23 iyun 2017 21:47
1468

Moldova Prezidenti Formula-1 paddokunda

Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova Prezidenti Formula-1 paddokunda

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və Federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula-1 yarışlarının ilk günündə Formula-1 paddokunda olaraq yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, eyni zamanda, beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanışlıq olub.

“Formula One Group”un icraçı direktoru Çeyz Keri AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon, gənclər və idman naziri Azad Rəhimov, AAF-ın prezidenti Anar Ələkbərov və Federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşlərinə baxıblar.