16 avqust 2017 23:50
2659

Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi üçün başlıca amildir

Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə  Prezident İlham Əliyevin imzaladığı “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı””nın tətbiqi ilə əhalini  yerli məhsullarla təmin edən fermerlərin  səmərəli fəaliyyəti üçün önəmli güzəştlər müəyyən edilir. Torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmiş fermerlər  güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara ilə təmin olunurlar.

Məhsuldarlığın, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması  üçün aqrar sahədə aparılan islahatlar müsbət nəticəsini verir. Rayonlarda və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer” mağazaları” və “yaşıl market”lər şəbəkəsi”, topdansatış mərkəzləri  yaradılır. “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın qəbulu isə respublikada əhalinin qida məhsulları ilə etibarlı təminatına yönələn dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir.  Çünki qida təhlükəsizliyinin təmin edilməsi,  keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər ərzaq təhlükəsizliyinin təminatı baxımından da əhəmiyyətlidir.   Belələiklə  ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biridir.

Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların dünya bazarlarının tələblərinə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir. Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, bu istiqamətdə  görülən işlər əhalinin daha keyfiyyətli ərzaqla təmin olunması, “tarladan süfrəyədək”” prinsipinin tətbiqi qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini günün tələbi kimi  qarşıya qoyur. Bu  məqsədilə   Qida Təhlükəsizliyi Agentliyi yaradaldı. Məhsulların təhlükəsizliyinə nəzarəti həyata keçirən, maddi-texniki bazanın gücləndirilməsi və modernləşdirilməsi ilə məşğul olan Agentlik əhalinin ərzaq təhlükəsizliyinin təminatı  üçün lazımi tədbirləri müəyyənləşdirir. Ölkədə  aqrar sahənin inkişafı  sayəsində  daxili bazarın yerli məhsullarla tam təminatının nəticəsidir ki, əhalinin kənd təsərrüfatı məhsullarına ehtiyacı fermerlər tərəfindən ödənilir.

Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2017-ci və 2018-ci illərdə aqrar sahədə  hər il 4 faiz  artım gözlənilir ki, bu da hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında Azərbaycanın ön yerlərdən birini tutduğunu göstərir. Aparılan aqrar islahatların nəticəsidir ki,  kənd təsərrüfatı üzrə yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalmasına səbəb olmuşdur. İdxalın həcmi  ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalmışdır.

Analoji vəziyyət süd məhsullarının idxalında da müşahidə olunmuşdur. Belə ki, azalma xama üzrə 18 faiz, pendir üzrə 6,6 faiz, kərə yağı üzrə 18,8 faiz təşkil etmişdir. Əsas hədəf heyvanların cins tərkibini dəyişməklə   yem bazasını gücləndirməklə,  ənənəvi bitki növlərinin istehsalını artırmaqla məhsuldarlığı 5-6 dəfə yüksəltməkdir. Hazırda taxılsılığın, üzümçülüyün, çəltikçiliyin, çayçılığın, soyanın və digər əhəmiyyətli qida  məhsulların istehsalının  artırılması üçün  kompleks tədbirlər görülür,  potensialdan tam səmərələi istifadə metodları tətbiq olunur.

FAO-nun hesablamalarına əsasən, dünyada ərzaq və heyvan yemi üçün taxıla tələbatın hazırkı 2,1 milyard tondan 2050-ci ildə təqribən 3 milyard tona, habelə ət istehsalının 200 milyon tondan 470 milyon tona yüksələcəyi gözlənilir. Bu sahədə də  Azərbaycanda  vəziyyət qənaətbəxşdir.

