26 oktyabr 2017 15:48
893

İslahatlar modernləşməyə və rəqabətqabiliyətliliyin artmasına xidmət edir

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun reallaşdırılması nəticəsində Azərbaycan son 14 ildə dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi yeni mərhələyə qədəm qoyub. Geosiyasi baxımdan yenidən formalaşan, qlobal siyasi, maliyyə-iqtisadi qeyri-sabitliyin tüğyan etdiyi dünyada Avrasiyanın mərkəzində, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanda risklər və çağırışlar düzgün qiymətləndirilərək sabit inkişaf təmin edilib, iqtisadi təhlükəsizliyin əsas komponentlərinin-enerji, ərzaq, maliyyə və nəqliyyat təhlükəsizliyinin davamlılığı ölkənin geosiyasi kataklizmlərə qarşı dayanıqlılığını daha da gücləndirib.

Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi inkişafın Azərbaycan modelinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması kimi xarakterizə olunur.  Bu xəritələr  həmçinin cari, orta və uzunmüddətli dövrdə ölkəmizdə iqtisadi inkişafın və tərəqqinin əsas məramnaməsi kimi qiymətləndirilir.

Strateji Yol xəritələrinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları deməyə əsas verir ki, sənəd üzrə nəzərdə tutulmuş işlər ardıcıl və yüksək keyfiyyətlə icra olunmaqdadır. Belə ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 17 faizinin icrası tamamlanıb, 38 faizinin icrası üzrə işlərə başlanılıb. Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı ödəniş məsələləri tənzimlənib, yaranmış öhdəliklər tam icra edilib. Gəncə, Bərdə, Sabirabad, Masallı və Qəbələ şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərində istehlakçılara “Azəriqaz” İB-nin 17 növ, “Azərişıq” ASC-nin 10 növ, “Azərsu” ASC-nin 14 növ xidməti göstərilməkdədir. “Azəristiliktəchizat” ASC-nin istehsal edilmiş istilik enerjisi və isti suyun satışı, istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi xidmətləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operator olduğu Dövlət Xidmətlərinin Elektron Reyestr portalına daxil edilib. İstismarda olan elektrik stansiyalarının səmərəliliyinin artırılması istiqamətində diaqnostika işləri aparılıb, “Varvara” SES-in yenidənqurma işləri başa çatdırılıb, gücü 1,44 MVt olan “Balakən” kiçik SES istismara verilib. Elektrik enerjisi və təbii qaz tarifləri diferensiallaşdırılıb, ikipilləli tarif sisteminin tətbiqinə başlanılıb. Şimal elektrik stansiyasında gücü 400 MVt olan 2-ci enerji blokunun istismara verilməsi, gücü 385 MVt olan Səngəçal-2 elektrik stansiyasının tikintisi, gücü 950 MVt olan “Yaşma” tamdövrəli buxar-qaz elektrik stansiyasının tikintisi, gücü 200 MVt olan Tovuz SES-in tikintisi, digər kiçik SES-lərin (Oğuz-1, Oğuz-2, Oğuz-3 və Astara-1) tikintisi və istismara verilməsi, Bakı İstilik Elektrik Mərkəzinin yenidən qurulması, Azərbaycan İES-in 8 saylı enerji blokunun əsaslı təmiri istiqamətində tədbirlər həyata keçirilməkdədir.

İstehlakda səmərəliliyin yüksəldilməsi üçün mühüm optimal mexanizmlərdən istifadə olunur. Belə ki,  bir müddət əvvəl diferensial tariflərin tətbiqinə başlanılıb, əhali üzrə aylıq elektrik enerjisi sərfiyyatı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif əvvəlki səviyyədə qalmaqla 7 qəpik/kilovat-saat, 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik/kilovat-saat müəyyənləşdirilib. Qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib. Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saatı üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib. Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

Ölkədə qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə İnkişaf planı sənədi hazırlanıb, çəkiləcək yeni qaz xətlərinin ilkin uzunluğu, yeni şəbəkənin əhatə edəcəyi abonentlərin ehtimal olunan sayı müəyyənləşdirilib, tələb olunan investisiyanın həcmi müəyyənləşdirilib.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 28 rayon üzrə 170 yaşayış məntəqəsinin içməli su sisteminin yenidən qurulması ilə əlaqədar layihə sənədləri hazırlanıb. Əlavə olaraq, beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində Xırdalan, Astara, Gədəbəy, Qusar, Xızı, Xaçmaz, Qobustan, Ağdaş, Ağcabədi, Şəki, Gəncə, Şamaxı, Sabirabad, Saatlı və Qəbələ rayonlarında su və kanalizasiya təsərrüfatının yenidənqurulması üzrə işlər həyata keçirilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən 124 qurumda quraşdırılması nəzərdə tutulan 5882 sayğacdan hesabat dövrü ərzində 516 smartkart tipli su sayğacları quraşdırılıb, ölkə əhalisinin 81,4 min nəfəri fasiləsiz su təchizatı rejiminə keçirilib, 29,5 min nəfərin su təchizatı qrafiki yaxşılaşdırılıb.

İstilik təchizatı sistemlərinin davamlı fəaliyyəti ilə bağlı qazanxana və istilik məntəqələrinin avtomatik idarəedilmə sisteminə keçirilməsinə hazırlıq məqsədilə istilik obyektlərində texnoloji rejimə uzaqdan və müəyyən edilmiş parametrlərdən kənarlaşma hallarının dərhal aşkar edilərək aradan qaldırılmasına imkan verən nəzarət sisteminin yaradılmasına başlanılıb. 140 qazanxanada bu sistem artıq tətbiq edilməkdədir. Görülmüş tədbirlər nəticəsində 1 Qkal istiliyin istehsalında qazın xüsusi sərfiyyatının 0.2 m3/Qkal azalması şərti olaraq 394.0 min m3 qaza qənaət etməyə imkan verib. Əlavə olaraq, istilik təchizatı sistemlərində qidalandırıcı suyun miqdarının aşağı salınması texnoloji rejimə tam əməl olunmaqla istilik və su itkiləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.2 faiz azaldılıb. Ekoloji vəziyyətin qorunması məqsədilə qazanxanalarda yanma prosesinin optimallaşdırılması üçün nəzarət və tənzimləməni həyata keçirən 13 ədəd xüsusi kompakt ölçü cihazı alınıb.

Beləliklə,  Strateji Yol xəritələrinin yarımillik monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, cari ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarıdan çoxu icra edilməyə başlanıb, hətta bəzi tədbirlərin icrası yekunlaşıb. Bu isə onu deməyə əsas verir ki, bütün istiqamətlərdə qarşıda dayanan vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcək, mövcud problemlər tezliklə həllini tapacaq, əldə olunan nailiyyətlər ölkəmizin dayanıqlı inkişafına, əhalinin rifah halının yaxşılaşmasına böyük töhfələr verəcək.

Zahid Rza,

“İki sahil”