30 avqust 2017 14:50
979

Yeni istehsal sahələri əhalinin məşğulluq səviyyəsini artırır

“Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bu məqsədin sadəcə bir niyyət, istək olmadığını təsdiqləyir. Yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin açılması yerli tələbatı ödəməklə yanaşı, bir sıra istiqamətlərdə ixrac potensialını artırmağa şərait yaradır. Bir sözlə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi istiqamətində görülən işlər öz müsbət nəticəsini verir.

Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə bir-birindən əhəmiyyətli fərman və sərəncamlar imzalayan, Dövlət proqramlarını təsdiqləyən ölkə Prezidenti İlham Əliyev irəli sürülən təşəbbüslərin xalq tərəfindən  dəstəklənməsini uğurları şərtləndirən amillərdən biri kimi qeyd edir. Hər addımda özünə diqqətin və qayğının şahidi olan ölkə ictimaiyyəti məmnunluğunu ifadə edir. Cənab İlham Əliyevin regionlara təkcə son səfərlərinə diqqət yetirmək kifayətdir ki, insan amilinə verilən dəyərin şahidi olasan. Dövlət başçısının Balakən, Zaqatala, Qax, Samux, Göygöl, Şəmkir və Gədəbəy rayonlarına səfərləri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Təbii ki, yeni obyektlərin açılışı yeni iş yeri, eyni zamanda əhalinin məşğulluğunun təmin olunması deməkdir. Məsələn, Gədəbəy limonad zavodunun açılışında bildirilmişdir ki, hazırda müəssisədə 25 nəfər çalışır və gələcəkdə istehsalın artırılması hesabına işçilərin sayının 50-yə çatdırılması nəzərdə tutulub. Eyni fikirlər digər müəssisələrlə bağlı da söylənilmişdir. Yeni iş yerlərinin yaradılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardandır. Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunları ilə bağlı iclasında açıqlanan rəqəmlər də özəl bölmənin inkişafına diqqət və qayğıya bir daha işıq salır.

Dövlət başçısı İlham Əlyevin imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq qeyri-neft sektorunun inkişafı və əlverişli biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür, beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verilir. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı şəffaflığın təminatında əhəmiyyətli rol oynayır. Bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollara yaxın investisiyanın qoyulması, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlərin verilməsi bu inkişaf sayəsində mümkün olmuşdur. Əsas hədəflərdən biri bütün istehlak sahələri üzrə əhalinin tələbatının 100 faiz təmin edilməsi, rəqabətqabiliyyətli yerli istehsalın keyfiyyətinin yaxşılaşdırılması, xarici bazarlarda ixrac təmayüllü Azərbaycan brendli məhsulların sayını artırmaqdır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, “Made in Azerbaijan” brendi dünyada şöhrət qazanıb,  Azərbaycan brendi dünyada təbliğ edilir. Ölkəmizdə ixracın təşviqi sistemi yaradılıb, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır.

Bu gün kənd təsərrüfatının ənənəvi sahələrinin - pambıqçılığın, tütünçülüyün, baramaçılığın, çayçılığın inkişafına diqqətin artırılması da əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayan addımlardandır. Adları çəkilən sahələrin gəlirli olduğunu önə çəkən dövlətimizin başçısı bu inamı da ifadə edir ki, biz hazır məhsulu dünya bazarlarına çıxaracağıq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin, həmçinin “ABAD” publik hüquqi şəxsin yaradılması da sahibkarlığın inkişafına, əhalinin məşğulluğunun təminatına xidmət edir. Azərbaycan brendi, məhsulu və ixtirası olan “ASAN xidmət”  İKT sahəsində əldə olunmuş ən müasir texnologiya, yenilikdir. Korrupsiya və rüşvətxorlğa qarşı mubarizədə ən etibarlı vasitə kimi özünü doğruldan “ASAN xidmət” mərkəzlərinə 16 milyon 500 min müraciətin olunması da bu yeniliyin dəstəklənməsidir.

Dövlət başçısı İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından, eyni zamanda 23 sentyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası məşğulluq probleminin həllinə müsbət təsir göstərməklə  ailə təsərrüfatlarına böyük dəstəkdir. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. “ABAD” öz dəstəyini göstərməklə hər bir ailənin məhsulunun bazarlarda öz adı ilə tanınacağını stimullaşdıracaq. “ABAD”ın “sakinlərinin” öz adları uğrunda aparacaqları mübarizə sağlam rəqabətə öz müsbət təsirini göstərəcək. Yaxın zamanlarda supermaketlər şəbəkəsində satışını görəcəyimiz ailə təsərrüfatlarının məhsulları artıq evimizin bir “üzvünə” çevriləcək.

Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Balakən rayonuna səfəri zamanı “ABAD” Mərkəzin açılışı oldu. Həmin mərasimdə də bu addımın məqsəd və məramından, perspektivlərdən geniş bəhs olundu. “”ABAD” Mərkəzin yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan xidmətlər sahəsində aparılan islahatların nəticəsidir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da qeyd etmişdir: “...biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik. Bu bölgənin imkanları, iqlim şəraiti və ənənələri nəzərə alınır. Bölgədə çox geniş vüsət alan sahələr fındıqçılıqla, baramaçılıqla, tütünçülüklə bağlıdır... Buna görə növbəti illərdə bu bölgənin - həm Balakən rayonunun, həm qonşu rayonların ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün daha da ciddi addımlar atılacaqdır.”  

Göründüyü kimi, əsas tələb insanların yüksək rifah içində yaşamasıdır. Cənab İlham Əliyev daim vurğulayır ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İşsizlik, məşğulluq problemlərinin həlli prioritetdir. Dövlət başçısı İlham Əliyevi Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda da bu məqsəd öz əksini tapmışdır ki, vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Güclü sosial siyasəti tamamlayan isə iqtisadi tərəqqidir. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi bu gün iqtisadiyyatın şaxələndirilməsi siyasətinə öz müsbət təsirini göstərir ki, o da öz növbəsində davamlı, dayanıqlı inkişafın əsasıdır. Davamlı inkişafa xidmət edən 12 istiqamət üzrə strateji yol xəritələrinin hər birində məqsəd yenə də ölkənin hərtərəfli inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsidir.

Yeganə Əliyeva, “İki sahil”