20 dekabr 2016 20:31
1111

Professor Nizami Tağısoyun qaraqalpaq mərasim və inancları haqqında

Mərasimlərin  nə zaman, konkret olaraq tarixin hansı dönəmində meydana çıxdığını söyləmək çətindir. Bu məsələ folklorşünasları daim narahat etsə də, problem indiyə qədər birmənalı olaraq öz həllini tapmamışdır. Lakin hər hansı folklor nümunələrinin  mənşəyindən danışmaq mümkündür. Mərasim və inancların hər bir xalqın həyatında mühüm rol oynaması ilə bağlı yerindən və rolundan biz prof. Nizami Tağısoyun məsələyə dair qənaətlərindən bəhs etməyi qarşımıza məqsəd qoymuşuq. Maraqlı haldır ki, tədqiqatçı bu mərasim və inancların xüsusiyyətlərini qaraqalpaqların etnik düşüncəsinə söykənərək ortaya qoymağa səy göstərir. Qaraqalpaq mərasim və inancları məişət, təbiət hadisələri, astral təsəvvürlər sayəsində yaranan əsatiri görüşlər, heyvanlar aləmi və s. bağlı yaradılmış və uzun əsrlər boyunca onlar bu mərasimləri yerinə yetirmiş, inanclara tapınmışlar. Çünki bu tipli mərasimlər xalqın yaşam tərzinin tənzimlənməsinə, qutsalın qorunmasına xidmət edən adətləri özündə əks etdirmişdir.

  Prof. Nizami Tağısoy yaradıcılığında iki onillikdən artıqdır ki, qaraqalpaq türklərinin eposu, folkloru, klassik  və XX əsr ədəbiyyatı tədqiq obyekti və predmeti kimi çıxış etməkdədir. O, “Qaraqalpaq folkloru”na dair çoxsaylı araşdırmalar  aparmaqla  məqalələr yazmış, Beynəlxalq konfranslarda etdiyi məruzələrlə yanaşı , qaraqalpaq xalq nağıllarının dilimizə tərcüməsi ilə məşğul olub onları  ayrıca nəşr etdirən   mütərcim, “Каракалпакская литература”   və “Qaraqalpaq ədəbiyyatı”  kitablarının müəllifi kimi  tanınmaqdadır. Nizami Tağısoyun “Qaraqalpaq xalq nağılları”, “Qaraqalpaq  ədəbiyyatı”  kitablarında  digər nümunələrlə yanaşı,  biz bu xalqın saysız-hesabsız mərasimləri ilə də tanış oluruq. Bu əsərlərdən hər birində  müəllif mərasimlərin  qaraqalpaq  xalq mədəniyyətinin qədim növlərindən biri olduğunu qeyd edir. Doğrudanda  qaraqalpaq mərasim­lərinə yaxından bələdlik göstərir ki,  mərasimlərin  və inancların başlıca  məqsədi  ətraf aləmə  təsir etməklə  özünü  müxtəlif tipli bədbəxtliklərdən, xəstəliklərdən  qorumağı,  ailənin və qəbilənin  uğurlarını davamlı etməyə xidmət edir.

Nizami Tağısoy  qaraqalpaq  mərasimlərindən və inanclarından   hər birinin  öz təyinatı  olduğunu  göstərməklə  bu mərasimlərdə  xalqın  real  məişət həyatının, onun baxış və fəlsəfi dünyagörüşü, psixoloji ovqatı olduğunu nəzərə çarpdırır.   Dünyanın digər xalqlarında  olduğu kimi, qaraqalpaqlarda da qədim təbiət ayinləri və mərasimləri əsasən ovçuluq, təsərrüfat, heyvandarlıq, insan həyatında  yer almış hadisələr – doğum, ölüm, hər hansı  bir işə başlama, ev tikmə, toy-bayram, müxtəlif tipli şənliklər və s. bağlıdır. Biz  “Qaraqalpaq ədəbiyyatı” kitabında inanclar və mərasimlərlə tanış olduqda görürük ki, onlar bu xalqın həyatını reqlamentləşdirməklə, həm də etnik-milli özünəməxsusluqla fərqlən­məkdədir.

N.Tağısoy qaraqalpaq mərasim və inanclarını tədqiqatlara cəlb edərkən onları heç də lokal, sırf milli kontekstdə  nəzərdən keçirmir, bu mərasim və inancların  nəinki Orta Asiya və Qazaxıstanda, həm də  Azərbaycan, özbək, türkmən, qazax, qırğız, tatar, başqurd,  noğay və digər  türk  xalqlarında necə yer aldığını qeyd edir və burada o, əsasən qaraqalpaqların  yurta (alaçıq) ilə bağlı mərasim və inanclarını  daha çox təhlil  obyektinə  çəkir. Biz “Qaraqalpaq yurtası”  ilə tanış olduqda burada yurtanın xeyli mühüm funksiyalarının olduğunu  göz önünə gətiririk.

