31 yanvar 2018 01:57
2400

Azərbaycan regionun enerji və nəqliyyat xəritəsini necə dəyişir?

Dünya İqtisadi Forumunun (DİF) dünya dövlətlərinin iqtisadiyyatı ilə bağlı  dəyərləndirmə sistemində Azərbaycanın dinamik inkişafı daim  yüksək qiymətləndirilsə də qurumun bu ilki hesabatında ölkəmizlə bağlı açıqlamaları daha sevindiricidir.

“Parçalanmış dünyada birgə gələcəyin yaradılması” mövzusuna həsr olunmuş Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən, “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasda çıxış edən Prezident İlham Əliyev ölkəmizin, eyni zamanda region dövlətlərinin milli maraqlarına əsaslanan, qarşılıqlı əməkdaşlığa töhfələrini verən səmimi münasibətlərdən bəhs edərək xüsusilə enerji layihələrinin reallaşmasındakı tərəfdaşlığı yüksək dəyərləndirdi.

“Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var. Biz gənc müstəqil ölkəyik - cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil” söyləyən Prezident

İlham Əliyev vurğulayır ki, səmimi qonşuluq, eyni zamanda xarici bazarlarda mövqelərin möhkəmlənməsinə, daxili və xarici siyasətdə olduğu kimi iqtisadiyyatda dayanıqlı inkişafın təminatına da təsir edir. Nəticə isə sevindiricidir. Azərbaycanın 2018-ci ildə DİF-in ənənəvi inklüziv inkişaf indeksinə görə inkişaf edən ölkələr arasında üçüncü yeri tutması diqqətə layiq nailiyyətdir. ÜDM-in məhsulun alternativi kimi işlənilib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları əks etdirir. Azərbaycanın ötən illərdə əldə etdiyi nailiyyətlər, aparılan iqtisadi islahatlar digər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Balanslaşdırılmış belə siyasətin nəticəsidir ki,  regionda əməkdaşlıqla bağlı praqmatik yanaşma mövcuddur və  daha çox diqqət çəkən uğurlar, daxili sabitliyin, perspektivlərin həlli üçün etibarlı təminatdır

Azərbaycanın qazandığı uğurların dünya iqtisadi sistemində nümunə göstərilməsi fərəhləndiricidir. İslahatlar ili kimi tarixə yazılan 2017-ci ildə Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə gedən prosesləri yüksək dəyərləndirməsi görülən işlərə beynəlxalq səviyyədə verilən qiymətdir. Beynəlxalq iqtisadi birlik tərəfindən iqtisadi islahatlarımıza verilən ən böyük qiymət olan Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşması çox böyük göstəricidir.

Davos səfərində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlərdə, dövlət başçımızın iştirak və çıxış etdiyi panellərdə əsas müzakirə mövzusu dünya enerji bazarında mövqeyi yüksələn Azərbaycanın təşəbbüsü ilə reallaşan və hazırda inşa olunan enerji layihələrinin perspektivləri ilə bağlı idi. “Enerji layihələrinə gəldikdə, onlar bizim üçün və region üçün əhəmiyyətlidir. Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişmişdir. Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər” sözləyən cənab İlham Əliyevin vurğuladığı kimi, Avropa ölkələri üçün əsas enerji mənbəyi Xəzərin karbohidrogen ehtiyatlarıdır. Bu zənginlikdən bəhrələnmək istəyən dövlətlərin nümayəndələri başlıca alternativ kimi Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını dövlət başçımızla söhbətlərində əsas məsələ kimi diqqətə çatdırırdılar.

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması və yenidən tərtib olunmuş Sazişin imzalanması ölkəmizin dünya enerji bazarında artan önəminin göstəricisidir. “Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, qazanılan nailiyyətlər dövlətlər və xalqlararası əməkdaşlığın güclənməsini də şərtləndirir. Ötən müddətdə “Azəri-Çıraq-Günəşli” yataqlarından 436 milyon tondan çox hasil olunan neft Avropa ölkələrinə nəql olunub. Hesablamalar göstərir ki, həmin yataqda hələ hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, insan kapitalına çevrilməsi qeyri -neft sektorunda daha böyük islahatların aparılması isə zamanın tələbidir. Beynəlxalq səviyyədə də etiraf olunur ki, Azərbaycanın enerji siyasəti Avropa ölkələrinin iqtisadiyyatına təsir edən başlıca amildir . Gürcüstanın Supsa limanına qədər inşa olunan kəmər Xəzəri Qara dəniz ilə, Bakı-Tbilisi-Ceyhan neft kəməri Aralıq dənizi ilə birləşdirdi. “Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər” söyləyən cənab İlham Əliyev ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini də qarşılıqlı əməkdaşlığın uğuru adlandırır.

