18 avqust 2017 14:37
994

Separatizm ölkələrin ərazi bütövlüyünə ən real təhlükədir

Qlobal proseslərin dövlətlərin suverenliyinə təsirinin davam etdiyi müasir dünyamızda ölkələrin ərazi bütövlüyünün, müstəqilliyinin təhlükə altında olduğu bir zamanda separatizmin nəticəsi olan sərhədlərin dəyişdirilməsi, ərazilərin işğal olunması siyasətçilərin günümüzün aktual problemi ilə bağlı söylədikləri “ Müharibə siyasətin davamıdır, amma başqa vasitələrlə” deyimini təsdiqləyir.

XX əsrin 90-cı illərində və 2000-ci illərin əvvəlində Qərb özünün qeyri-hökumət təşkilatları, fondları vasitəsilə müxtəlif etiraz hərəkatlarını dəstəkləməklə, Şərqi Avropa ölkələrində və postsovet məkanında “rəngli inqilablar”, “sülhyaratma” əməliyyatları” təşkil etməklə terrorizm qədər qorxulu kabus olan separatizmə xeyir-dua verdiyini bir növ təsdiqləmiş oldu. Bu qurumlar İŞİD, PKK kimi silahlı qruplaşmaları maliyyələşdirir, xüsusilə Şərq ölkələrinin dağılması, miqrantlar ordusunun yaranması ilə nəticələnən siyasi oyunların iştirakçılarına çevrilirlər.  “Sözə baxmayan, əmrə tabe olmayan” ölkələr isə “cəzalandırılır”.

Sovetlərin dağılması üçün həlqə kimi seçilən Dağlıq Qarabağda qeyri-qanuni rejimi formalaşdıran Qərbin, bəzi dairələrin Azərbaycanın yenicə qazanılmış müstəqilliyinə mane olmaq üçün törətdikləri təxribatlardan yaranan müharibə separatizmin ən təhlükəli və ədalətsiz, Xocalı soyqırımı ilə  nəticələnən nümunəsidir.

“Dahi adamın üstünlüyü mütləq iradəni bilməkdən və onu ifadə etməkdən ibarətdir. Hamı onun bayrağı altında toplaşır; o, onların Tanrısıdır.” Bu sözlərin hikmətini, dahiliyini xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, Azərbaycan xalqını Naxçıvan MR Ali Məclisinin Sədri olarkən bərpa etdiyi üçrəngli bayrağın altında birləşdirməklə təsdiqləyən Heydər Əliyev zəkası ilə qara qüvvələrə qarşı qalib gələrək müasir, güclü dövlət qurmaq üçün nə etmək lazım olduğunu aydın təsəvvür edən nadir insanlardan biri kimi  müstəqilliyimizin qarantı oldu. Gəncə hadisələrinin məntiqi davamı olan Lənkəran qiyamının yarada biləcəyi təhlükələri uzaqgörən siyasəti ilə aydın təsəvvür edən, müstəqilliyin qorunmasının necə çətin olduğunu ölkəyə rəhbərliyinin hər iki mərhələsində fədakarlığı ilə təsdiqləyən Ulu Öndər Azərbaycanı parçalanmaq təhlükəsi ilə üzü-üzə qoyan Gəncə hadisələrini törədən səbəbləri təhlil etməklə bu kimi halları müdrikliyi ilə aradan qaldıraraq separatçı meyillərdən qaynaqlanan 1994-1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlərin qarşısını da  qətiyyəti, siyasi iradəsi ilə aldı.

Ulu Öndər yaxşı bilirdi ki, separatçılıq ölkəni öz vətəndaşlarının əli ilə dağıtmaq üçün xaricdən yoluxdurulan xəstəlikdir. SSRİ-nin dağıldığı bir məqamda sovetlərdə süni surətdə, “münbit yerlərdə yetişdirilən”, toxum kimi yayılan, Azərbaycanın hüdudlarından kənarda idarə olunan və “demokratik prinsiplər”, “milli azlıqların siyasi hüquqlarının təmin olunması” maskası altında gizlənən niyyətlərini həyata keçirən Qərbyönümlü dairələr Azərbaycan xalqının diqqətini Qarabağ məsələsindən yayındırmaq üçün ölkə daxilində milli zəmində qarşıdurma yaratmağa çalışdılar. Həmin dövrdə bədnam daxili qüvvələrin niyyətləri ilə üst-üstə düşən xarici dairələrdən təlimat alanlar Sadval, Lənkəran variantını-Əlikram Hümmətov “kart”ını işə saldılar. Bəlli olan bu idi ki, Surət Hüseynovun, sadvalçıların, Əlikram Hüseynovun “planları” eyni mərkəzdən idarə olunurdu.

