31 oktyabr 2017 14:13
1481

Bakı-Tbilisi-Qars Avropa ilə Asiyanı birləşdirən qlobal layihədir

Bu nəhəng layihə Azərbaycan üçün siyasi, iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır

Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan, XXI əsrin unikal layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, bütövlükdə Avrasiya məkanında onlarla ölkə arasında körpü rolunu oynayacaqdır.

Qədim İpək Yolunu polad magistrallarda daha da möhkəmləndirən bu nəhəng layihə Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Bakı-Tbilisi-Ceyhan neft boru xəttindən sonra Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən ikinci böyük layihədir. Bu nəhəng layihə region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. BTQ qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat əlaqəsini təmin edəcək.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracaq. Bu dəmir yolunun istifadəyə verilməsindən sonrakı ilk illərdə Azərbaycanın təkcə tranzitdən illik gəlirinin 50 milyon dollar olacağı gözlənilir.

Avropa ilə Asiyanın qovuşuğunda, möhtəşəm İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri daim yüksək qiymətləndirərək bildirir ki, belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

Oktyabrın 30-u tarixə qızıl hərflərlə düşəcək. Məhz həmin gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri iştirak ediblər.

BTQ Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur

Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir: “Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.

Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun  reallaşdırılması ilə  Azərbaycan, Türkiyə və Gürcüstanın rifahı istiqamətində yeni addım atılır: “Yeni İpək Yolunun bir həlqəsi, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi istifadəyə verilir. Artıq Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək. Türkiyə olaraq son 15 ildə bu istiqamətdə imkanlardan istifadə etmək üçün səylər göstəririk. İstanbulda üçüncü körpü və digər layihələr bunların bir hissəsidir. Həyata keçirdiyimiz layihələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq. Qazaxıstanı Aktau, Türkmənistanı Türkmənbaşı limanı ilə Avropaya bağlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır. Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq”.

“Dəmir ipək yolu” bütün regionun nəqliyyat və logistika potensialı üçün böyük əhəmiyyət daşıyır

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də qlobal əhəmiyyətli tarixi hadisədir.  BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi   birləşdirir. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Uğurla reallaşdırılan BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel inşa edilib.

BTQ regionun iqtisadi inkişafına böyük töhfələr verəcək, xalqlar arasındakı dostluğu möhkəmləndirəcək

BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır.  İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və  tədricən 50 mln. tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq. Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək. Dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu  Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək.

Azərbaycanın siyasi iradəsi ilə reallaşdırılan BTQ-nin istifadəyə verilməsi həm də Ermənistanın nəqliyyat izolyasiyasını gücləndirir. Bu layihə gündən-günə inkişaf edən ölkəmizi qısqananlara, onun reallaşdırılmasına mane olanlara, ən başlıcası isə Ermənistana sarsıdıcı zərbə oldu. Təcavüzkar ölkə çox mühüm bir layihədən kənarda qalmaqla onsuz da acınacaqlı olan iqtisadi vəziyyətini daha da çətinləşdirdi.

Qətiyyətlə demək olar ki, BTQ-nin reallaşdırılması ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan bu layihənin reallaşdırılması ilə beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilməklə yanaşı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizin iqtisadi tərəqqisi daha da sürətlənəcəkdir. Regionun iqtisadi inkişafına  böyük töhfələr verəcək BTQ xalqlar arasındakı bağları gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər  yaradacaq.

Zahid Rza, “İki sahil”