18 may 2018 22:59
1590

İkili standartlar dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər

Dövlətimizin başçısı İlham Əliyevin  bu çağırışı dünyaya eyni zamanda belə bir mesajı da ünvanlayır - İnsan hüquq və azadlıqlarının təminatı doğrudan da önəmlidirsə, əsas şərtdirsə, nə üçün bu və ya digər dövlətlərdə baş verən hadisələrə  “biganə” yanaşılır, bəzilərinə isə lupa ilə baxmağa cəhd edilir?

“Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir.” Dövlətimizin başçısı İlham Əliyevin andiçmə mərasimində ölkəmizin demokratik inkişaf ilə bağlı bu fikirləri son 15 ildə keçilən yolun aydın mənzərəsini yaradır. Bu inkişafı düzgün dəyərləndirmə isə təbii ki, ədalət prinsipinin qorunmasını, maraqların bir kənara qoyularaq həqiqətə həqiqət gözü ilə baxılmasını bir tələb kimi ortaya qoyur. Lakin dünyanı idarə edən ikili standartlar siyasətinin mövcudluğu fonunda ədalətli mövqenin nümayiş ediləcəyini gözləmək sadəlövlük olar. Azərbaycan daim bu siyasətdən qaynaqlanan qərəzli iddialarla, hesabatlarla, ən əsası reallıqların inkarı ilə daim üz-üzədir. Bunu ölkəmiz istər demokratik prinsiplərin inkişafı sahəsində, istərsə də yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində görür və hər zaman ən yüksək tribunalardan bu çağırışı edir ki, əgər bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun.

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualı illərdir səsləndirməyi özümüzə borc bilirik ki, görəsən bu prinsiplər bütün dövlətlərə eyni tətbiq olunurmu, ən əsası başqlarına “demokratiya dərsi” keçən dövlətlərin özləri bu dəyərlərə hörmətlə yanaşırlarmı? Qərb düşünür ki, bu və ya digər dövlətin daxili işinə müdaxilə demokratik dəyərlərin tərkib hissəsidir və mütləqdir. Ən əsası özlərində demokratik prinsiplərə hörmətsizliyi ortaya qoyan hansısa proses baş verəndə dərhal bunu müxtəlif adlar altında ört-basdır etməyə çalışırlar. Yenə də bu həqiqəti qeyd etməyə məcburuq ki, dünya nə zamana qədər hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, bu kimi yanaşmalar davamlı olacaq.

Azərbaycanın xarici siyasətində Qərb və Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkşaf edir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Azərbaycan dövlətinin xarici siyasətində bu prinsip əsas yer tutur ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurulur və inkişaf etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin ABŞ-a ilk səfəri zamanı jurnalistin “Siz ABŞ qarşısında hansı öhdəliyi götürmüsünüz” sualına cavabını xatırlatmaq bu günümüz üçün də aktualdır. Ölkə Prezidenti bildirmişdir ki, Azərbaycanın heç bir dövlət qarşısında öhdəliyi yoxdur. Əlaqələrimizi qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında inkişaf etdiririk. Ötən il Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə də cənab İlham Əliyev bir sıra məqamları diqqətə çatdırmışdır. Görüş zamanı  dövlətimizin başçısı İlham Əliyevin avropalı parlamentarlara ünvanlanan açıq, məntiqli sözlərini, iradlarını təşkilatın təmsilçiləri də etiraf etmişdilər. Qurumla Azərbaycanın gələcək inkişafına aydınlıq gətirən, ədalətsiz olaraq Azərbaycanı guya insan hüquqlarının pozulması ilə ittiham edən Avropa Parlamentində ölkəmiz əleyhinə kampaniyanı ikili standartların növbəti mərhələsi kimi qonaqların diqqətinə çatdıran cənab İlham Əliyev fikirlərini real faktlar əsasında açıqlayaraq vurğulamışdır ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və hörmətə əsaslanır. “Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. Müstəqil dövlət kimi gələcək xarici siyasətini müdrikliklə  müəyyənləşdirən, ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirən cənab İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırmışdır.

Avropa İttifaqı rəsmilərinin bəyanatlarında tez-tez yer alan bu fikri də xatırlatmaq yerinə düşər ki,  insan haqları və azadlıqlarına, o cümlədən ifadə azadlığına xüsusi önəm veririk. Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Bu xatırlatmamız da səbəbsiz deyil. Əgər insan hüquq və azadlıqlarının təminatı dünya üçün önəmlidirsə, ən əsası əsas şərtdirsə, nə üçün bu və ya digər dövlətlərdə baş verən hadisələrə gah “biganə” yanaşılır, bəzilərinə isə lupa ilə baxmağa cəhd edirlər? Bu, ikili siyasətin dünya üçün bu və ya digər dövlətə təzyiq vasitəsinə çevrilməsi demək deyilmi? Bu gün bəzi dövlətlərə münasibətdə “lupa” əməliyyatının dərinliyi bizləri bir az tarixə nəzər salmaq məcburiyyətində qoyur. 2011-ci ildə Britaniyada kütləvi igtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı hansı ssenarilərə müraciət olunduğu bəlli olaylardandır. Amma münasibət məqamı yetişəndə demokratik prinsiplər arxa plana keçir, maraqlara söykənərək şərhlər verilir. “Öz gözlərində tiri görməyib başqasında çöp axtarmağa” öyrəncəli olan bəzi dövlətlər, təşkilatlar “görünür” hələ demokratiya anlayışının mahiyyətini düzgün dərk etmək barədə düşünmürlər. Maraqlar üst-üstə düşəndə dəyərlər qorunur, toqquşanda isə dəyər deyilən bir məfhumun olmadığı bildirilir.

