01 noyabr 2017 22:45
2321

Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda inamla irəliləyir

“Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə, müasir dövrün çağırışlarına uyğun reallaşdırdığı, milli maraqlarımızın ən ali norma prinsiplərini özündə ehtiva edən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, dövlətçilik mənafelərinin qorunmasını, onun dinamik inkişafını, sosial-iqtisadi tərəqqisini sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya birliyinə sürətli inteqrasiyasına böyük töhfələr verməkdədir.

Ölkə başçısının hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan Azərbaycanı  bütün dünyaya siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal  və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini  daim inkişaf etdirən,   bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirlər məkanı kimi tanıtdı, ona olan etimadı daha da möhkəmləndirdi.

Düşünülmüş şəkildə həyata keçirilən məqsədyönlü və ardıcıl xarici siyasət, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Qətiyyətlə demək olar ki, bu gün   respublikamızın iştirakı olmadan regionda hər hansı strateji layihənin uğur qazanması mümkün deyil.  Hazırda dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərini məhz ölkəmizdə keçirməyə üstünlük verirlər ki, bu da Azərbaycana dünya miqyasında olan inam və etibarın güclənməsindən irəli gəlir.

Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurları dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirirlər. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırıblar.   Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar,  o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri  əksini tapıb. Bir müddət əvvəl Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan bu il iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb.  140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır.

Bu günlərdə dünyanın nüfuzlu maliyyə və iqtisadi institutlarından olan “Dünya Bank”ı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Qeyd edək ki, Azərbaycana münasibətdə 2009-cu ildən sonra ilk dəfə 4 indikator üzrə islahat qeydə alınıb. Hesabatda  Azərbaycanın irəliləməsində əsas rolu ölkəmizin başçısının rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatlar, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanının tətbiqi nəticəsində iqtisadiyyatımızın mühüm sahələrində müsbət tendensiyalar nümayiş edilməsi mühüm rol oynayıb.

“Doing Business 2018” hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan 6 indikator üzrə- elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer) öz əksini tapıb. Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib,  ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi ciddi şəkildə artıb. İqtisadiyyatın modernləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb. Ölkəmizin ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar  tərəfindən ciddi təhlil edilib və Azərbaycan “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub. Sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi bütövlükdə xalqın maddi rifah halının yaxşılaşdırlmasına ciddi təkan verib. Ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”  uğurla icra olunub. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafını sürətləndirmək məqsədilə dövlət başçısının imzaladığı  Fərman və sərəncamlar, təsdiq etdiyi inkişaf proqramları makroiqtisadi sabitliyin təmin olunmasında, ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının minimuma endirilməsində mühüm rol oynayıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin etmək, rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatını əsaslı inkişaf etdirmək istiqamətində unukal addımlar atılır.

Görülən işlər,  həyata keçirilən tədbirlər sayəsində 2017-ci ilin doqquz ayında  bütün sahələrdə hərtərəfli və dinamik inkişaf təmin edilib,  respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri sənədində bu sahəyə xüsusi diqqət yetirilib və çoxsaylı tədbirlər müəyyən edilib. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına  subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Məhz bunların nəticəsində cari ilin ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sektorunun sənaye hissəsin 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Bu ilin doqquz ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollara çatıb.

 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizin başçısı bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.

Prezident İlham Əliyev bildirir ki, əldə edilən bütün  nailiyyətlər  gələcəyə çox böyük nikbinliklə baxmağa imkan verir: “Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir. İlin sonuna qədər qalan işlər də görüləcək. Əminəm ki, gələn il daha da yaxşı iqtisadi göstəricilərimiz olacaqdır. Bu ilin göstəriciləri də çox müsbətdir. İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasətlə, iqtisadi siyasətlə bağlı bütün istiqamətlər üzrə çox gözəl nəticələr var. Bu, bir daha bizim düzgün yolda olmağımızı göstərir.

Qətiyyətlə demək olar ki, dünyanın  ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Şübhəsiz, ölkəmizin reytinqinin yaxşılaşması Azərbaycana beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsinə, nüfuzunun daha da güclənməsinə, ölkəmizə investisiya axınının çoxalmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasına, qeyri-neft ixracının genişlənməsinə, yeni iş yerləri açılmasına, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir edəcəkdir.

Zahid Rza, “İki sahil”