09 noyabr 2017 01:39
1509

Naxçıvan qazandığı uğurlarla iqtisadi inkişafa böyük töhfələr verir

Dövlət inkişaf etdikcə, problemlərin öhdəsindən layiqincə gəldikcə, təmsil etdiyi,  iqtisadi qüdrətinin də artması kimi zəruri göstəriciləri özündə yaşadır, sabaha və gələcəyə möhtəşəm nailiyyətlərlə təqdim edir.

Bu zaman onun milli iqtisadi potensialı ayrılıqda hər bir fərdi, ümumilikdə isə bütöv bir cəmiyyəti əhatə etməklə, yüksək tərəqqi səviyyəsində bərqərar olur. Təbii ki, əldə olunan nailiyyətlər müasir dövrün ən mötəbər göstəriciləri kimi özünü təsdiq etməklə, yeni bir model, strategiya kimi adını ucalara yüksəldir.

Müasir mütəqillik illərində özünün iyirmi altı illik inkişaf tarixi ilə böyük qürur mənbəyinə çevrilən Azərbaycan çoxşaxəli iqtisadiyyatı ilə istər regionda, istərsə də dünya miqyasında nümunəyə çevrilmişdir. İqtisadi gücün çox olması bütünlükdə ölkənin hərtərəfli inkişafını təmin edəcək bütün sahələrin müqavimətlilik, dayanıqlılıq və perspektivlilik səviyyəsini də əhəmiyyətli dərəcədə yüksəltmişdir. Dünyanın bir çox ölkələrində baş alıb gedən, hətta qitə və materikləri də öz təsirinə salan sosial böhranlar, iqtisadi və siyasi sıxıntılar, maddi və mənəvi çöküntülər qarşısında dayanıqlıq gücünün mövcudluğu ölkəmizi nəinki, həmin xoşagəlməz hallardan və acı gerçəkliklərdən qoruya bilir, hətta öz uğurlarını daha da artırır. Buna ən parlaq misal olaraq, ölkəmizin bu ilin sentyabr ayında "Yeni əsrin müqaviləsi"nin imzalanmasını, 30 oktyabr tarixdə Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışının keçirilməsini, 1 noyabrda isə ölkə başçısının İran İslam Respublikasına işgüzar səfərə getməsi və orada Azərbaycan İran və Rusiya arasında neft-qaz yataqlarının işlənməsi, elektroenergetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində yeni perspektivlərin müəyyən edilməsi sahəsində danışıqların aparılması, bununla da, ölkəmizin nəinki, regionda, hətta dünya səviyyəsində  inkişaf yolunda olduğunu isbatlamasını göstərə bilərik.

Qeyd etmək lazımdır ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi xəttin ölkəmizə qazandırdığı uzunmüddətli, uzaq gələcəyə istiqamətlənən uğurların tərkib hissəsidir.

Ölkəmizin son on iki ildə keçdiyi tarixi-iqtisadi inkişaf yolu onun regional iqtisadi siyasət baxımından mahiyyətini də yüksəltmiş, innovativ əhəmiyyət qazandırmışdır. Bu gün ölkənin bütün regionlarının davamlı, tarazlı və dayanıqlı inkişafına bir-birinin ardınca xidmət edən üç mərhələdə regional inkişaf dövlət proqramları fəaliyyət göstərməkdədir və artıq bu proses üçüncü beşilliyi əhatə etməkdədir. Aydın məsələdir ki, bununla ölkənin regional siyasətinin də uğurları daha qabarıq şəkildə görünür. Qeyd edə bilərik ki, artıq istənilən rayon, şəhər, qəsəbə və digər ərazilərin inkişafındakı fərq aradan qaldırılmış və sistemli inkişaf təmin edilmişdir. 

