18 oktyabr 2018 14:55
1977

Fidan Hüseynova “Junior Eurovision-2018”də hansı mahnını ifa edəcək?

Oktyabrın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində ölkəmizi Belarusun paytaxtı Minskdə keçiriləcək “Junior Eurovision- 2018” (Uşaq Avroviziya-2018) mahnı müsabiqəsində təmsil edəcək Fidan Hüseynovanın səsləndirəcəyi mahnı və ona çəkilmiş promoçarx təqdim olunub.

Çıxış edən İTV-nin musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva müsabiqədə artıq xüsusi mərhələnin başlandığını, promoçarxın müsabiqənin rəsmi səhifəsində yerləşdirildiyini bildirib. O qeyd edib ki,  müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi (ən azı 60 faizi) ifaçının təmsil etdiyi ölkənin dilində olmalıdır. Bu məqsədlə də mahnının sözlərinin 60 faizi Azərbaycan, 40 faizi (müəyyən keçidləri və nəqarəti) ingiliscədir.

Tədbirdə, eyni zamanda, İctimai Televiziya və Radio Yayımları Şirkəti mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, musiqi yarışmasında ölkəmizi təmsil edəcək Fidan Hüseynova çıxış edərək müsabiqə barədə fikirlərini bölüşüblər.

“Sənin kimi olmaq” (I wanna be like you) adlı mahnının müəllifləri bəstəkar İsa Məlikov və ifaçı Fidan Hüseynova (müsabiqənin qaydalarına əsasən mahnı ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır), Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, ingilis dilində isə Elvira Miçiyevadır. İTV-nin bazasında çəkilən promoçarxın quruluşçu rejissoru Aleksey Krupinadır.

Mahnıda ifaçı arzularından və xəyali qəhrəmanından bəhs edir. O, bu naməlum qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımladığından danışır.

Qeyd edək ki, Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qırmızı kitab”ına salınıb və Prezident təqaüdünə layiq görülüb.  O, eyni zamanda, 2017-ci ilin mart ayında İtaliyanın “Testene Art Baku” beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yerə layiq görülüb. Həmçinin “Sanremo Junior 2018” festivalında iştirak edərək üçüncü yeri tutub.

2005-ci ildə anadan olan gənc ifaçı hazırda Bakıdakı “Oksford” məktəbinin 6-cı sinif şagirdi olmaqla yanaşı, Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.

Xatırladaq ki, noyabrın 25-də keçiriləcək mahnı müsabiqəsində  20 ölkə birincilik uğrunda mübarizə aparacaq.

Ceyhun Piriyev, “İki sahil”