09 aprel 2018 21:47
1158

“Mezzo” telekanalında ölkəmizlə bağlı süjet yayımlanıb

Fransanın nüfuzlu “Mezzo” telekanalında ölkəmizlə bağlı süjet yayımlanıb

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin mədəniyyətini, incəsənətini, tarixi irsini, təbii gözəlliklərini və zəngin milli mətbəxini dünyada təbliğ etmək üçün davamlı layihələr həyata keçirir. Bu fəaliyyətin mühüm bir istiqaməti də nüfuzlu xarici telekanallarda ölkəmizlə bağlı tanıtım çarxlarının yayımlanmasıdır. Nazirliyin sifarişi ilə hazırlanan növbəti belə videoçarxın nümayişi aprelin 9-da Fransanın “Mezzo” telekanalında yayımlanmağa başlanıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin memarlığının, təbiətinin və mətbəxinin zənginliyinin əks olunduğu videoçarxda dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun məşhur “Azərbaycan kapriççiosu” əsərinin musiqisindən istifadə olunub.

Videoçarxın təsviri Bakıdan, gecə vaxtı işıqları sayrışan Alov qüllələrindən başlayaraq, Qəbələ musiqi festivalının açıq hava səhnəsində orkestrin ifası ilə davam edir. Möhtəşəm musiqinin sədaları altında tamaşaçı yaşıl donlu dağlar qoynuna “yollanır”, yenidən Bakıya qayıdır, fərqli rakursdan Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasını, Qız qalasını seyr edib, “İçərişəhər”dəki qədim bazar abidə kompleksindəki heykəllər, milli balet nümunəsi ilə tanış olur. Ardınca Şəki Xan sarayının rəngli şüşəli pəncərələrindən ətrafı seyr edib, milli mətbəximizin ən ləziz yeməklərindən olan yarpaq dolmasının hazırlanmasını izləyir. Hazır xörək isə ona adi masada deyil, Azərbaycan xalçasının üstündə təqdim edilir. Bunun ardınca sanki Azərbaycan Xalça Muzeyində qorunan “sehrli xalça” ilə səyahətə çıxaraq “İçərişəhər”də mənzil başına çatır. Reklam çarxı tamaşaçıda ölkəmizin görməli yerləri, mədəni irsi barədə yaddaqalan təsəvvür yaradır.

Qeyd edək ki, “Mezzo” televiziya kanalı 1992-ci ildən yayımlanır. Telekanal klassik musiqi, caz, musiqili folklora xüsusi yer verir. Kanal əsasən konsertlər, festivallar zamanı canlı yayımda lentə alınmış musiqi proqramlarını nümayiş etdirir. Yayım şəbəkəsinə konsert, opera və balet tamaşalarının canlı yayımı, eləcə də musiqi və ifaçılar haqqında sənədli filmlər daxildir.