13 noyabr 2018 23:48
3031

Dünyaya dərs və bəs olacaq qədər mədəniyyətimiz var

“İki sahil” İnternet televiziyasının efirində yayımlanan “Bizimlə həmsöhbət” verilişinin budəfəki qonağı Azərbaycan Respublikasının xalq artisti, Şeyx Əbdül kimi tanıdığımız Əbdül Mahmudbəyovdur. Müsahibimizlə Azərbaycan kinosunu 120 illiyi ilə bağlı cənab Prezidentin Sərəncamı və ümumiyyətlə bu sahədə həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi apardıq

- Əbdül müəllim, Cənab Prezidentin Azərbaycan kinosunun 120 illiyi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələrək həyata keçirilən işlərin əsas təşkilatçılarındansınız. İlin sonuna yaxınlaşırıq. Maraqlıdır, il ərzində hansı uğurlara imza ata bildiz?

-İlk olaraq kino tariximizin öyrənilməsi istiqamətində təhlil və araşdırmalar apardıq. Bu gün mən bütün dünyaya konkret faktlarla sübut edə bilərəm ki, dünyanın sivilizasiyası bizdən başlayır. Çünki bütün dünyanın rəsmi etiraf etdiyi iki mədəniyyət var: qışlaq və yaylaq mədəniyyəti. Qışlaq mədəniyyəti oturaq mədəniyyətdir. Bu mədəniyyətin özü ilə əlaqədar tarixə bəlli olan ilk faktları biz yaratmışıq. Kino və ümumiyyətlə, mədəniyyət tariximizi vərəqlədikcə bunun bir daha şahidi oluruq. Ona görə də ölkə Prezidenti tarixin öyrənilməsi və faktların araşdırılmasına xüsusi diqqət və qayğı göstərir. Artıq hər birimiz dərk etməliyik ki, öz soyumuza qayıtmalıyıq. Çünki bizim başqa xalqlardan oğurlanmalı heç nəyə ehtiyacımız yoxdur. Əksinə, bütün dünyaya dərs və bəs olacaq qədər mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz var. Bütün dünyaya bunu çatdırmaq üçün əlimizdəki ən önəmli vasitə isə kino və televiziyadır. Çünki hər ikisi kütləvi informasiya vasitəsidir. Bu sahələrdə işləyən insanlar mütləq yüksək səviyyədə milli kimliyini tanıyan insanlar olmalıdır. 

- Əbdül müəllim, ölkəmizdə xüsusilə kinonun inkişafına göstərilən diqqət və qayğının qədim tarixi var. Biz bu mədəniyyətimizə bu dəstəyi ulu öndər Heydər Əliyevdən görmüşük

-Sözsüz. Ümumiyyətlə, Azərbaycanda bu sahələrin inkişafına göstərilən diqqət və qayğının tarixi ulu öndər Heydər Əliyevdən başlayır. Hələ Azərbaycanın müstəqil olmadığı vaxtlarda belə Ümummilli Lider bu iki sahədə fəaliyyət göstərən insanların əməyinə böyük hörmət və ehtiram göstərir, bunu əməllərində sübut edirdi. Elmə, sənətə, mədəniyyətə verilən qiymət, dəyər bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi və yubiley münasibətilə silsilə tədbirlərin təşkil edilməsi asan deyil. Bilirsiniz ki, dünya kino tarixinin 105 yaşı var. Amma axtarıb tapdıq ki, 120 il öncə hərəkətdə olan şəkillərdən ibarət qısametrajlı film  bizdə çəkilib. Bu faktı öyrənən kimi, dərhal cənab Prezidentə təqdim etdik. Cənab Prezident faktla tanış olan kimi Azərbaycan kinosunun 120 illiyinin möhtəşəm səviyyədə keçirilməsi ilə bağlı Sərəncam imzaladı.  Artıq kino tariximizə heç kim tərəfindən şübhə edilə bilməz. Bu gün bu baxımdan dünyanın gözü Azərbaycandadır.