Bu gün Azərbaycan həm də dünyanın nəqliyyat mərkəzi kimi önəm daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu regionun nəqliyyat xəritəsini dəyişməklə Çindən Avropaya olan ən qısa, sərfəli marşrut kimi  dövlətlərin diqqətini cəlb edir. Son illərdə həyata keçirilən layihələr nəqliyyat və enerji sahəsində şaxələndirmənin yeni xəritəsi olmaqla okeana çıxışı olmayan Azərbaycan üçün çox əhəmiyətldir.

Bütün görüşlərdə enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycanın qeyri-neft sektorunda apardığı islahatlardan, azad sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən, bölgələrin inkişafına göstərilən dəstək, yaradılan hüquqi , maddi baza ilə bağlı fikir mübadləsi də aparılmışdır.

“Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır” fikirlərini ölkədə aparılan quruculuq işləri ilə təsdiqləyən dövlət başçımız hasilatın perspektivləri, ikitərəfli əlaqələrin bir məqsədə, qarşılqı əməkdaşlığa yönəldilməsini dünyada sülhün bərpasına yönələn humanitar fəaliyyət adlandırmışdır.

Davosda Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaradan  “İBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşündə  ölkəmizdəki siyasi, iqtisadi müstəqillik illərində qazanılan uğurlardan söz açan, xarici investisiyaların qorunması, sərmayə mühitinin etibarlı olduğunu qeyd edən dövlət başçımız ikitərəfli əməkdaşlıq nəticəsində respublikada insan kapitalının daha da yüksək inkişafına nail olunacağını da bildirdi. Vurğlandı ki, “İBM” şirkətinin Azərbaycana yatırdığı investisiya nəticəsində yüksək ixtisaslı kadrlardan ibarət yeni iş yerləri açılacaq. SOCAR-”İBM” əməkdaşlığı ilə ən müasir texnologiyalardan istifadə imkanları yaranacaqdır. SOCAR-ın əməkdaşları müasir texnologiyalardan istifadə etmək üçün bilik və bacarıqlarını artırmaq imkanı qazanacaqlar.

Prezident İlham Əliyevin isveçrəli həmkarı Alain Barsetlə görüşündə də hər iki ölkənin birgə əməkdaşlığı nəticəsində inkişafda olan ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə uğurlu inkişafından söz açılmış, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin bütün dövlətlər üçün əhəmiyyəti diqqətə çatdırılmış, ölkəmizin Avropanın enerji təchizatındakı rolu yüksək dəyərləndirilmişdir. Verilən suallara məntiqli, reallığa əsaslanan cavabları ilə açıqlama gətirən dövlət başçımız sosial-iqtisadi sahədə davamlı aparılan islahatlar nəticəsində qlobal müstəvidə gedən proseslərə təsir imkanları artan ölkəmizin uğurlarını, müsbət mənzərəsini diqqətə çatdırmışdır.

Paneldəki çıxışı zamanı Azərbaycanda sahibkarlığa göstərilən dəstək, regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının həyata keçirilməsi nəticəsində islahatlar ölkəsi adlanan respublikamızda  əlverişli biznes mühitindən, kiçik və orta sahibkarlar, yerli və xarici iş adamlarının səmərəli fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edən dövlət başçımız infrastruktur layihələrindən, ökə əhalisinin siyasi hadisələrdəki fəallığından, insan hüquqları ilə bağlı davam edən demokratik islahatlardan da söz açmışdır.

Deyilənlər də təsdiqləyir ki, Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət yürüdən dövlətdir. Risk və təhlükələrdən qorunmaq üçün daxili və xarici siyasəti xalqın maraqlarına uyğun planlaşdırılan ölkəmizin sabit siyasi və iqtisadi müstəqilliyi mövcuddur. Bu baxımdan Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara cəlb etmək cəhdi, ölkəmizlə bağlı aparılan qərəzli təxribatlar nəticəsiz qalır.

Azərbaycanın müstəqilliyini istəməyən bəzi dairələrin ölkəmizi qeyri-demokratik dövlət kimi təqdim etmək niyyətləri həmin dövlətlərin özləri üçün problemlər yaradır.

Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Davos Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir. Yəni bu cür uğurlara imza atan respublikamızla bağlı mənfur niyyətlərə cavab Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərdə maraqlı olan dövlətlərin sayının artması, ölkəmizin inkişaf konsepsiyanın nümünə göstərilməsidir.

Xuraman İsmayılqızı, “İki sahil”