20 iyul 2018 15:59
2609

İncəsənət və idmanın vəhdəti: Bədii gimnastika

10 yaşlı Fatimə Xəlilzadənin  böyük arenalarda qazandığı uğurlar gələcək qələbələrinin bələdçisidir

Birinci Avropa Oyunlarından sonra yeniyetmə və gənclərin idmana kütləvi marağının artdığı göz önündədir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. İdman sağlamlıq olmaqla yanaşı, eyni zamanda, bir siyasətdir.

Gənclərimizin beynəlxalq yarışlarda ayrı-ayrı idman növləri üzrə qələbəsi dövlət himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəklərə qaldırılması ilə müşayiət olunur ki, bu da öz növbəsində Azərbaycanın təqdimatıdır. Bir məqamı da nəzərə alaq ki, beynəlxalq yarışlarda iştiraka gedən yol təbii ki, ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın istedadından, gərgin əməyindən, peşəkarlığından və iradəsindən asılıdır.

Bu gün haqqında bəhs edəcəyimiz 10 yaşlı məktəbli Fatimə Xəlilzadə idmanın bədii gimnastika növü ilə məşğul olur. Ölkəmizdə bu idman növünün yaranma və inkişaf tarixinə diqqət yetirsək, böyük inamla deyə bilərik ki, 2002-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük irəliləyişlər üçün zəmin yarandı. Bu gün Azərbaycan gimnastika məktəbi dünya idman birliyi tərəfindən tanınır. Digər gimnastika növləri ilə yanaşı, bədii gimnastika da Avropa Oyunları proqramına daxil edilib. Ölkəmizdə gimnastikanın müxtəlif növləri - bədii gimnastika, kişi və qadın idman gimnastikası, aerobik və akrobatik gimnastika, tambliq və batut inkişaf edir. Respublikamızın müxtəlif regionlarında gimnastika klubları və bölmələri fəaliyyət göstərir. Müntəzəm olaraq bölgələrarası kuboklar üzrə yarışlar təşkil olunur. Bütün bunlar Azərbaycanda gimnastikanın coğrafiyasının genişləndiyinin göstəricisidir.

Daha çox qızları cəlb edən, gücü, gözəlliyi və harmoniyanı birləşdirən bədii gimnastika 10 yaşlı Fatimə Xəlilzadənin də diqqətini bu sahəyə yönəltdi. Çevik hərəkətləri, çətin tryukları ilə məşqlərdə fərqlənən Fatimə dəfələrlə respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edib, qələbə qazanıb.

Fatimə 2018-ci il iyunun 14-17-də Bakıda keçirilən, 28 ölkədən 300 gimnastın qatıldığı  bədii gimnastika üzrə Beynəlxalq səviyyəli yarışda uğurlu çıxışı ilə III yerə layiq görülmüşdür. Qeyd edək ki, məktəbli idmançımız 5 yaşından Xırdalan şəhərindəki “Zirvə” İdman Klubunda bədii gimnastika ilə məşğul olur. Ötən il  Kürdəmir Olimpiya İdman Kompleksində keçirilən yarışlarda da III yerə layiq görülüb. O, həmçinin 2017-ci ildə  Zirvə Beynəlxalq İdman Klubunun ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr etdiyi yarışda  fərqlənərək, Bədii gimnastika üzrə açıq V Zirvə oyunlarında II yeri tutub. Onun uğurları sırasına bu il Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən bədii gimnastika üzrə yarışlarda qazandığı II yeri də əlavə etsək, 10 yaşlı idmançımızı gələcəkdə daha böyük uğurlar gözlədiyini əminliklə söyləyə bilərik.

Fatimənin uğurlarında sözsüz ki, təhsil aldığı məktəbin də rolu var. 10 yaşlı həvəskar gimnastımız, eyni zamanda, dərs əlaçısıdır. Təhsilin və idmanın vəhdəti ona uğurlarına geniş yol açır. Bilik zirvələrin fəth olunmasında əsas amillərdən biridir. Fatimə Xəlilzadə də bu zirvəyə qalxmaq üçün səylə çalışır.

“Arzular tükənməzdir” deyirlər. Hələ orta məktəb illərinin pillələrini addımlayan Fatimə Xəlilzadə azarkeşlərə özünü həvəskar idmançı kimi təqdim edir. Klub çərçivəsində keçirilən  yarışlarda qazandığı uğurlar balaca Fatimənin idmana açılan yolunun ilk cığırlarıdır. Bu, balaca idmançımızın bu günümüz üçün olan arzusudur.  Ondan qitə miqyasında və dünya arenasında qələbələr gözləyirik. Halqalarla, lentlərlə hərəkəti, musiqinin ahəngi ilə istedadın sirrlərini, idmanın gözəlliyini diqqətə çatdıran Fatimənin ən çətin hərəkətləri ustalıqla yerinə yetirəcəyinə inamı məşqçilərinin sözləri, bədii gimnastikaya olan həvəsi də əminlik yaradır. Hələ kiçik olsa da, böyük arenalarda məharətini göstərən Fatimə özündən böyüklərin məşqlərinə baxmaqla maraq dünyasını zənginləşdirir. Maraq, həvəs olan yerdə isə qələbə qaçılmazdır. Məktəbli idmançımıza uğurlar, seçdiyi yolda qələbələr arzulayırıq.

Yeganə Əliyeva,

“İki sahil”