31 avqust 2017 23:54
1622

Azərbaycanın müstəqilliyinin əbədiyyət tarixi

“Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində  müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev  öz müdrik siyasəti, dönməz əqidəsi  və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına  nail olmuşdur" söyləyən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində  Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında  etibarlı  körpü  rolunu oynamağa  başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə  çevrilmişdir.

Uğurlara aparan yol isə o qədər, çətin, məsuliyyətli olmuşdur ki, bu xaosda ölkəsinin düyünə düşmüş taleyini yalnız Heydər Əliyev kimi dahilər aça bilərdi.

...Respublikamıza rəhbərliyinin ilk mərhələsində ölkəmizi Sovet İttifaqının qabaqcıl diyarına çevirən Ulu Öndərin istedadı, dövlətçilik təcrübəsi, el arasında qazandığı hörmətdən ehtiyatlanan Kremldəki "başbilən" qaragüruhçular Heydər Əliyevi əsassız olaraq vəzifələrindən kənarlaşdırdılar. O günləri xatırlayan cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi: "Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni, Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyillər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyillərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı."

Bu cür təxribatların davamı olaraq Qanlı Yanvar cinayəti, Sumqayıt hadisələri törədildi. Günahsız insanlar qətlə yetirildi. Təqaüdçü kimi hələ də Moskvada yaşayan, müəyyən təzyiqlərə məruz qalan Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayət adlandıraraq dərhal öz haqq səsini ucaltdı. "Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir. Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir" söyləyən cənab İlham Əliyev əlavə olaraq bildirir ki, Ulu Öndərə qarşı təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası daha da gücləndi. Moskvada yaşamağın təhlükəli olduğunu hiss edən Ulu Öndər Bakıya qayıtsa da qurub-yaratdığı Vətənində ona yaşamağa imkan vermədilər.

Belə nankorluqla qarşılaşan Ulu Öndər məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illərin çətinliyinə birgə dözdü. Naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O dövr Azərbaycanın müstəqilliyi üçün həlledici idi.

...1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan Azərbaycan siyasi, iqtisadi böhran içərisində idi. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş müharibəsi başlamışdı. Torpaqlarımız, o cümlədən Şuşa, Laçın, Kəlbəcərin işğalı ilə Dağlıq Qarabağın təcavüzkar Ermənistana coğrafi bağlılığı yarandı. O zamanlarda Naxçıvanda yaşayan və hadisələri siyasi, dövlətçilik təcrübəsi ilə izləyən Ulu Öndər bütün Azərbaycanın taleyi üçün narahat idi. Bu çətinliklərə baxmayaraq ölkəyə başçılıq edənlərin muxtar respublikaya ögey münasibəti, ulu öndər Heydər Əliyevə olan qısqanclığı vəziyyəti daha da çətinləşdirirdi. Çünki fərdi deputat, təcrübəli dövlət xadimi kimi sessiyyalarda iştirak edən ulu öndər Heydər Əliyevin müstəqilliyə aparan təklifləri bütün Azərbaycan xalqı tərəfindən dəstəklənir, Ümummilli Liderə olan xalq məhəbbəti iqtidarsız iqtidarları təşvişə salırdı.

17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin iclasına ağsaqqal kimi sədrlik edən Heydər Əliyev müstəqillik naminə ilk xidmətlərini göstərdi. "Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" söyləməklə, illərdən bəri həyata keçirmək istədiyi arzularını fəaliyyəti ilə reallaşdırdı. Həmin sessiyada Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının , himn və gerbinin bərpası barədə qərar qəbul olundu. Naxçıvanın özünün hər an Ermənistanın təcavüzünə məruz qaldığı bir zamanda xalq düzgün seçimini etdi.

3 sentyabr 1991-ci ildə keçirilən sessiyada təcrübəli dövlət xadimi Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu tarixi ölkəmizin müstəqilliyinin əbədiliyinə aparan yolun başlanğıcı adlandıranların sözlərində böyük həqiqət var.