Bu bir həqiqətdir ki, ölkəmizin regional siyasətinin uğurlu istiqamətdə müəyyənləşdirilməsinin ən gerçək təsdiqi regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsindən ibarətdir. Fikrimizi əsaslandırmaq üçün hər zaman milli iqtisadi potensialın inkişafı və artmasında söz sahibi olan, strateji əhəmiyyət daşıyan, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və maddi həyatında daima güclü mövqeyi ilə seçilən, ərazi baxımından ölkəmizin təhlükəsizlik simvoluna çevrilən Naxçıvan muxtar respublikasının makroiqtisadi göstəricilərindən söz açmaq yerinə düşər. Burada təməli qoyulan sağlam iqtisadi mühit özünü bütün sahələrdə göstərməklə ümumilikdə, ölkə iqtisadiyyatının potensial dayağına çevrilməkdədir. Rəqəmlərə müraciət edərkən görürük ki, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əsas makroiqtisadi göstərici olan ümum daxili məhsul istehsalı 1 milyard 949 milyon manatdan artıq təşkil etmişdir. Dövlətin öz əhalisinə bitməz və tükənməz qayğısının nəticəsi onların iqtisadi nailiyyətlərdən yetərincə bəhrələnməsi ilə də ifadə olunur. Bu mənada istehsal edilmiş ÜDM-nin hər bir nəfərə düşən həcmi müvafiq dövrdə 4327,4 manata çatdığını göstərə bilərik.

İnkişaf yollarında qətiyyətlə irəliləyən istənilən ölkənin konkret hədəfləri vardır. Həmin hədəflərə çatmaq müvafiq ölkənin iqtisadi güc və potensialının az və ya çoxluğundan yetərincə asılıdır. Bunun üçün iqtisadi siyasətin məqsədyönlülüyü, çevikliyi, düzgünlüyü, əhatəsində olduğu hadisələrə uyğunluq səviyyəsi, lazım gəldikdə ondan qorunmaq qabiliyyəti, lazım gəldikdə isə yararlanmaq bacarığı əsas şərtdir. Təbii ki, bütün bunlar həm də güclü idarəçilik mexanizmi əsasında mümkün ola bilər. Şübhəsiz ki, muxtar respublikanın hazırkı inkişaf səviyyəsinə diqqət edərkən görürük ki, ölkəmizdə Ümummilli Liderimizin müəyyən etdiyi uğurlu siyasət bütün sahələrin müvəffəqiyyət göstəricisinə çevrilmiş və bu, regionların sosial-iqtisadi inkişafındakı dərin izləri ilə müşayiət olunmaqdadır. Belə ki, iqtisadiyyat bir sahə və ya istiqamət üzrə deyil, çoxşaxəli, çoxsahəli və dinamik olaraq irəliyə doğru addımlamaqdadır. Bunu muxtar respublikada cari ilin beş ayının makroiqtisadi nəticələrini özündə əks etdirən ÜDM-nin strukturunda da görə bilərik. Belə ki, burada yaradılmış əlverişli iqtisadi mühit və şərait nəticəsində iqtisadiyyatın bir çox sahələrinin nəticələri sanki, məhsuldarlıq uğrunda yarışırlar. Ərazidə əhalinin əksər hissəsinin kənd yerlərində yaşamasına baxmayaraq burada iqtisadiyyatın sənaye əhəmiyyəti də daim diqqət mərkəzində saxlanılmış və sözügedən sahə məhsullarının artım dinamikası yüksələn xətt üzrə davam etməkdədir. Təkcə cari ilin yanvar-sentyabr aylarında istehsal olunan sənaye məhsulları 781 milyon 430 min 500 manatlıq həcmlə ÜDM-nin tərkibində ilk yeri tutmaqdadır. 

Yüksək doğmalıqla, böyük sevgi ilə tikmək, qurmaq və yaratmaq Naxçıvan Muxtar Respublikasında müasir standartların özünə kök salmasına, onun qədimliyi ilə müasirliyinin səsləşməsinə və gələcəyə çox güclü ərmağan buraxmasına səbəb olmuşdur. Dünyanın bu qarmaqarışıq vaxtlarında belə möhtəşəm infrastruktur layihələrinin, ən mühüm strateji tədbirlərin gerçəkləşdirilməsinə nail olan ölkəmizin ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası özünün mütərəqqi uğurları ilə milli iqtisadi inkişafa əvəzsiz töhfələrini verməkdədir. Müəyyən edilən hədəflərə uyğun olaraq muxtar respublikada sənaye məhsullarının daxili tələbata uyğunlaşdırılması məsələləri əsas götürülmüşdür. Buna görə də sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 35 milyon 488 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 745 milyon 941 min 700 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,5 faizi özəl sektorun payına düşmüşdür.

