13 noyabr 2017 19:12
632

Bakı Turizm Filmləri Festivalının sonuncu günü ekoturizm və reklam filmlərinə həsr ediləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-dən 17-dək keçiriləcək Dördüncü Bakı Beynəlxalq Turizm Filmləri Festivalının sonuncu günündə “ekoturizm və digər turizm növləri” və “reklam filmləri” kateqoriyalarından filmlər nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, noyabrın 17-də festivalda “ekoturizm və digər turizm növləri” kateqoriyasında Böyük Britaniya, İslandiya, Rusiya, Avstriya, Portuqaliya, Argentina, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Norveç, Ukrayna, Sloveniya, Finlandiya, Xorvatiya, Azərbaycan, Portuqaliya, Filippin, Polşa filmləri nümayiş etdiriləcək. Bu kateqoriyada ölkəmiz Adil Azayın “Vulkanın nəfəsi” filmi ilə təmsil olunacaq.

“Reklam filmləri” çərçivəsində Yunanıstan, İsveçrə, İtaliya, İspaniya, Gürcüstan, Portuqaliya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Danimarka filmləri göstəriləcək.

Xatırladaq ki, festivalda noyabrın 15-də “TV filmləri”, 16-da “ölkə, region, şəhər”, “mədəniyyət, ənənə” kateqoriyalarından filmlər göstəriləcək. Azərbaycan “ölkə, region, şəhər” üzrə Fuad Quliyevin “Azərbaycan. Ecazkar diyar” filmi, “mədəniyyət, ənənə” üzrə isə Nataliya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Fuad Quliyevin “Azərbaycanın ruhu” filmləri ilə təmsil olunacaq.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, habelə tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etməkdir.