqqətdən kənarda qalmır. Layihədən göründüyü kimi,  sosialyönümlü  xərclərin xüsusi çəkisi 33,5 faiz olmaqla 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb. Bu, 2017-ci illə müqayisədə 147,9 milyon manat və ya 2,2 faiz çoxdur. Bu artımlar ölkəmizin iqtisadi imkanlarına əsaslanır ki, bunlar da öz növbəsində təkmil islahatları bir zərurətə çevirir.  Birinci mərhələdə, yəni müstəqilliyimizin ilk illərində yaşanan iqtisadi böhranın aradan qaldırılmasında  ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə vacib amilə çevrildi.  Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafını neft amili ilə bağlaması düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi idi. Artıq  son 14 ildə atılan addımlar neft kapitalının insan kapitalına çevrilməsinin zərurət olduğunu ortaya qoydu. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar enerji sektorundan asılılığı  minimuma endirir. Artıq ÜDM-də özəl bölmənin payı 75 faiz təşkil edir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Bütün bunlar ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatların nəticəsidir.

Yeganə Əliyeva, “İki sahil”