30 oktyabr 2017 23:56
821

Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük

“Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.”

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın davamlı uğurlarını şərtləndirən əsas amillər sırasında iqtisadi müstəqilliyi xüsusi qeyd edir. Məhz 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasını qoydu. Neft-qaz gəlirlərinin istifadəsində şəffaflığın qorunması məqsədilə yaradılan Dövlət Neft Fondunun 2017-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən aktivlərinin həcmi 36020,0 mln dollardır. Bu vəsaitlər hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Bu layihələrdən biri yaxın günlərdə istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir. BTQ-yə ayrılan vəsait 569,1 mln. manatdır. Öz iqtisadi əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan bu dəmir yolu layihəsinin gerçəkləşdirilməsi də Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. İqtisadi imkanların genişlənməsi iştirakçısı və təşəbbüsçüsü olduğumuz layihələrin gerçəkləşdirilməsini daha da sürətləndirir.  Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən qarşıdakı illərdə neft-qaz layihələrinin uğurlu icrasından dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq.

Nəzərə alsaq ki, dövlət büdcəsi iqtisadiyyatın aynasıdır. dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında  bildirir ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha üstün olmalıdır. Məlum olduğu kimi,  artıq 2018-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan  digər məsələlər Milli Məclisə təqdim olunub.  Yaxın zamanlarda  parlamentin komitə iclaslarında sənədlərin müzakirəsinə başlanılacaq. Qeyd edək ki,  2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da  2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat, yaxud 20 faiz çoxdur.  2018-ci ilin dövlət büdcəsinin xərcləri 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır. Bu, 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz çoxdur. Qardışakı ildə də  dövlət büdcəsi sosialyönümlülüyü prioritet olacaq. Dövlətin həyata keçirdiyi siyasətin önündə vətəndaş amilinin dayandığını nəzərə alsaq, sosial müdafiənin gücləndirilməsi istiqamətində davamlı addımların atılacağı inkaredilməzdir.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında sosial-iqtisadi göstəricilərin insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bəyan edir.  Bütün dövrlər üçün aktuallığını qoruyan işsizlik və yoxsulluq problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Təkcə cari ilin doqquz ayında həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Ölkə Prezidenti bildirir:  “Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik.” 

 “Biz işləri planlı şəkildə görürük-ilk mərhələdə infrastruktur layihələri, yol, elektrik stansiyaları, ondan sonra sosial infrastruktur, məktəblər, içməli su, ondan sonra iş yerləri, kreditlər, kənd təsərrüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Təkcə tarixi abidələri seyr etmək üçün gəlmir, o cümlədən ona görə gəlir ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var. Bu şəraiti bax biz yaradırıq, siz burada yaradırsınız. Mən Prezident kimi çalışıram ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər daha da yaxşı getsin.” Prezident İlham Əliyevin bölgələrə davamlı səfərləri, ictimaiyyət nümayəndələri ilə görüşləri, Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olması qarşıya qoyulan məqsədə- qeyri-neft sektorunun inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyev hər zaman bildirir ki,  biz daim irəliyə baxmalıyıq: “Harada qüsurlar, çatışmazlıqlar varsa, biz onları  aradan götürməliyik və inkişafımızı təmin etməliyik.”

Bugünkü uğurlarımıza söykənərək bu əminlik də ifadə olunur ki,  fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqətin yönəldilməsi, bununla bağlı dövlətimizin başçısı İlham Əliyevin sərdliyi ilə müşavirələrin keçirilməsi və prioritetlərin açıqlanması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

Dövlət proqramlarının icrasına başlanıldığı vaxtdan, yəni 2004-cü ildən bu günə qədər  1,43 milyonu daimi olmaqla 1,9 milyondan artıq yeni iş yeri açılıb.  Daimi  iş yerlərinin 67,5 faizi regmonların payına düşür.  Cənab İlham Əliyev bildirir: “Birinci proqramdan sonra əsas infrastruktur layihələri icra edildi. Mən çox şadam ki, biz bunu qısa müddət ərzində etdik. Mən həmişə çalışırdım ki, biz bunları vaxt itirmədən edək. Çünki bu, ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruridir. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Bu, bizim ölkəmizi böyük dərəcədə gücləndirmişdir, elə bir imkan yaratmışdır ki, bu gün Azərbaycanda istənilən sahəyə investisiya qoymaq istəyən qurumlar fəallaşır.”

İqtisadi islahatların davamlılığı, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi fonunda ölkəmizin  iqtisadi qüdrətinin artması maliyyə imkanlarının genişlənməsi ilə müşaiyət olunur. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan  sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atılır və  bunun nəticəsi olaraq  ümumi daxili məhsulda özəl bölmənin payı 75 faizdən çox təşkil edir. Sahibkarlara güzəştli kreditlər verilir.  Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Məşğulluğun artırılması məqsədilə regionlarda  ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın  və digər sahələrin  inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür. Pambıqçılığın inkişafı məsələlərinə həsr olunan  müşavirədə cənab İlham Əliyev bildirmişdir: “Bizim uğurlu  iqtisadi siyasətimiz, regionların inkşafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib edilib, onlar dərc olunub. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret  proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik.” Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması  ilə ölkə  iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması,  ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin,  iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi, sahibkarlığın inkişafına diqqətin artırılması,  iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin sürətləndirilməsinə   yönəlmiş  islahatlardandır.  Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər davamlıdır. Reallıq budur ki,  Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın dayanıqlı  inkişafına, bir sektordan - neft-qaz sektorundan asılı olmamasına imkan verir. Cənab İlham Əliyev bildirir: “Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Hər bir rayon üzrə potensial imkanlar realizə edilməlidir və ediləcək.”

Yeganə Əliyeva, “İki sahil”