Qaraqalpaqlarda  yurta tikilməsi  ilə bağlı mərasimlərin  təşkilini ətraflı təhlil edən Nizami Tağısoy onun  nəinki ailənin, təzə  nikaha  girmişlərin ənənəvi  yaşayış yeri, həm də bayram, təntənə, əyləncə keçirilən məkan olduğunu söyləməklə, yurtanın  qurulduğu  zaman  hansı ağacdan  düzəldilməsinin vacibliyini qeyd edir.

Nizami Tağısoy qaraqalpaq  mərasim və inanclarının  toplayıcılarının  əsərlərini, incələyərkən xüsusən  X.Yesbergenov, Q.Snesaryov, S.Hacıyeva və başqalarının yurtaya aid əsərlərindən  qidalanmaqla  bu məsələyə dair  fikirlərini  oxuculara  çatdırmağı  və bu mərasimlərin  kifayət qədər spesifik olduğunu, eyni zamanda  bu inanc və mərasimlərin Azərbaycan  türklərinin  bəzi mərasim  adətləri ilə  uyğunluqlarına və oxşarlıqlarına  nəzər yetirir.

Qeyd etdiyimiz istiqamətdə təhlillərini davam etdirən müəllif qaraqalpaq yurtalarını  salanların xüsusi ənənə  daşıyıcıları  olduğuna diqqət yetirir.  Eyni zamanda göstərir ki,  yurta  quran ustalar elə  əsilli-nəsilli sənət sahibləri olmalıydılar ki, onlar nəsilliklə (yəni ən azı doqquz nəsil ard-arda) bu işlə  yaxından məşğul olanlar idilər.

Yurta qurub tikmək ənənəsində  qaraqalpaq  akın və jıraularında olduğu kimi  (müqayisə et Azərbaycan  və Türkiyə  aşıq sənətindəki ustad-şəyirdlik ənənələrini) “şekirt”lik  ənənəsi inkişaf  etmişdi ki, yurta  tikməyə başlayacaq şəxslər  ustadlar yanında üç-dörd il bu sənətin sirlərini öyrənməklə və ona  yiyələnmə  ilə bu işi  davam etdirirdilər. N.Tağısoyun  söylədiyinə görə şəyirdlər   ustad yanında təlimi  müvəffəqiyyətlə sona yetirdikdən sonra  ustad yurtanın  tikilməsində  istifadə olunacaq  alətlərindən  hər hansı birini ona bəxş etməklə, ona öz xeyir-duasını  verirdi. Təlim zamanı  şəyird  türk mətnində  ərəb qrafikasında  olan risalə ilə tanış olmalı  idi ki, orada şəyirdin gələcəkdə görəcəyi işdə vicdanlılığı , iş yerinin  səliqə -sahmanı, Allahın təkliyini, vahidliyini qəbul etməsi, ustaların  hamisi olan  Əlini  tanıması və s. mühüm yer tuturdu.  Çünki Əlini  (yaxud İbrahim Xəlili) Qaraqalpaqstanda ilk yurta quran şəxs kimi  tanıyırdılar. Yurta qurulan  zaman dəstəmaz  alınmalı, namaz qılınmalı, hami Bibi  Fatiməyə, Allaha dualar edilməli, qurbanlar kəsilməli idi.

Yurtnın  qurulmasının  özünün konstruktiv  kompozisiyası  və strukturu vardı ki,  burada qapı kandarı (bocar), yuxarı  bir  (manqaylama) və iki  yan dirəkləri (tul aqaş və jak aqaş) qoyulması daha vacib hesab olunurmış. Yurtanın qapısı mütləq içəri açılmalı, çıxışı cənub tərəfə durmalı imiş. Yurta tikilməyə başlanan zaman qadınlar bağırsaq qızartmalı, iy çıxarmalı (iyis şıkarıy təşkil etməli), qonum-qonşulara paylamalı imişlər. Qaraqalpaqlar yurta qurarkən ağcaqayın ağacından (qaraqalpaqlarda “kayın”) istifadə edilməməni onunla  əsaslandırmışlar ki, ağcaqayın qaraqalpaqlarda bədbəxtlik gətirən ağac hesab olunurmuş. Qaraqalpaqlar ağcaqayın əvəzinə yurta tikintisində nazik, bərk və dözümlü söyüd  ağacından istifadəyə daha böyük üstünlük verirlərmiş. Yeri gəlmişkən  bildirək ki, ruslar, ukraynalılar, belaruslar və qazaxlar ev tikintisində ağcaqayını daha  bərk ağac hesab etməklə ona böyük üstünlük vermişlər.

Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabında biz bu xalqın inanc və mərasimlərinin  xeyli digər keyfiyyətləri  ilə də tanış oluruq. Belə ki, qaraqalpaqların ənənəvi baxışlarına uyğun olaraq yurta quran ustanın emalatxnası müqəddəs  hesab olunurmuş. Buna görə də belə emalatxanaları sonsuz qadınlar, psixi xəstələr ziyarət edər, qurbanlar kəsərdilər. Yurta ilə bağlı inanclarda belə bir şey də varmış ki, onu tikən usta yurtaya qapı qoymazmış. Onun fikrincə, yurtaya qapıqoyma ustanın ölümünə səbəb ola bilərmiş. Yurtanın tikintisinə başlama heç də həftənin bütün günlərində əlverişli hesab edilmirmiş. Uğurlu gün kimi çərşənbə və cümə axşamı günlərini seçirlərmiş. Yurtanın tikintisi üçün aul ağsaqqalları əlverişli yer seçməli, oradan bəd ruhları qovmalı imişlər.

Yurtanın tikintisinə başlamazdan əvvəl bütün  qonum-qonşu, dost-tanış burya yığışmalı, qurbanlar kəsilməli, təntənələr təşkil olunmalı imiş. Buraya təşrif gətirənlər mütləq sovqatla (sayra)  gəlməli  və “qoy xeyirli olsun” (“Kutlı konıs bolsın”) deyib, evlərinə hədiyyə ilə qayıdarmışlar.

Yurta tikildikdən sonra burada kimsə xəstələnsəydi, qaraqalpaqlar onun tikildiyi yeri uğursuz hesab edərdilər. Eyni zamanda Nizami Tağısoy burada belə bir məqamı da vurğulayır ki, qaraqalpaqların inancına görə xoşbəxtliyin hansısa  konkret məkan olmur. Bundan başqa qaraqalpaqlarda başqa inanclar da mövcud idi. Məsələn,   qaraqalpaqlar heyvan satarkən onun yunundan bir az götürürmüşlər ki, bu  heyvannın satılması ilə  bağlı ailənin  xoşbəxtliyi və bərəkət evdən çəkilib getməsin. Maraqlıdır ki, Nizami Tağısoy analoji mərasim  və inancların Azərbaycan türklərində də olduğunu söyləyir və azərbaycanlıların da heyvan satan zaman  onun yunundan qoparıb, saxladıqlarını, yaxud qaranlıq düşən zaman pul verərkən, pulun bir qırağından qopardıqdan sonra borc istəyənə  verdiklərini qeyd edir.  Nizami Tağısoy bununla bağlı yazır:  “Azərbaycanlıların inancına görə şər qarışan vaxtı pul vermək ailənin  xoşbəxtliyinə ziyan vura, evin ruzisi gedə bilərdi”.

Qaraqalpaqlar ailədəki sonsuzluğu yurta  yanında ağcaqayın  ağacının  bitməsi ilə əlaqələndirirdilər.  Belə hallarda onlar ağcaqayın ağacını mütləq o yerdən uzaqlaşdırırdılar. Burada da müəllif Azərbaycan türklərində bədbəxtlik gətirən ağac kimi qoz və ənciri qeyd edir və onlardan kənarda  olmanın vacubliyini söyləyir. Qaraqalpaq mərasim və inanclarından söhbət açarkən  Nizami Tağısoy bu mərasimləri heç də yalnız Azərbaycan  mərasim və inancları ilə  müqayisə edib, paralellər aparmır. Məsələn, analoji mərasim və inancların Sibir türklərində,  yaqut və altaylılarda  da mövcud  olduğu faktına diqqət çəkir. Elə buradaca müəllif  uşaqlara uğursuzluq  və bədbəxtlik gətirən  yerlərin  tərk olunmasının altay türklərində  də mövcud olduğunu  qeyd edir.

