06 sentyabr 2017 00:12
908

Naxçıvandan başlanan milli iqtisadi inkişaf

Naxçıvan Muxtar Respublikası ölkəmizin taleyində, sosial-iqtisadi ikişafında, mədəni-hüquqi həyatında və respublikamızın hərtərəfli inkişafını təmin edəcək digər sahələrdə müstəsna əhəmiyyətə malik ərazi olmuşdur. Xüsusən, müasir müstəqillik illərində bu özünü daha aktual olaraq göstərmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikasının müstəqillik yollarında atdığı addımlar özünün keşməkeşliyi ilə yaddaşımızda qalıb.

Həmin dövrdə Azərbayan Respublikasının bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhlükəli vəziyyət hökm sürürdü. Taleyin muxtar respublikamızın və onun əhalisinin üzünə gülməsinin ifadəsidir ki, bu dövrdə görkəmli dövlət xadimi, qətiyyətli siyasətçi, güclü şəxsiyyət, milyonların sevimlisi böyük Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçildi və bu tarix, yəni 1991-ci ilin 3 sentyabr günü ən iftixarlı gün kimi yaddaşlara həkk edildi.

3 sentyabr təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, eyni zamanda, bütövlükdə Azərbaycan Respublikasının tarixi taleyində özünün çox böyük əlamətdarlığı ilə xatırlanmaqdadır. Çünki bu tarix ölkəmizin düşdüyü makroiqtisadi, siyasi və sosial sıxıntıların aradan qaldırılmasına təsirli mesaj oldu və həmin gündən bütövlükdə ölkəmizin hərtərəfli inkişafına yol açacaq istiqamətlər müəyyən edilməyə başlandı.

Azərbaycanı daxildən parçalamaq istəyənlər və buna xaricdən təkan olmaq istəyən qüvvələrin planları bu günün və Heydər Əliyev böyük adının qarşısında aciz olduqlarını dərk etməyə başladılar. 3 sentyabr tarixi:

- Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən qorudu. Hər an ola biləcək işğal ehtimalı sıfıra bərabər oldu. Şəxsən mənim yadımdadır ki, yaşadığım Culfa rayonunun Saltaq kəndinin mədəniyyət evinin qarşısında həmin dövrlərdə yük maşınları hara gedəcəklərini bilmədən köçəcək əhalinin evlərini tərk etmələrini gözləyirdilər və bu vəziyyət muxtar respublikanın hər bir kəndində var idi. Yalnız böyük Heydər Əlyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçilməsi ilə həmin təhlükə aradan qalxdı və hər kəs öz evində, özü torpağında, öz vətənində yaşadı, əkdi, becərdi, Vətənimizin sadiq daşına çevrildi, iftixarlı vətəndaş oldu. Təbii ki, Azərbaycan vətəndaşı adını daşımaq hər birimizin qüruruna və həyat amalına çevrildi;

- insanlarda psixoloji gərginliyi aradan qaldıraraq, onlarda elə, obaya, dövlətə, xalqa etibar, inam və güvən yaratdı. Hər bir Naxçıvan sakini böyük Heydər Əliyevin öz övladlarından seçmədiyi doğma münasibətlərlə əhatə olundu, qorundu və yaşadıldı;

- iqtisadi inkişafa doğru yol açdı. Böyük Heydər Əliyev Naxçıvan sakinləri ilə əl-ələ verərək, onlarla birgə müasir iqtisadi şəraitin tələb və qanunlarından irəli gələn şəraitin təmin edilməsinə elə birgə də əmək sərf etdilər. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi blokada vəziyyətinin təsirlərinin məhdudlaşması əsasında iqtisadiyyatın dirçəldilməsini, bazar iqtisadiyyatına əsaslanan inkişaf səviyyəsinin təmin edilməsini, əhalinin firəvanlığını, məskunlaşmasını, məşğulluğunu, elm, təhsil, mədəniyyət, səhiyyə, bir sözlə, iqtisadiyyatın sahə strukturunun inkişafını stimullaşdıracaq iqtisadi-hüquqi mexanizmləri səfərbər etdi;

