29 avqust 2017 14:39
1048

Dünyamızın gələcəyini gənclərə etibar edək!

Sivilizasiyaların, mədəniyyətlərin və dinlərin, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, geosiyasi əhəmiyyətinə və mədəni müxtəlifliyinə görə əsrlər boyu tolerant ölkə kimi tanınan Azərbaycanda tarixən ayrı-ayrı dinlərin və etnik qrupların nümayəndələri bir ailə kimi yaşamışlar. Bu müsbət meyillər müstəqillik illərində daha da güclənmiş, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən, siyasət müstəvisində aktuallığını saxlayan problemlərin müzakirəsi üçün əsas tribunaya çevrilmişdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, regional əməkdaşlığa, bütün qonşularla qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan Azərbaycanda daimi sabitliyin qorunması o deməkdir ki, respublikamızda multikulturalizm dövlət siyasətidir. Hər iki ildən bir Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili, mütəmadi olaraq Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi respublikamızın beynəlxalq əhəmiyyətini daha da artırır. Bu cür təşəbbüslərin məqsədi müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsini, xalqlararası qarşılıqlı anlaşmanın davamlılığını təmin etməkdir.

Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir. Cənubi Qafqazda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində narahatlıqlar doğuran münaqişələr ölkəmizdə müzakirə olunmuş, terrorun, etnik və ya dini zəmində baş verən qarşıdurma və toqquşmaların yaratdığı təhlükəli meyillərin doğurduğu fəsadların aradan qaldırılması yolları bu forumlarda araşdırılmışdır. Əsas odur ki, Bakıda keçirilən, hədəfi həmrəylik, sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq olan bütün beynəlxalq tədbirlər dünyada sabitliyin qorunmasına öz töhfəsini verir, respublikamız mədəniyyətlərarası dialoq üçün sülh platformasına çevrilir.

Eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan bir neçə dövlətdən sayılan Azərbaycan bu günlərdə daha bir siyasi platforma məkanı kimi tanındı. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumu əhəmiyyəti, müzakirə olunan problemlərin aktuallığı ilə fərqləndi. Forumun məqsədi gənc siyasətçiləri dünyada narahatlıq doğuran qlobal problemlərin həllinə cəlb etməkdir.

Elmin, texnologiyaların sürətlə inkişaf etdiyi, informasiya təhlükəsizliyinin aktuallaşdığı, bəşəri dəyərlərin, sülhün qorunması naminə sivilizasiyaların bir araya gəldiyi, radikal qruplaşmalara nifrətin artdığı, təhlükəli meyillərin çoxaldığı müasir dövrümüzdə gənclərin gücündən istifadəyə, onların səylərinin birləşdirilməsinə daha çox ehtiyac duyulur. Dövlətlərin tolerantlıq və multikulturalizm ənənələrinə müxtəlif yanaşmalarından törənən fəsadlar, terrorlar nəticəsində miqrantların sayının artması, şəhər və kəndlərin dağılması, dinc əhali arasında törədilən qırğınlardan həlak olanlar arasında körpələrin üstünlük təşkil etməsi... Hər biri ayrı-ayrılıqda aktual mövzu olan bu məsələlərin müzakirəsi üçün Azərbaycanın seçilməsi özlüyündə ölkəmizin xarici siyasətinin uğurları, diplomatik qələbəsidir. Gənclərin fəal iştirak etdikləri “Eurovision-2012” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 yarışlarının iştirakçıları olan və müxtəlif dövlətləri, xalqları,  dinləri təmsil edən gəncləri bir araya gətirən Liderlər Forumu daha məsuliyyətli çağırışları ilə diqqəti çəkdi.

Təbii ki, bu kimi tədbirlər qlobal təşəbbüsə çevrilir, həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsini təmin edir. Artıq gənclər üçün aydındır ki, radikal meyillərdən, qarşıdurmalardan, insan ölümlərindən “yorulan” dünyamızın dinc yaşam tərzinə, sabitliyə daha çox ehtiyacı var. Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını təşkil etməklə dinindən, dilindən asılı olmayaraq qonaqlara eyni dərəcədə hörmətlə yanaşan Azərbaycan bütün dünyaya tolerantlığın müqəddəsliyi ilə bağlı təcrübəsini bu Forumu gerçəkləşdirməklə də nümayiş etdirdi. Hər iki yarışda iştirak edən idmançıların vurğuladıqları kimi, qələbə yalnız medalların sayı, qazanılan nailiyyətlərlə bağlı deyil. Bu, Oyunlarda qazanan dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq oldu. Bu baxımdan Qlobal Gənc Liderlər Forumu səslənən fikir və ideyaları ilə yadda qaldı.

“Bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri - insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir” söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən və sülhə, sabitliyə xidmət edən bütün Forumları, beynəlxalq tədbirləri multikulturalizm ideyasının dünya ictimaiyyəti tərəfindən güclü dəstəklənməsinin ifadəsi adlandırır. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, multikulturalizmin alternativi yoxdur, yalnız məsələ ilə bağlı müxtəlif fikir və baxışlar mövcuddur. Təhlükəli alternativlər olan ksenofobiya, islamofobiya, antisemitizm, irqçiliyin artdığı bir zamanda multikulturalizm bütün dövlətlərin siyasəti, həyat tərzi olmalıdır.

Forumda qeyd olunduğu kimi, idman, mədəniyyət tədbirlərində qabaqcıllığını qoruyan gənclər dünya siyasətinin düzgün istiqamətə yönəldilməsində də fəal iştirak etməli, varislik ənənələrini əməkdaşlıq prinsiplərinə sadiq qalmaqla doğrultmalıdırlar.

Bu baxımdan Bakı Forumu gənc liderlərə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi, dünyada tanınan ictimai-siyasi xadimlərlə yanaşı, fəaliyyət göstərmək nöqteyi-nəzərindən yaradılan gözəl imkan oldu. Yeni innovasiyaların tətbiqi üçün yaradılan şəraitdən səmərəli istifadə etməklə dünya siyasətinə uyğun çağırışların müəllifi kimi tanınan gənc liderlər humanist ideyaların daşıyıcısı, təşəbbüskarı kimi də məsuliyyətlərini artırmalıdırlar. Yalnız mövcud təhlükələrin qarşısını almaqla bəşəriyyəti gələcək bəlalardan xilas etmək mümkündür. Beynəlxalq münasibətlərin sağlam ruhda davam etməsi üçün xalqların, dövlətlərin, fərdlərin belə özünütəcridetmə siyasəti yolverilməzdir. Yeni hüquqi proseslərin formalaşmasında milli dəyərlər unudulmamalı, yeni idarəetmə üsulları hazırlanmalıdr. Forum iştirakçılarının da qeyd etdikləri kimi, dünyanın müxtəlif ölkələrindən fərqli mədəniyyət və düşüncəyə malik gənclərin bir məkanda toplanması gözəl ideyadır. Bu kimi forumlarda müzakirə olunan aktual problemlərin həlli uğurlara yol aça bilər. Təcrübələrini gənc liderlərlə bölüşən tanınmış siyasətçilər, sabiq dövlət başçıları gənclərin fəallığının istənilən nəticələr verəcəyini əminliklə bildirərək dünya siyasətinin yeni nəslə etibar olunmasını ən düzgün yol hesab edirlər. Məhz belə əməkdaşlıq sayəsində sülhün davamlı olmasına əminlik yaradıla bilər.

Bəllidir ki, radikal qruplaşmalara cəlb olunanların əksəriyyəti hələ də dünya siyasətindən bixəbər gənclərdir. Onları şirnikləndirib terrorçuluğa sövq edən qüvvələr bu gənclərin naşılıqlarından istifadə edərək, bu yolda milyonlar xərcləməklə mənfur niyyətlərini belə siyasi cəhətdən savadı olmayan gənclər hesabına həyata keçirirlər. Bunun nəticəsi isə daha qorxulu və təhlükəlidir. Forumda səslənən hər fikir, irəli sürülən hər təklif özlüyündə dünyamızı gözlənilən bəlalardan xilas yolunu əks etdirdi. “Dünyanı yenidən qurmaq, bəlalardan qurtarmaq üçün nə etməli” sualına cavabın Azərbaycanda axtarılmasının özü Ermənistanın işğalından, terrorundan əziyyət çəkən ölkəmizin möhkəmlənən nüfuzunun ifadəsi, diplomatiyasının təntənəsidir. Cavab isə bəllidir: dünyanın gələcəyi gənclərlə bağlıdır.

Xuraman İsmayılqızı, “İki sahil”