Başqa respublikalardan gətirilən damazlıq, yüksək məhsuldarlığa malik cins inəklərin yerli şəraitə uyğunlaşdırılması istiqamətində  görülən tədbirlər nəticəsində  heyvandarlığın inkişafı  yeni mərhələyə qədəm qoyur, bu sahəyə  yeni yanaşma tətbiq edilir. “Biz əvvəlki illərdə cins mal-qaranı alırdıq, fermerlərə paylayırdıq. Bunun müsbət təsiri olmuşdur, çünki cins mal-qaranın məhsuldarlığı əlbəttə ki, daha da yüksəkdir. Həm südlük, həm ətlik mal-qaranın gətirilməsi də çox müsbət təsir göstərmişdir” söyləməklə  daha böyük uğurlara nail olmaq naminə Prezidentin Ehtiyat Fondundan lazımi vəsaitin ayrılacağını bildirən dövlət başçımız İlham Əliyev fermerlərin bu sahədəki  uğurlarını yüksək qiymətləndirir, çox ciddi irəliləyişlərin olacağını əminliklə bildirir. Məqsəd ilk növbədə əhalini tam şəkildə  ətlə, südlə və süd məhsulları ilə təmin etmək, eyni zamanda  artıq məhsulların başqa ölkələrə  ixracını təmin etməkdir. Bunun üçün  örüş  sahələri kimi yetişdiriləcək  bitkilərin əkini də artırılır. “Çünki hər qarış torpaq bizim üçün qiymətli olmalıdır. Yenə də qayıdıram əvvəlki fikrimə ki, torpaqlardan səmərəsiz istifadəyə yol verilməməlidir. Ona görə, heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək. Bitkiçilik üçün nəzərdə tutulacaq o torpaqlarda əlbəttə ki, meliorativ tədbirlər də paralel şəkildə aparılmalıdır.” Prezident İlham Əliyevin bu kimi tövsiyələri sayəsində  ehtiyac duyulan ərazilərdə  subartezian quyuları qazılır,  kəndlilər içməli su ilə təmin edilməklə  əkin sahələri də suvarılır.  Ərzaq təhlükəsizliyinin təminatı üçün başlıca şərt fermerlərə maddi, mənəvi dəstəyin artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir.

Cari ilin  6 ayında sahibkarlara  güzəştli şərtlərlə 63 milyon manat kredit verilib. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. “İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub” söyləyən Prezident İlham Əliyev  aqrar sahədə də investisiya təşviqi mexanizminin tətbiqini  faydalı amil kimi  dəyərləndirir.  Sahibkarlar isə dövlətin onlara göstərdiyi dəstəyi  daxili bazarda yaranan  məhsul bolluğu ilə  doğruldur.

Əhalinin çoxalması ilə şərtlənən   daxili tələbatın tam ödənilməsi üçün isə daha çox ərzaq məhsulunun istehsalına ehtiyac duyulur.  Qeyri- neft sektorunun inkişafının başlıca məqsədlərindən olan ixrac yonümlü  keyfiyyətli məhsul istehsalının artırılması  aqrar sahədə də başlıca vəzifə kimi önəmini saxlayır.  Azərbaycan brendi ilə tanınan rəqabətqabiliyyətli  ərzaq məhsullarının dünya bazarlarına çıxarılması da başlıca hədəflərdən olsa da  daxili tələbatı yerli məhsullarla təmin etmək birinci dərəcəli vəzifələrdir.  Ərzaq təhlükəsizliyi probleminin həllində də  daxili tələbatın ödənilməsi və  ixracyönümlü məhsulların artırılması eyni dərəcədə  əhəmiyyətli və  biri -birini tamamlayan vəzifədir.  Azərbaycanda   əhalinin ərzaq təhlükəsizliyi tam şəkildə təmin olunur. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində ət və ət məhsullarının, süd və süd məhsullarının böyük ixrac potensialına  nail olunacaq. Ölkə əhalisinin toyuq əti ilə tələbatı100, süd və süd məmulatları ilə ehtiyacı 80 faiz səviyyəsində təmin olunur. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir.

Növbəti illərdə ixracla  bağlı daha da böyük nəticələr olacaq. Bu il pamidor ixracı 55, kartof 63, soğan 1100, süd məhsulları təqribən 400, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50, şokolad 50,  bitki-heyvan mənşəli yağlar 7 faiz artıb.  Qarşıda duran vəzifələri isə cənab İlham Əliyev bu sözləri ilə  bildirir: “Beləliklə, biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaq.

Xuraman İsmayılqızı, “İki sahil”