- siyasi əminamanlıq yaratdı. Dövlət öz vətəndaşının qayğısına qaldı, ərazi bütövlüyünün təmin edilməsi sahəsində qətiyyətli mövqe ortaya qoydu. Ölkə başçısı cənab İlham Əliyevin yüksək təcrübəyə və güclü humanistliyə söykənərək bəyan etdiyi kimi, rəhbərin xalqın xidmətçisi olması təşəbbüsünün əsasları təmin edildi. İnsanların hüquq və azadlıqlarına dövlətin dəstəyi hər addımda özünü göstərdi;

- hərbi əminamanlıq təmin edildi. Naxçıvan Muxtar Respublikasında Milli Ordu quruculuğu və ümumi mənada Silahlı Qüvvələrin təşkilatlanması istiqamətində uğurlu tədbirlər həyata keçirildi. Orduda yaradılan sağlam xidmət şəraiti ərazi bütövlüyümüzün daha da etibarlılığını təmin etdi;

- müasir iqtisadi şəraitə xas islahatların başladılması, iqtisadi hadisə və proseslərin gələcək perspektivlərinin bu islahatların verəcəyi əsaslarla təmin edilməsi, yeni təsərrüfat subyektlərinin yaradılması və fəaliyyətinin tənzimlənməsi, bu sahədəki proseslərin təşkili və idarə olunması, milli iqtisadiyyatın sektorlar üzrə dayanıqlı inkişafı, şaxələndirilməsi və dünya iqtisadiyyatına inteqrasiyası məsələlərinə dövlət siyasətinin mühüm tərkib hissəsi kimi baxıldı. Ulu öndər Heydər Əliyevin başlatdığı yeni iqtisadi siyasət sadalanan amillərin hər biri üçün qətiyyətli bazaya çevrildi. Həmin dövrlərdə, xüsusən də 6 aprel 1992-ci il tarixdə qəbul etdiyi “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında” qərar və rentabelsiz işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflər bütövlükdə Azərbaycan dövlətinin yeni iqtisadi siyasətinin müəyyənləşdirilməsinə əhəmiyyətli şərait yaradan mühüm addımlar idi.

Bunlar da məhz 3 sentyabr tarixinin bəxş etdiyi nailiyyətlərin sadəcə biridir.

Müasir dövrün və yeni iqtisadi şəraitin tələbləri əsasında iqtisadiyyatın inkişaf istiqamətləri elə quruldu ki, bu, həm kolxozların, həm də sovxozların elmi və təcrübi mahiyyətini, fəaliyyət prinsiplərini, məhsuldarlıq səviyyəsini, güclü sosial faydalılıq və dayanqlılıq mexanizmlərini özündə əks etdirən və ancaq bazar iqtisadiyyatı şəraitində rəvan addımlayacaq idarəetmə strukturunu formalaşdırmaq mümkün olsun.

Yuxarıda adı çəkilən qərar və təkliflərdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının yeni iqtisadi şəraitə uyğun qurulması, onun təsərrüfat subyektlərinin yeni idarəetmə mexanizmləri ilə təşkilatlanması, istehsal (iqtisadi) münasibətlərinin bazar qanunları əsasında təşəkkülü və digər strateji məsələlər öz əhatəli əksini tapmışdır. Məsələn, qərarda müvafiq strukturlar qarşısında həllivacib bir sıra tədbirlərin həyata keçirilməsi üçün vəzifələr nəzərdə tutuldu ki, bunları da aşağıdakı kimi ifadə edə bilərik:

- muxtar respublikada zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması;

- iqtisadi islahatların mütəşəkkilliyi, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun başa çatdırılmasının zəruriliyi;

- özəlləşdirmənin yerli şəraitə uyğun həyata keçirilməsi, islahatın təşkilati, hüquqi, texniki məsələlərinin həlli üçün mütəxəssislərin yerlərə göndərilməsinin təmin edilməsi;

- zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi ilə yaradılan şəxsi təsərrüfatlara əməli köməklik məqsədilə toxum, gübrə, maşın-mexanizmlərin və s. lazım olan maddi-texniki avadanlıqların ayrılması;

- islahatların mahiyyətinin əhaliyə çatdırılması məqsədilə KİV-in imkanlarından yüksək səviyyədə yararlanmaq və digər məsələlərin məqsədyönlülüyünü, uzaq gələcək üçün səmərəliliyi, perspektivliyi və yüksək potensiallığının təmin edilməsi istiqamətində bir sıra zəruri tədbirlər.

Göstərilən dövrdə islahatların keçirilməsi özünü həm də gerçək fəaliyyətin bir parçasına çevirdi. Bu, muxtar respublikanın müasir iqtisadi şəraitdə, ümumilikdə, Azərbyacan Respublikası miqyasındakı çevik tədbirlər həyata keçirə bilmə sahəsindəki uğuru idi. Böyük Heydər Əliyev həm iqtisadi, həm də hüquqi tənzimləmələrlə uzaq gələcək üçün iqtisadi şəraitin əsaslarını müəyyən etmiş oldu. Həyata keçirilən tədbirlərin təkanverici qüvvəsi olaraq 1992-ci ildə Ulu Öndərin Ali Məclisin Sədri kimi Culfa rayonunun “Azərbaycan” sovxozunda heyvandarlıq sahəsində həyata keçirilmiş islahatların ölkəmiz üzrə ilk təcrübə kimi çox yüksək əhəmiyyəti oldu.

İslahatların keçirilməsi, iqtisadiyyatın bir formasiyadan başqasına keçid etməsi, bu əsasda şaxələndirilməsi məsələləri qətiyyətli iqtisadi və hüquqi əsaslar tələb etməkdə idi. Bu məqsədlə də islahatların çevikliyinin dövrün aktual problemlərinin həllinə düzgün yönləndirilməsinin təmin edilməsi istiqamətində davamlı fəaliyyətin əsası qoyuldu. Qəbul edilmiş təkliflərdən ibarət ikinci qərarda da elə məhz islahatların davamlılığı və yeni təsərrüfat formalarının yaradılması məqsədilə aşağıdakılar məqsədəuyğun hesab edilirdi:

- islahatı aparılmış kolxoz və sovxozların mal-qarasının zəruri olan halda kolxoz üzvlərinə, sovxoz fəhlələrinə və ya kənd sakinlərinə satılması;

- ictimai mal-qaranın satılması məsələlərində kolxoz və sovxozların təkliflərinin və digər tənzimləyici tərəflərin qərarlarının da nəzərə alınması.

- Nəzərdə tutulurdu ki, mal-qara kolxoz üzvlərinə, sovxoz fəhlələrinə və ya kənd sakinlərinə balans dəyərindən 5 dəfədən az olmamaq şərti ilə satıla bilər və s.

Yəni, müasir müstəqillik dövründə 3 sentyabr tarixinin önəmi özünü milli dövlətçilik siyasətinin müəyyənləşdirilməsində, iqtisadi inkişafın təminatında və sosial dayanıqlığın gücləndirilməsində daha da bariz şəkildə göstərməkdədir. Nəzərə alsaq ki, böyük Heydər Əliyevin ölkəmizə ikinci dəfə tarixi Qayıdışı Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövrlərində tarixə düşdü, onda 3 sentyabrın ümumilikdə, ölkəmizin milli, iqtisadi, sosial, hərbi, mədəni və digər sahələr üzrə sıxıntılardan xilas olmasının başlanğıc tarixi olduğunu tərəddüd etmədən qeyd edə bilərik. Eyni zamanda 3 sentyabr sonrakı dövrlərdə böyük şəxsiyyətin fəaliyyəti ilə bağlı olmaqla, 1993-cü ilin 9 iyunu, 15 iyunu, 3 oktyabrı ilə ifadə olunan ölkəmiz miqyasındakı rəhbərlik fəaliyyətinin, 1994-cü ilin 12 may atəşkəs rejimi ilə başlanan xilaskarlıq missiyasının, 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” ilə neft sektorunun, 1995-ci ilin 18 fevralı ilə start verilən aqrar islahatlarla qeyri-neft sektorunun inkişafı istiqamətlərinin gerçək ifadəsi və s. kimi əlamətdar hadisələrlə milli iqtisadiyyatın təməl prinsiplərini təşkil etdi.

