22 iyun 2017 14:19
1299

Formula-1 həyəcanı getdikcə artır

Gənclər bu həyəcanı fərqli yaşayırlar

Son illərdə aparılan sosial-iqtisadi islahatlar, infrastrukturun bərpası və yenidən qurulması, ölkəmizdə sosial-iqtisadi həyatın demək olar ki, bütün sahələrində problemlərin aradan qaldırılması birmənalı olaraq Azərbaycanın davamlı inkişafı ilə bağlıdır.

Məhz bu inkişafın nəticəsidir ki, Azərbaycan son illərdə dünyada həm də beynəlxalq tədbirlərin təşkilatçısı və ev sahibi kimi tanınır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və s. kimi beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanı bu sahədə həm də peşəkar edib. Bu baxımdan Formula-1 yarışlarının da əvvəlki tədbirlər kimi, yüksək səviyyədə keçirilməsi heç kimdə şübhə doğurmur. Məlum olduğu kimi, 23-25 iyun tarixlərində keçiriləcək bu mötəbər yarışın izləyici auditoriyası da kifayət qədər genişdir.

“İki sahil” qəzetinin əməkdaşı bu dəfə gənclərlə söhbətində onların Formula-1 yarışları barədə fikirləri ilə maraqlanıb. Mötəbər yarışın ölkəmizdə keçirilməsini yüksək qiymətləndirən gənclərin maraqlı fikirlərini təqdim edirik.

Lalə Tağızadə - Azərbaycan Dövlət İqtisad Universitetinin magistrı:

- Əlbəttə ki, beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi bizim üçün müsbət haldır. Düşünürəm ki, bu, Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artırır. Paytaxtımızda yenicə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarını da maraqla izlədik. Həqiqətən, yarışlar professional şəkildə təşkil olunmuşdu. Bir izləyici kimi hər şeydən razı qaldıq. Artıq heç kimdə şübhə doğurmur ki, bu dəfə yarışlar istər təşkilatçılıq, istərsə də qalan bütün nüanslar baxımından əhatəli bir şəkildə təşkil olunacaq.

Sona Rəhimova - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi:

-Məncə, belə yarışlara ev sahibliyi etmək hər bir inkişafda olan dövlət üçün maraqlı olar. Bu cür yarışlar təkcə idmançıların deyil, media nümayəndələrinin, turistlərin, eləcə də bizi istəməyən qüvvələrin diqqət mərkəzində olur. Əminəm ki, Azərbaycan bir daha özünü güclü, inkişaf etmiş gənc idman ölkəsi kimi tanıtmağı bacaracaq. Çünki bizim artıq bu sahədə xeyli təcrübəmiz var.

Məcnun Ağayev - Moskva Dövlət Universitetinin tələbəsi:

- Əvvəlcə onu qeyd etmək istəyirəm ki, ətrafımda olan gənclərın əksər hissəsi bu yarışları izləmək üçün Bakıya gəlmək istəyirlər. Çünki ölkəmizdə beynəlxalq tədbirlər, Formula-1 kimi maraqlı, mötəbər yarışlar insanlarda xoş təəssürat yaradır. Vətəndən kənarda yaşayan bir gənc kimi Bakı haqqında müsbət fikirlər eşitmək məni fərəhləndirir.

Şəbnəm Şirinova - Seul Dövlət Universitetinin tələbəsi:

-  Ölkəmiz artıq bir neçə ildir ki, müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Vətəndən uzaqda olsam da ölkəmizdə keçirilən yarışları izləyirəm. Bir azərbaycanlı olaraq qürur hissi keçirirəm. Ətrafımda olan insanların da bizim ölkə haqqında fikirləri çox müsbətdir. Bu, məni daha da sevindirir. Azərbaycan artıq dünyada idman ölkəsi kimi ad-san qazanıb.

Əli Əliyev - Lvov Kommersiya Akademiyasının tələbəsi

- Dörd ildir ki, Ukraynanın Lvov şəhərində təhsil alıram. Keçən il Formula-1 yarışları keçiriləndə Ukraynada hamı deyirdi ki, Bakı yarışların öhdəsindən layiqincə gələcək. Həqiqətən də belə oldu. Azərbaycanlı tələbələr olaraq fəxr edirik ki, ölkəmiz bu günə qədər belə tədbirləri uğurla təşkil edib. İndi də Formula-1 yarışları maraqla gözlənilir. Azərbaycan davamlı olaraq özünü güclü idman ölkəsi kimi göstərir. Bu, qürurverici bir haldır.

Röya Şahbazi, “İki sahil”