Bununla yanaşı, ixracın stimullaşdırılması məqsədlərinin makroiqtisadi səmərəliliyə təsiri imkanları daha da aktuallaşmış və bu, cari dövrdə sənayedə istehsalın genişlənməsi əsasında ixracın da həcminə müsbət təsir göstərmiş, cari ilin yanvar-sentyabr aylarında 220 milyon 544 min 900 ABŞ dolları dəyərində məhsul ixrac olunmuşdur.

Gözəllik ürəkdən qaynaqlanır. Ürək isə yaşatdığı hədsiz sevgi ilə daha da gözəl olur. Naxçıvan Muxtar Respublikasında hər addımda ustalıqla, incəliklə yaradılan bütün gözəlliklər bu gözəllikləri quranın geniş ürəyini, o ürəyə İlahi sevgi verən uca Yaradanın böyüklüyünü bir daha göstərir. Ən ucqar dağ kəndlərində belə bərqərar edilən sağlam və münbit iqtisadi şərait ərazinin sosial-iqtisadi və mədəni əhəmiyyətini daha da artırmaqdadır. Təbii ki, bütün bunlar gündəlik dövlət qayğısının nəticəsində mümkün olmuşdur. Burada həyata keçirilən tədbirlərin əhatə dairəsində yeni istehsal və xidmət potensialının intensiv inkişafı, ən müasir və yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsini görmək mümkündür. Qeyd edək ki, sadalanan nailiyyətlərin əldə olunması üçün görülən tədbirlər özünün məqsədyönlülüyü ilə seçilmiş və bunun üçün cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada əsas kapitala 768 milyon 502 min 300 manat həcmində investisiya yönəldilmişdir. Bütün bunlar muxtar respublikada tikinti sahəsində də ən müasir tələblərə cavab verən infrastruktur potensialının formalaşmasına xidmət etmişdir. Göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, cari ilin təkcə yanvar-may aylarında əsas kapitala yönəldilmiş investisiyaların 711 milyon 140 min 500 manatı və ya 92,5 faizi tikintiquraşdırma işlərinin payına düşmüşdür.

Məlumdur ki, ölkəmizdə və ona bağlı Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı öz aktuallığı ilə seçilməkdədir. İqtisadiyyatın çoxşaxəli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət əsas götürülmüş hədəflərin gerçəkləşdirilməsinə nail olmaq üçün bu sahədə sistemli tədbirlər həyata keçirilməkdədir. Burada atılan hər bir addım əldə olunan yüksək səmərə, məhsuldarlıq deməkdir. Artıq yaradılmış sağlam iqtisadi mühit kəndliyə öz mülkiyyətində olan torpaqlarda işləməyə, məhsul istehsal etməyə böyük stimul vermişdir. Nəticədə isə kəndli əmindir ki, onu daim diqqət və qayğı ilə əhatə edən qüdrətli dövlət vardır. Təbii ki, bütün bunlar istifadəçiləri, kəndliləri daha əzmkarlıqla işləməyə, daha məhsuldar fəaliyyət göstərməyə sövq etməkdədir. Məqsədyönlü və faydalı tədbirlər nəticəsində 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 334 milyon 397 min 900 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Müasir dövr hərtərəfli, o cümlədən innovativ inkişafdan, yüksək sosiallaşmadan, mütərəqqi humanizmlərdən ibarət əlverişli mexanizmlərə söykənən və bununla da xalqın, bütün təbəqələrdən olan insanların maraqlarını, mənafelərini ifadə edə bilən iqtisadiyyatın qurulması və inkişafını tələb etməkdədir. Təbii ki, ölkələr inkişaf etdikcə öz əhalisinin gündəlik həyat səviyyəsi də yüksəlir, yaxşılaşır və daha da firəvanlaşır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitlik siyasəti müasir müstəqillik dövrünün son iyirmi iki ilində ən möhtəşəm nailiyyətləri ilə müşayiət olunmaqdadır. Keçən müddətdə ölkəmizin sosial siyasətinin daha geniş əhatədə formalaşması şübhəsiz ki, özünü bütün regionlarda və hər bir insanın gündəlik həyatında göstərməkdədir. Bu mənada da Naxçıvan muxtar respublikası milli liderin siyasi ideyalarına sadiq qalaraq öz sözünü deməkdədir. Və təbii ki, öz sakininin yaşayışını, alıcılıq qabiliyyətini, gündəlik yaşam tərzini və uzunmüddətli firəvanlığını əsas tutmaqdadır. Bu isə özünü əhalinin gəlirlərində büruzə verir. Qeyd edək ki, istinad edilən dövrdə Muxtar Respublikada əhalinin gəlirləri 1 milyard 331 milyon 97 min 400 manat təşkil etmiş və onun hər bir nəfərə düşən həcmi isə 2954,7 manat olmuşdur.

