22 yanvar 2018 18:41
961

Sofiyada Azərbaycan film gecəsi təşkil olunub

Sofiyanın Kino Evində Menar Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar filmi gecəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Məclisin deputatı Ağacan Abıyev, İvan Vazov adına Milli Teatrın direktoru Marius Donkin, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov, Bolqarıstan Xalq Məclisinin əməkdaşları, bu ölkənin dövlət və özəl qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Sofiya şəhərinin meri Yordanka Fandıkova tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Tədbirdə ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək bu il Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu söyləyib. Bildirib ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 110, milli teatrımızın 145 və kinematoqrafiyamızın 120 illik yubileyləri qeyd olunacaq. Diplomat əlavə edib ki, səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə həyata keçirəcək.

Səfir mövcudluğu ərzində Azərbaycan kinematoqrafiyasının saysız bədii, sənədli və cizgi filmləri istehsal etdiyini və bu filmlərin nəinki yerli auditoriya, eləcə də xarici kinosevərlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, rejissorlar Boris Barnet və Səməd Mərdanovun 1935-ci ildə lentə aldığı Azərbaycan tarixində ilk səsli film olan “Mavi dəniz sahilində” filmi dünya kinematoqrafiyasının 100 illik yubileyi ilə əlaqədar nüfuzlu film tənqidçiləri arasında aparılmış sorğuya əsasən dünyanın ən yaxşı filmləri siyahısına daxil edilib. Diplomat son illər istehsal olunan 13 Azərbaycan filminin 20 ölkədə keçirilən 38 festivalda iştirak etdiyi və 20 mükafata layiq görüldüyünü qeyd edib.

N.Qurbanova festival çərçivəsində nümayiş olunacaq rejissor İlqar Nəcəfin “Nar bağı” filminin süjet xətti və beynəlxalq arenada uğurları barədə məlumat verib.

Sonra “Nar bağı” filmi nümayiş olunub.

Filmin nümayişdən sonra səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosuna müsahibə verib. Festivalın bolqar cəmiyyətinin ölkəmizin kino sənəti barədə məlumatlandırılması baxımından rolunu yüksək qiymətləndirən diplomat Azərbaycan kinematoqrafiyasının tarixi barədə məlumat verib.

Qeyd edək ki, festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. Menar Film Festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. Ötən il ölkəmiz sözügedən festivalda “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri ilə təmsil olunub.