24 aprel 2018 22:20
2229

Karlos Sayns: Bakı trası səhvləri bağışlamır

Karlos Sayns Bakıda iki dəfə çıxış edib, lakin ilk dəfə trasa “Renault” pilotu kimi çıxacaq. İspaniyalı yürüşçü mətbuat xidmətinə müsahibəsində Azərbaycan trasının əsas xüsusiyyətlərindən bəhs edib, həmçinin çempionatın yarışlarının ilk üçünə yekun vurub.

- Bakı trası çempionatın digər şəhər traslarına nə dərəcədə bənzəyir?

-Şəhər trasları olmalarına baxmayaraq, Bakı trasını Monako və Sinqapurla müqayisə etmək çətindir. Onların hər biri çox müxtəlif və özünəməxsusdur. Deyə bilərəm ki, Bakı trası heç də sadə deyil, bəlkə də Monakodakı kimi mürəkkəb olmasa da, ona yaxındır və burada kiçicik səhv sənə baha başa gələ bilər. Bütün həftəsonu ərzində yüksək konsentrasiya səviyyəsini qorumaq lazımdır.

Ötənilki yarış çox baxımlı oldu və mənim üçün də maraqlı keçdi. Start mürəkkəb alındı – təmasdan qaçmaq üçün mən trasın kənarına çıxmalı oldum. Geridə qalsam da, finişə səkkizinci çata bildim və bunu qaneedici nəticə hesab etmək olar.

- Bakı ilə tanış ola bildinizmi?

- Göründüyü kimi, bu şəhər müasir və qədim memarlığın vəhdəti baxımından əla yerdir. Qədim qala xoş təsir bağışlayır və hər dairədə onun yaxınlığından keçmək gözəldir. Tamamilə unikal yerdir. Bakının fərqli özəlliklərindən biri bizim otelin trasa çox yaxın olmasıdır ki, bu da bizim rahatlığımıza səbəb olur. Keçən il Bakıda həftəsonunda möhtəşəm artistlərin iştirakı ilə maraqlı konsertlər olurdu. Azarkeşlər burada mənalı vaxt keçirirlər ki, bu da əladır.

- Yarışların üçü geridə qalıb, siz “Renault R.S.18” haqqında nə düşünürsünüz?

-Zənnimcə, bu yarışlar kifayət qədər pozitiv keçib, komanda bütün məqsədlərinə nail olmaqda qətiyyətlidir. Mənə gəldikdə, çoxlu yeniliyi sınaqdan çıxarmaq imkanım oldu və əminəm ki, biz doğru istiqamətdə hərəkət edirik. Mümkün qədər çox xal qazanmaq üçün tərəqqiyə can atmağa çalışmaq lazımdır.