Daimi xarakter alan uğurlu tədbirlərlə dolu səmərəli nəticələr insanların bu günə olan marağını, sabaha olan həvəsini və gələcəyə olan ümidini daha da artırmış və bu, özünü onun maddi rifah halının yüksəlməsində göstərmişdir. Yüksək siyasi və iqtisadi çeviklik ölkəmizin strateji əhəmiyyətli bölgəsi kimi Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini daha da gücləndirmiş və burada yaşayan insanların  öz xalqına, öz dövlətinə sadiqliyini daha da artırmışdır. Yeridilən siyasətin yalnız insan amili üçün mahiyyət verildiyi muxtar respublikada 2015-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləğinin 414,5 manat həcmində təşəkkül tapmasına səbəb olmuşdur. Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1919 yeni iş yeri yaradılmışdır ki, bunun da 1876-sı və ya 97,8 faizi daimi iş yerləridir.

Ölkəmiz daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də məqsədyönlülük prinsiplərini əsas tutaraq keyfiyyətli, uğurlu, səmərəli tədbirlərin altına imza atmaqdadır. Təbii ki, bu isə öz növbəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin güclənməsinə və xarici iqtisadi əlaqələrin daha da təkmilləşməsinə təkan verməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi  müdrik siyasət ölkəmizin səsinə səs verən, bizimlə müttəfiq olan, etibarlı tərəfdaş olan ölkələrin də sayının artmasına səbəb olmuşdur. Şübhəsiz ki, bu isə siyasi sahədə olduğu kimi iqtisadi sahədə də böyük güvən, etibar və inam gətirməkdədir. Təbii ki, bu isə özünü ölkənin xarici ticarət dövriyyəsinin artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası da bu baxımdan nailiyyətlərlə zəngin bir statistika ortaya qoymaqdadır. Burada əldə olunan iqtisadi inkişaf xarici ticarət əlaqələrinin daha da genişlənməsində özünü göstərməkdədir. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 329 milyon 821 min 400 ABŞ dolları təşkil etmişdir. Güclü iqtisadi təşkilatlanma, artan istehsal potensialı və sistemli iqtisadi idarəetmə Naxçıvan MR-in ixrac potensialının da inkişafına təkan vermişdir. Nəticədə isə ixracın həcmi 306 milyon 27 min 300 ABŞ dollarından artıq olmuş, idxalın həcmi isə 23 milyon 794 min 100 ABŞ dolları təşkil etmişdir. Şübhəsiz ki, bütün bunlar təcrübəli idarəçilik zəminində mümkün olmuşdur. Xalq üçün, insan üçün, vətəndaş üçün atılan addımlar son nəticə olaraq yalnız mənfəət, gəlir əldə edilməsindən ibarətdir. Qeyd edək ki, bu mənada da xarici ticarət əməliyyatları istiqamətində əldə olunan uğurlar bu istiqamətdə 282 milyon 233 min 200 ABŞ dollarından artıq həcmdə müsbət saldonun yaranması ilə müşayiət olunmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 332 min 753 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,9 faiz və ya 12 min 490 nəfər çoxdur.

Beləliklə, muxtar respublikada keçdiyimiz sosial iqtisadi inkişaf yolunda olduğu kimi, cari ilin 9 ayında da yüksək perspektivə malik nailiyyətlər qazanılmaqdadır. Təbii ki, bunlar milli iqtisadi inkişafın ən dolğun təminatı üçün olduqca əhəmiyyətlidir. Heç şübhəsiz ki, müəyyən edilən prioritetlər baxımından belə bir inkişaf mənzərəsi yaxın gələcəkdə muxtar respublikanın yeni, növbəti inkişaf səhifələrindən də xəbər verməkdədir.

Cavadxan QASIMOV,

İqtisad üzrə fəlsəfə doktoru, dosent