ABŞ Helsinki Komissiyasının son dinləmələri, Avropa Şurasının davamlı olaraq özünü qabarıq şəkildə büruzə verən ikili yanaşması bu gün də geniş müzakirə olunmaqla, demokratik prinsiplərə yanaşmanın vahid mexanizminin müəyyənləşdirilməsi tələbinin gündəmə gətirilməsinə rəvac verir. Avropada əməl edilməyən “dəyərlər” Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Bütün bunlara görə bəzi Qərb dairələrin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil olunan qarayaxma kampaniyasından başqa bir şey deyil.

Azərbaycanın demokratik inkişafı göz önündədir. İqtisadi tərəqqinin demokratikləşmə prosesinin sürətlənməsində nə kimi rol oynadığını Azərbaycanın bugünkü uğurlarının fonunda aydın görmək olur. 1994-cü ildən ölkədə sabitliyin, əlverişli biznes mühitinin formalaşması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi, ən əsası “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdı. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin dünya dövlətləri tərəfindən öyrənilməsi və təqdir olunması bu siyasətin ölkəmizə daha böyük uğurlar gətirəcəyinə inamı artırır. Azərbaycan artıq inkişafın yeni dövrünü yaşayır. “Yeni əsrin müqaviləsi”nin imzalanması davamlı uğurlarımıza yol açır. Bu inkişafı şərtləndirən əsas amillərdən biri məhz demokratik islahatlardır. Qeyd etdiyimiz kimi, Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti də insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Digər bir qisim isə idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu fonda dünya birliyi də bu reallığı yüksək dəyərləndirir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Zamanın tələbinə uyğun təkmilləşmə inkişafa, tərəqqiyə geniş yol açır ki, bu da öz növbəsində insan amilinə dəyəri şərtləndirir. Vətəndaşların bütün azadlıqları qanunvericilik çərçivəsində qorunur.  Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və təcrübədə özünü təsdiqləyən bu fikri dövlətimizin həyata keçirdiyi siyasətin prioritetidir: “Demokratiya daim inkişafda olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır.”

Azərbaycan bir sıra beynəlxalq təşkilatlara daxil olmasını məqsədyönlü siyasət və düşünülmüş addım kimi dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd Avropanın ən inkişaf etmiş ölkələrində mövcüd olan müsbət təcrübənin Azərbaycanda tətbiqini sürətləndirmək, bəşəri dəyərlərdən faydalanmaqdır: “Biz müxtəlif beynəlxalq təşkilatlara üzv olmuşuq. Özümüz könüllü daxil olmuşuq, heç kim bizi məcbur etməmişdir. Nə üçün? Ona görə ki, Azərbaycanda olan meyarlar dünyanın ən qabaqcıl ölkələrinin meyarlarına uyğun olsun.”

Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi azad mətbuatın inkişafı istiqamətində də atılan addımlar davamlılığı ilə diqqət çəkir. “Azad internetin olduğu, sezuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Biz KİV-in azadlığını daha da genişləndiririk” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik.

Göründüyü kimi, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Demokratikləşmə sadəcə niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Bu reallığı qəbul edən və etməyən qüvvələrin olması təbiidir. Azərbaycanı müstəqil, demokratiya yolunda inamla irəlilədiyini həzm etməyən dövlətlər, təşkilatlar hər zaman qarayaxma kampaniyalarının ssenaristləri olsalar da, sonda mövcud reallıqlarımız bu cəhdləri boşa çıxarıb. Həqiqət budur ki, Azərbaycan demokratik prinsipləri həyata keçirdiyi siyasətin əsası kimi qəbul edir və hörmətlə yanaşır. İkili siyasəti özləri üçün bir meyar kimi qəbul edən dövlətlər Azərbaycanın demokratiya təcrübəsindən yararlanmaqla ədaləti bərpa edə, həqiqətə həqiqət gözü ilə baxa bilərlər. Məhz ikili siyasətin nəticəsidir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, ədalətli həllini gözləyir. Dünya hələ də erməni vəhşiliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklərinə göz yumur, işğalçını adı ilə çağırmağın gərəksizliyini bildirir. Dövlətimizin başçısı bildirir: “Sual verilir: Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğuna elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.”

Yeganə Əliyeva, “İki sahil”