Qeyd olunan dövrdən başlayaraq, iqtisadiyyatın bazar münasibətlərinin tələblərinə xas idarə edilməsinə, islahatların kəndlinin torpaqla bağlı münasibətlərinə inam və stimul verəcək şəkildə yönləndirilməsinə, yeni təsərrüfat formalarının yaradılmasına, onların fəaliyyətinin səmərəli təşkilinə ciddi diqqət göstərilərək yeni mərhələnin əsasları qoyuldu. Arasıkəsilməz proseslərin ardıcıllığı, inkişafyönümlü hadisələrin əlaqəliliyi, stimullaşdırıcı tədbirlərin məqsədyönlülüyü Naxçıvan Muxtar Respublikasının makroiqtisadi potensialına yeni güc qatırdı.

3 sentyabr tarixi ilə başlanan böyük siyasət ötən əsrin 90-cı illərinin əvvəllərindən ölkəmizin yeni iqtisadi mərhələyə - bazar iqtisadiyyatına qədəm qoymasına imkanlar açdı. Müasir dövrün yenilikləri, çağırışları, tələbləri əsasında müəyyən olunması nəzərdə tutulan iqtisadi şərait həm də dövlətin yeni iqtisadi siyasətinin formalaşdırılmasını şərtləndirirdi.

Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan MR dövründə əsasları qoyulan müasir milli iqtisadi islahatlar özünün yüksək mahiyyəti ilə bir çox perspektivlərin yolunu açırdı ki, onlar da aşağıdakılarla ifadə edilə bilər:

1. əvvəla, hətta MDB regionu üçün qətiyyətli və nümunəvi addım idi. Keçmiş SSRİ-yə aid olan digər respublikalar üçün müasir müstəqillik illərində sadəcə islahatların Naxçıvan modelindən istifadə etməyin qənaətbəxş olması ilə;

2. çoxnövlü mülkiyyət növlərinin təsis edilməsinə əlverişli zəmin yaratmaqla, iqtisadi proseslərin bu yöndə tənzimlənməsinin təmin edilməsilə;

3. gerçək olaraq bütün iqtisadi vasitələrin səfərbər edilməsi ilə iqtisadiyyatın sahə strukturunun bazar qanunları əsasında inkişafının təmin olunması ilə;

4. təsərrüfatçılığın bütün mümkün formalarının makroiqtisadi proseslərin təkanverici qüvvəsi olmaq etibarı ilə təşkilatlanmasına ciddi diqqət göstərilməsilə;

5. bütövlükdə, iqtisadiyyatın güclü təminat qabiliyyətinə malik mexanizm kimi formalaşdırılması ilə və s.

Təbii ki, bu amillə də Naxçıvan Muxtar Respublikası iqtisadi islahatların beşiyi kimi tarixə düşmüşdür. Çünki aqrar islahatlar ümumilikdə ölkəmizin yeni iqtisadi münasibətlərinin formalaşması və inkişafında xüsusi önəm daşımaqdadır.

Beləliklə, 3 sentyabr tarixinin yüksək regional, milli və hətta beynəlxalq mahiyyəti çox yüksəkdir. Bu, ayrılıqda hər bir sakinin, bütövlükdə isə xalqımızın və dövlətimizin həm də xilaskarlıq tarixinin ən gerçək təsdiqidir.

Cavadxan Qasımov,

İqtisad üzrə fəlsəfə doktoru, dosent