Xatırladaq ki, o vaxtlar Əlikram Hümbətov kimilərinin çürük “fəlsəfəsini” göndərdikləri emissarları vasitəsilə müdafiə etməyə çalışan antiazərbaycan qüvvələr bu gün də separatçı Əlikram Hümbətovu Avropa Parlamentində müzakirələrə dəvət edirlər. Ancaq antiazərbaycan dairələrin bütün təxribatlarına baxmayaraq Azərbaycan dövləti inkişaf strategiyasını yeni tarixi şəraitdə reallaşdırır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev innovasiyalı ideyaların müəllifi kimi haqlı olaraq kreativ lider sayılır. O, Prezidentliyi illərində hansı problemi nə vaxt həll etmək lazım olduğunu bilən böyük siyasətçilərə xas olan qətiyyət nümayiş etdirir. Separatizm və terrorizmə qarşı mübarizədə mövqeyinə sadiq lider olduğunu fəaliyyəti ilə təsdiqləyir. 

Terrorun alternativi kimi qorxulu təhlükələr yaradan separatçılığı ölkələrin ərazi bütövlüyünə qəsd adlandıran cənab İlham Əliyev haqlı olaraq Dağlıq Qarabağın Azərbaycanın toxunulmaz ərazisi olduğunu qəbul etdiyi 4 qətnaməsi ilə rəsmi olaraq təsdiqləyən BMT-nin, NATO-nun Dağlıq Qarabağa fərqli münasibətindən narahatlığını diqqətə çatdırır. Ukrayna böhranına göstərilən münasibətin Azərbaycana nə üçün tətbiq olunmadığını bildirir. Halbuki BMT-nin Nizamnaməsində qeyd olunduğu kimi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərini separatçılardan azad etmək Azərbaycanın haqq işidir.

Lakin hələ ki ikili standartların hökm sürdüyü müasir zamanda dünya siyasəti “güclülərə hörmət” prinsipləri əsasında davam edir. “Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur. Kimin gücü var o, müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik... Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət... Lakin güc anlayışı transformasiyaya məruz qaldığına görə həyat fəaliyyətinin başqa sahələrində də inkişaf və güclənmə bizim üçün vacibdir” söyləyən Prezident İlham Əliyevin ədalətli mövqeyi, sülhsevər çağırışları, təşəbbüsləri Azərbaycan xalqının mənəvi dirçəlişinin stimuluna çevrilir.

Cəsarətlə demək olar ki, bu gün Qərb dünyasının siyasi arenasında intellektinə və siyasi bacarığına görə cənab İlham Əliyevlə müqayisə olunacaq lider yoxdur. Azərbaycana qarşı qısqanclığını separatizmi dəstəkləməklə bildirən Qərb, Avropa təşkilatlarının ölkəmizə ikili standartlardan yanaşması subyektivdir. “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqının (Aİ) fəaliyyətində də ölkəmizə qarşı qeyri-sağlam fərqli yanaşmalar zamanla özünü göstərir. Məlum olduğu kimi, Abxaziyanın və Cənubi Osetiyanın separatçı rejimlərinin rəhbərlərinin Avropaya daxil olması qadağan edilib. Amma qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatçı rəhbəri Aİ ölkələrinə rahatca səyahət edir, müxtəlif deputatlar, nazirlər və başqaları ilə görüşür. Həmin ölkələrin rəsmi nümayəndələri isə bəyan edirlər ki, bu səfərlər guya “şəxsi xarakter” daşıyır. Separatçı rejimin keçirdiyi prezident, parlament seçkilərinin nəticələrinin heç bir dövlət tərəfindən tanınmadığı halda  səlahiyyətsiz “rəhbərlərin” ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərlərinə embarqo qoyulmur.  Əksinə Fransa və digər ölkələr də separatçıların nümayəndələrini qəbul edir və yüksək səviyyədə görüşlər keçirilməsi üçün şərait yaradırlar. Aİ, ABŞ Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırır, amma Şərq qonşusu Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana təsir göstərməkdən imtina edir.

Aİ lazım gəldikdə təsir vasitəsi kimi bəzi ölkələrə qarşı sanksiyalar tətbiq edir, amma regionda sabitliyi pozan, işğalçı Ermənistana  loyal münasibət bəsləyir. Qərbə sərf etdiyi hallarda işğalı pisləməyən AŞPA bəzən qlobal siyasi kampaniyabazlığın platformasına çevrilir. Qərbin antiazərbaycan tribunası olan “Human Rights Watch,” “Article 19”, “Freedom House” kimi səlahiyyətsiz beynəlxalq QHT-lər vasitəsilə ölkəmiz əleyhinə kampaniya aparılır.

Belə qərəzli, separatizmi dəstəkləyən qüvvələrə qarşı ən layiqli cavab Prezident İlham Əliyevin qətiyyətli sözləridir: “Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq. Müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir... Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.

Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik.”

Xuraman İsmayılqızı, “İki sahil”