Azərbaycanın taleyində özünəməxsusluğu ilə seçilən həmin tarixi günün məsuliyyətini "Çox böyük əziyyət və mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim" sözləri ilə bildirən , yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə deputatların, binanın qarşısında, ətrafında toplaşan naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək xalqın ağır günündə qaçmaq onların ümidlərini qırmaq deməkdir. Taleyini xalqa tapşıran, ən çətin günlərdə xalqla bir olan Ulu Öndərin Azərbaycanın memarı adlandırılması təsadüfi deyil. Xalq bütün dövrlərdə ümummilli lider Heydər Əliyevə sevgisini, inam və hörmətini ifadə etməkdə yanılmamışdır.

Onun Naxçıvan MR Ali Məclisinə Sədr seçildiyi gün təkcə muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı.

Uzaqgörən siyasi xadim yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki çətindir, hətta mümkünsüzdür. İmzaladığı əhəmiyyətli sərəncamlarla Azərbaycanın suverenliyini təsdiqləyən məsələlərinin həllini sürətləndirdi. Naxçıvanda işləyərkən 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən oyunlardan xəbərdar olan uzaqgörən siyasətçi "İttifaq müqaviləsini" Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. "Yenidənqurma" oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O, "nəticə" ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini "bəxş etdi." Yalan, saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan Kommunist Partiyasına etirazını onun sıralarından istefa verməklə bildirən, demokratiya tərəfdarı olduğunu sonrakı fəaliyyəti ilə də təsdiqləyən Ulu Öndər vurğulayırdı ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz.

Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərar qəbul olundu. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan xidmət 150 ildən artıq bir müddətdə "sərhədlərimizi qoruyan" SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş motoatıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərarın qəbulu oldu. Azərbaycanda "qızıl ordu" hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu.

Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri kimi Azərbaycan naminə xidmətlərindən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün "Ümid" körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Azərbaycanın ictimai- siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyinə böyük ümidlər vəd edən Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndərin şəxsi nüfuzunun nəticəsi kimi ilk gündən YAP-ın ətrafına yüz minlərlə insan toplandı.

1992-ci ildə hakimiyyətdə olan və səriştəsiz rəhbərlikləri üzündən Azərbaycanı uçuruma aparan, Naxçıvanda dövlət çevrilişinə cəhd edən AXC-Müsavat iqtidarındakı bəylərin "unitar dövlətdə muxtariyyat ola bilməz" kimi səhv ideyalarına Ulu Öndər "Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram" sözləri və xalqla həmrəyliyi ilə tutarlı cavab verdi. Təcrübəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan torpağının itirilməsi demək idi. Məhz onun rəhbərliyi ilə sonradan Azərbaycanın bütün rayonlarında tətbiq olunan rentabelli işləməyən kolxoz və sovxozların, torpaqların özəlləşdirilməsi kimi aqrar islahatların təməli qoyuldu.

1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya gələn Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı inkişaf yolu ilə irəliyə apardı. Xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyev perspektivləri bu cür müəyyənləşdirirdi: "Dövlət müstəqilliyini möhkəmləndirmək, suveren dövlət yaratmaq və inkişaf etdirmək, ərazi bütövlüyünü təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam." 1994-1995-ci illərdə xarici qüvvələrin təhriki ilə törədilən Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısını müdrik siyasəti və xalqla həmrəyliyi ilə alan Heydər Əliyev bir daha müstəqilliyimizi qorudu. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın islahatlar ölkəsi adlandırılması da Heydər Əliyev ideyalarının gerçəkləşməsinin təzahürüdür. Son illərdə Prezident İlham Əliyevin davam etdirdiyi siyasət, bölgələrdə aparılan yenidənqurma işləri və həyata keçirilən islahatlar da göstərdi ki, ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda təməli qoyulmuş milli iqtisadi inkişaf modeli alternativsizdir.

Xuraman İsmayılqızı, “İki sahil”