- Kino mədəniyyətimizə göstərilən diqqət və qayğı özünü kinonu bizə sevdirən insanların şəxsiyyətinə göstərilən diqqətdə də göstərir. İstərdim bu mənada dahi şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamların mahiyyətidən danışaq

- Makkevellinin bir sözü var, deyir: “Söszüz ki, hər şeyi kadr həll edir”. Azərbaycan kinosunun bu mənada bəxti gətirib. Çünki Azərbaycan kinosunun təməli bütün sahələr olduğu kimi, bu sahənin də intibah dövrünə düşdü. Üzeyir bəy, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, nəhayət Cəfər Cabbarlı, Rza Təhmasib və s. Mən o dövrü yəni, XVIII əsrin sonu XIX sərin əvvəlini Azərbaycanın bütün sahələrdə intibah dövrü kimi dəyərləndirirəm.  Azərbaycan kinosunu yaradan böyük ustadlar var. Onlar unudula bilməzlər. Hər zaman deyirəm ki, dəyərli insanlar o zaman dəyərli qalırlar ki, onlara həmin dəyəri verən insanlar olur. Ulu Öndərin Azərbaycan mədəniyyətinə verdiyi dəyər və bu gün cənab Prezident tərəfindən bu önəmli missiyanın davam etdirilməsi göstərir ki, hələ Azərabaycan kinosu, mədəniyyəti, incəsənəti üçün yaşayanlar yaddaşlarda qalacaqlar. Kino şəxsiyyətlərimizin yubileylərinin dövlət səviyyəsində qeyd olunması ölkə başçısının kino tariximizə göstərdiyi diqqətin göstəricisidir. Azərbaycan kinosunun tarixində dərin izlər buaraxan Rasim Ocaqovun 85, Həsən Məmmədovun 80, Həsən ağa Turabovun 80 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi haqqında cənab Prezidentin sərəncamları var. Bu o deməkdir ki, artıq kino tariximizdə böyük işlərə imza atan bu insanların təbliği hər kəs tərəfindən aparılmalı, bu sahədə silsilə işlər görülməlidir.

- Kinomuzun son vəziyyəti barədə nə deyə bilərsiniz? Nədən narazısınız? Ən əsası bu sahənin gələcəyinə ümidləriniz varmı?

-Gələcəyə böyük ümidlərim var. Dövlətin təbliğatla bağlı apardığı siyasətin xeyirini sözsüz ki, görəcəyik. Dama-dama göl olar, deyiblər. Bu xalq genetik cəhətdən istedadlı xalqdır. Cənab Prezidentin yaratdığı şərait və xalqın  genetik cəhətdən istetadlı olması hər şeyi yerinə qoyacaq. Düzdür, son vaxtlar gülməli şoumenlərin çox olması məni narahat edir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bizi tez-tez ittiham edirlər ki, niyə o cür filmlər çəkirsiniz?! Axı kiminsə pulu var, özünə şirkət açır və film çəkir. Mən kimin işinə qarışa bilərəm ki?! Yalnız bunu dərk etmək lazımdır ki, o çəkilənlərin kino mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Ona görə də başqa sahələr özləri bilərlər. Ama o sahələr ki xalqın gündəlik həyatını, adət-ənənələrini, mədəniyyətini özündə əks etdirir, gərək bu sahədə ciddi nəzarət  olsun.

- Kinomuzun inkişafında əməyi olan insanların sosial rifah halının yaxşılaşdırılması da önəmli məqamlardandır.

- Təbii ki, xalq o zaman udur ki, sənətə və sənətkara sağlığında qiymət verməyi bacarır. Bu baxımdan da özümüzü şanslı hesab edə bilərik. Çünki bu günə qədər istedadlı, əziyyət çəkən, əməyini Azərbaycan mədəniyyətinin inkişafı üçün sərf edən heç kəs diqqətdən kənarda qalmayıb. Mən fürsətdən istifadə edib sizin qəzetiniz vasitəsilə cənab Prezidentə təşəkkür etmək istəyirəm. Mən bu il həm cənab Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görüldüm. Eyni zamanda mənzillə təmin olundum. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti və Azərbaycan xalqı əməyə, zəhmətə və zəhmətkeşə dəyə verməyi bacarır. Bu mənada ailəm və şəxsim adından cənab Prezidentə mənə və mənim simamda Azərbaycan mədəniyyət işcilərinə göstəriyi xüsusi diqqətinə görə təşəkkür edirəm. Bu diqqət bizi daha da ruhlandırır və daha uğurlu işlərə imza atmağa sövq edir.

Şəfiqə Dadaşova, “İki sahil”