14 iyun 2018 23:42
2313

TANAP - XXI əsr enerji tarixinin salnaməsi

TANAP-ın istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə ölkə Prezidenti İlham Əliyev TANAP-ı bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsi adlandırıb

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda təməli qoyulan TANAP (Transanadolu Qaz Boru Kəməri) layihəsi Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir. Artıq çoxlarının əfsanə adlandırdığı bu layihə artıq reallığa çevrildi. Bu layihə vasitəsilə təxminən 18 milyard kubmetr mavi qazın Türkiyə ərazisinə nəql edilməsinə imkan veriləcək. Onun reallaşması ilə Azərbaycan Türkiyə bazarına daha böyük həcmdə mavi qazla çıxmaq imkanı qazanacaq. Bu mənada da TANAP ölkəmizin gəlirlərinin artması baxımından vacibdir. Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq.

Təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan və 4 seqmentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın hasil etdiyi qazı 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, sonra isə Avropaya çatdıracaq. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq.

Xəbər verildiyi kimi, may ayının 29-u çağdaş tariximizə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi kimi daxil oldu. Bakıda keçirilən təntənəli mərasimdə Cənub Qaz Dəhlizinin yaranma səbəbləri, Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe və layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulandı. İyunun 12-də isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər dövlətlərin başçılarının iştirakı ilə qardaş  Türkiyə Cümhuriyyətinin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.

Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyev mərasimdə vurğulayıb ki, bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq: “Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.”

Mərasimdə ölkə Prezidenti İlham Əliyev TANAP-ı bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsi adlandırıb: “Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq - TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.”

Transanadolu Qaz Boru Kəmərinin istifadəyə verilməsi “Cənub Qaz Dəhlizi” layihəsinin salnaməsində ən önəmli yerlərdən birini tutan hadisədir. Çünki TANAP bu dəhlizi yaradan kəmərləri birləşdirən möhkəm halqadır. Təsadüfi deyil ki, onu Cənub Qaz Dəhlizinin onurğa sütunu, möhkəm qolu, birləşdirici həlqəsi də adlandırırlar.

Qeyd etmək yerinə düşər ki, TANAP-ın əhəmiyyəti təkcə Türkiyədəki istehlakçılara “mavi yanacaq” çatdırmaqla bitmir. Kəmərin Türkiyədən keçirərək Avropaya ixrac etdiyi qazın 9 iri şirkət tərəfindən alınması nəzərdə tutulub. Dövlətimizin başçısı mərasimdə bununla bağlı deyib ki, TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır: “TANAP 7 ölkəni, bir çox şirkətləri birləşdirir. “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.”

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandır Vucic, Ukraynanın dövlət başçısı Petro Poroşenko, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncının çıxışlarında TANAP-ın əhəmiyyətindən danışaraq müəllifinin Azərbaycan olan bu cür nəhəng layihələrin Türkiyə ərazisindən keçməsinin regional təhlükəsizliyə və sabitliyə töhfə verdiyini bildiriblər.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, TANAP layihəsinin həyata keçirilməsi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin siyasi nüfuzu, iqtisadi dəstəyi və Azərbaycan - Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsidir: “Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Daha sonra isə 31 milyard kubmetr qazın ixracı nəzərdə tutulur ki, bunun da bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropa Birliyinə veriləcək. Bu, dünyada ən böyük layihədir. Dünyanın 7 ölkəsini və 15 şirkətini birləşdirən kifayət qədər mürəkkəb layihədir. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması üçün Azərbaycanın kifayət qədər qaz ehtiyatları var. “Şahdəniz - 2”nin təsdiq olunmuş qaz ehtiyatları 1,4 trilyon kubmetr,  Azərbaycanın isə təsdiq olunmuş qaz ehtiyatları  təxminən 2,5 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatları 4,5 trilyon kubmetrdir. Bu da uzun müddət, yəni ən azı 100 il müddətində Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə  Avropa bazarlarına ixrac olunmasına əsas yaradır. TANAP Avropa Birliyinin enerji təhlükəsizliyini təmin edə biləcək və reallaşan  yeganə layihədir. Düşünürəm ki, layihə regionda təhlükəsizliyin qarantı, zəmanəti və regiona yeni investisiyaların gəlməsi üçün əməkdaşlıq formatıdır.”

Cənub Qaz Dəhlizinin bel sütunu olan və “Enerji İpək Yolu” adlandırdığımız Trans-Anadolu təbii qaz boru kəmərinin açılışı Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində mümkün oldu. Vurğulamaq yerinə düşər ki, TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına töhfə verəcək.

Orxan Vahidoğlu, “İki sahil”