Qaraqalpaqlarda yurtanın kandarı ilə bağlı qədim dini  mərasim və inanclardan bəhs açan Nizami Tağısoy belə  adətlərin əcdad ayinlərinə gedib çıxdığından  danışır.  Bu mərasim  və inancların toy mərasimləri,  uşaq doğuluşu, tərbiyə  edilməsi, hüzn və dəfn olunma  ayinlərində də izlənildiyini göstərir. Təhlillərdən görünür ki, qaraqalpaqlarda (bu azərbaycanlılarda  da belədir) ayağın qapı kandarına qoyulması  və kandar üstündə oturulması da yolverilməzdir. Eyni zamanda qapı kandarında  görüşmək, qonağı onun   üstündə qarşılamaq adətlə qadağandır. Çünki bu inanc, qapı kandarında  əl-ələ görüşmək nəinki qaraqalpaqlarda, həm də digər türk xalqlarında bir-birini lənətləmə kimi nəzərdən keçirilərdi. Buna görə də qonaqla ya kandardan öndə, ya da içəri daxil olandan sonra görüşməyə icazə verilirmiş. Kandar ayinini nəzərdən keçirən Nizami Tağısoy bu inancların Sibir türklərində, xakaslarda və sakalarda olduğundan da müqayisəli şəkildə məlumat verməkdədir. Kiandar ayini, demək olar ki, qaraqalpaq  və digər türkləri daim müşayiət edirmiş. Onların belə bir adətləri də varmış ki, ər evinə təşrif  buyuran gəlin, qadın  hər dəfə uşaq dünyaya gətirəndən sonra kandara baş əyməli, alnını kandara qoymalı, sonra sağ ayağı ilə kandardan  içəri daxil olmalı,  girməli  imiş. Kandardan içəri daxil olduqdan sonra yurtadakı qızlar, gəlinlər içəri girənə müxtəlif hədiyyələr bəxş edərmişlər. Yeri gəlmişkən  müəllif bildirir ki,  bu ayinlər nəinki qaraqalpaqlarda, Azərbaycan və Anadolu türklərində, özbəklərdə, türkmənlərdə, qaqauzlarda və digər  türk xalqlarında da eynidir.  Çünki qapı kandarı qədim türklərdə daim ulu və müqəddəs  məkan  hesab olunmuşdur.

Qaraqalpaqların digər  mərasimlərindən bəhs edən Nizami Tağısoy buğda çuvalı ilə bağlı inancları  da oxucuların diqqətinə çatdırır. Bununla bağlı qeyd olunur ki,  buğda ilə dolu çuvalı yurtanın ortasında qoymaq evə, ailəyə  zənginlik və çoxuşaqlıq  arzulamaq kimi nəzərdən keçirilən bir şeydir. Yurtanın içi qaraqalpaqlarda  bir neçə hissəyə bölünürmüş: burada mərasimlər keçirilən yer, qonaqlar  qəbul edilən yer, ev əşyaları yerləçdirilən  hissələr, ailənin özü  yaşadığı yer və s. vardır. Yurtanın girişindən sol tərəfdə kişilər üçün, kişi paltarı, at yüyəni və yəhəri olan yer, pərdə arxasında  gəlin və onun rəfiqələri,  buradaca doğuş yeri  və yenə də  pərdə arxasında  dünyasını  dəyişənlərin  yeri olurmuş. Bütün bunlar isə sağ tərəfdə yerləşirmiş.  Müəllif qeyd edir ki, yurtanın göstərilən şəkildə bölgüsü həm də digər türk xalqlarında – qazaxlarda, noğaylarda və özbəklərdə də mövcud olmuşdur.                                                         

Yurtanın qurulmasının  xeyli detalları, onun içindəki əşyaların  yerbəyer edilməsi qaraqalpaqlarda ritual xarakteri daşımışdır. Yurtanın üz tərəfi bitki və heyvan təsvirlərini əks etdirən kəsmə, deşmə (oyma) naxışları ilə bəzədilmişdir.Yurtanın daxilindəki səliqə sahman daim qorunarmış. Yurtanın içinə keçə hazırlanıb döşənilməzdən  əvvəl heyvanlar kəsilər, bağırsaq qovrular, təntənə təşkil olunar, Bibi Fatiməyə dualar edilərmiş. Bir sözlə, qaraqalpaqlarda bu mərasim və inanclarla bağlı adətlər daim ön planda olarmış.

NizamiTağısoy qaraqalpaqların qədim mərasim və inanclarında yurtanın yerini və rolunu aydınlaşdırarkən bu xalqın zəngin tarixi ənənlərə nə qədər böyük önəm verdiyini qeyd etməklə, həm də həmin ayinlərin Azərbaycan  türklərində və digər türk xalqlarında özünü necə büruzə verdiyini  diqqətə çatdırmaqla, digər türk xalqlarının  həyatı və etnoqrafiyası ilə bizi yaxından tanış etməkdədir.  Belə tədqiqatlar çeşidli adət-ənənələri  ilə zəngin  olan türklərin mədəniyyət nümunə­lərinin öyrənilməsində bizlərə yardımçı olması şübhə doğurmur. Digər türk xalqlarının adət-ənənlərinin, mərasim və inanclarının  belə müqayisəli-qarşı­laşdırma müstəvisində öyrənilməsi olduqca zəruridir.

Pərvanə Məmmədova

Filologiya üzrə fəlsəfə doktoru, dosent