27 oktyabr 2017 14:08
947

Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir

Avropa ilə Asiyanın arasında körpü rolunu oynayan, regional və qlobal layihələrin müəllifi və uğurlu icraçısı olmaqla  bölgədə  yeni əməkdaşlıq platforması yaradan Azərbaycan geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin, eləcə də İpək Yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına böyük töhfələr verməkdədir.

Hazırda ölkəmiz Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Aparılan genişmiqyaslı quruculuq işlərinin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdirilir. Həmçinin 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı əhəmiyyətli dərəcədə qısalacaq.

2017-ci il yanvarın 19-da Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasındakı çıxışında  Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda qət etməyin mümkün olacağını diqqətə çatdırıb. Dövlətimizin başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirib, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini xüsusilə vurğulayıb: “Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynayıb. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutun müddətini mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq”.

Bundan başqa, ölkəmizin başçısı Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə  nəqliyyat sahəsində regional və ya qitə səviyyəsində əməkdaşlıq olmasa,  heç bir uğur qazanmağın mümkün olmayacağını bir daha diqqətə çatdırmışdı: “Buna görə də bizim hədəfimiz Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir. “Şərq-Qərb” nəqliyyat dəhlizi tezliklə fəaliyyət göstərəcək. Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qərbə doğru gedir və bu yol da Azərbaycan ərazisindən keçir və Azərbaycan buraya da sərmayə yatırıb. Bu, əlbəttə ki, bizə qeyri-neft sektorundan gələcəkdə daha çox pul qazanmaq imkanı verəcək”.

  Bu layihələrin uğurla reallaşdırılmasının nəticəsində bu ilin 9 ayı ərzində Azərbaycan və Qazaxıstan arasında dəmir yolu vasitəsilə yükdaşımaların həcmi 1,5 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146% çoxdur. Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyi yanında Nəqliyyat Komitəsindən bildiriblər ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə salındıqdan sonra Çindən gələn və Qazaxıstan ərazisindən keçən yükün həcmi böyük dərəcədə artacaq. Aparılan təhlillərə və proqnozlara görə, 2020-ci ildə Şərq-Qərb istiqaməti üzrə daşınmaların 5 dəfə artacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışından sonra Bakıdan ilk qatar yola çıxaraq Tbilisidən keçməklə Qarsa çatacaq. Yeni açılacaq dəmir yolu xətti, Pekindən Londonadək uzanan yolu tamamlayacaq, Asiya və Avropa arasında yükdaşımaların müddətinin mövcud 2 aydan, 15 günədək azalmasına səbəb olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilkin dövrdə illik 6,6 milyon ton yük daşınacaq. Gələcəkdə bu rəqəmin 50 milyon tona çatacağı proqnozlaşdırılır.

Zahid Rza, “İki sahil”