29 iyun 2017 18:48
1942

Arif Rəhimov: Çarli Uaytinq marşalların işindən razıdır

Bakı şəhər trasında keçirilmiş “Formula-1” Azərbaycan Qran-Prisi parlaq və yaddaqalan oldu.

AZƏRTAC xəbər verir ki, “Baku City Circuit”-in icraçı direktoru Arif Rəhimov “F1News.ru” saytına müsahibəsində həftəsonuna yekun vurub, marşalların ünvanına səslənmiş tənqidi qeydlərə cavab verib və 2018-ci il yürüşlərinə hazırlığın gedişi barədə danışıb.

- Keçən il Bakı mərhələsi Le-Man yürüşü ilə eyni vaxtda düşmüşdü, 2017-ci ildə isə bu hadisələri ayrı-ayrı vaxtlara salmaq mümkün oldu. Siz bu işin nəticəsini və bütövlükdə Azərbaycan Qran-Prisinin yekunlarını necə qiymətləndirirsiniz?

- Məncə çox yaxşı oldu ki, biz vaxt etibarı ilə Le-Manla kəsişmədik. Bu, mətbuatda bütün diqqəti bizə yönəltməyə imkan verdi – jurnalistlər iki tarixi yürüş arasında seçim etməli olmadılar. Mənim fikrimcə, ötən bazar günündən sonra Bakı yürüşü artıq tarixi hadisəyə çevrildi. Jurnalistlər Bakıya rahatca gəlir, bilirdilər ki, avtomobil idmanı aləmində başqa iri hadisələrlə kəsişmə yoxdur. Qran-Pridə baş verən hadisələrin işıqlandırılması baxımından bu, bizə kömək etdi.

Yürüş özü əla keçdi. Mənim fikrimcə, bu yürüş hamının xoşuma gəldi. Biz çoxlu xoş rəy almışıq. Təşkilati işlər keçənilkindən daha yaxşı səviyyədə idi. Bizim bəxtimiz gətirdi ki, yürüş daha maraqlı oldu.

- Yürüş günlərində tamaşaçı axını sizi qane etdimi?

- Bəli, bazar günü səhər bizdə cəmi 900 satılmamış bilet qalmışdı. Bu, əyləşmə yerlərinin ümumi sayının cəmi 5 faizi deməkdir. Bildiyimə görə, bazar günü daha 500-600 bilet satılıb. Prinsipcə, ola bilsin ki, kassalarda ümumiyyətlə bilet qalmayıb.

Bəzi yerləri satışdan çıxarmışdıq, çünki həmin yerlərdən baxanda ağaclar yürüşü yaxşı müşahidə etməyə imkan vermirdi. Həmin yerləri satışdan çıxarmağımız yalnız bütün tamaşaçıların trası yaxşı görməsi üçün edilib.

Prinsipcə biz razıyıq. Keçənilki ilə müqayisədə bilet satışı 28 faiz artıb. Beynəlxalq satışlara gəldikdə, bu göstərici düz iki dəfə artıb. Bu, çox yaxşı statistikadır. Biz illik planı yerinə yetirmişik.

- Hansı ölkələrdən daha çox azarkeş gəldiyini hesablamısınızmı?

- Azərbaycandan olan tamaşaçıları saymasaq ən çox azarkeş Rusiyadan gəlib – təxminən 2000 nəfər. Lakin “Formula-1” mərhələsi dövründə şəhərimizə gəlmiş, lakin yürüşlərə gəlməmiş insanların sayını hələ bilmirik. Onları da hesablasaq, Rusiyadan gələnlərin sayı sanballı ədədlə ifadə olunacaq. Bütövlükdə bu mərhələyə 60-dan çox ölkəni təmsil edən tamaşaçılar gəlib.

- Siz Türkiyə auditoriyasının Bakı Qran-Prisinə marağını necə qiymətləndirirsiniz?

- Mən belə başa düşürəm ki, Türkiyədə “Formula-1” yarışları o qədər də populyar deyil. Əlbəttə, Türkiyədən azarkeşlər gəlir, amma mənim bildiyimə görə, onların sayı ilk onluğa daxil deyil. Mənim tanış olduğum sonuncu statistik məlumata görə, Rusiyadan sonra ikinci yeri İngiltərədən olan azarkeşlər tutub. Yürüşlərə bir həftə qalmış biz təkcə İngiltərəyə 600 bilet satmışıq. Digər Qərbi Avropa ölkələrindən olan çoxsaylı tamaşaçılar bizim yürüşlərə məmnuniyyətlə tamaşa etmək istəyirdilər. Beləliklə, Bakı mərhələsinin coğrafiyası Avstraliyadan Rusiyaya qədər böyük bir ərazini əhatə edir.

- Avropa Qran-Prisi adının Azərbaycan Qran-Prisi adı ilə əvəz edilməsi necə təsir göstərib?

- Mənim fikrimcə, adın dəyişməsi bizim marketinq şöbəsinə bir qədər kömək etdi, çünki azarkeşlər bu mərhələnin harada keçirilməsini daha dəqiq anladılar. Adın dəyişdirilməsi azarkeşlərin sayını artırmağa kömək edibmi? Mənim fikrimcə burada birbaşa əlaqə yoxdur. Populyarlığın artmasına ən çox kömək edən birinci yürüş oldu. Biz bu yürüşdən nə gözlənildiyini hamıya göstərdik: tras, əyləncələr və s. Bizim keçənilki yürüş bütün dünya tamaşa etdi.

- Həftəsonu yürüşün gedişində marşalları tənqid edirdilər ki, onlar əzilmiş maşınları trasdan yetərincə operativ şəkildə yığışdırmırlar. Gələcəkdə belə problemlərin olmaması üçün bir tədbir görməyi planlaşdırırsınızmı?

- Açığını deyim ki, belə tənqidlərin haradan gəldiyini bilmirəm. Mən Çarli Uaytinq ilə bir neçə dəfə söhbət etmişəm. O, bizim marşalların işinin operativliyindən razı idi. Bu tənqidin səbəblərini təxminən başa düşürəm. Ola bilsin ki, bu tənqidi çıxışlar “Formula-2”də səkkizinci döngədə 4 maşının toqquşduğu qəzadan sonra səslənib. Mənə belə gəlir ki, bəzi adamlar səkkizinci döngədən 4 maşının təxliyə edilməsinin nə dərəcədə mürəkkəb məsələ olduğunu yaxşı başa düşmürlər. Biz həmin maşınların hərəsini ayrı-ayrı istiqamətlər üzrə təxliyə etməli olduq. Bu, çox mürəkkəb və çətin işdir. Marşallar bu işin öhdəsindən gəldilər və hər şeyi mümkün qədər operativ şəkildə həll etdilər.

“Formula-1” yarışları dövründə qırmızı bayraq göstərmək zərurəti yarandı, lakin bu problem marşallarla bağlı deyildi. Trasda çoxlu qəzalar oldu. Bir sıra yerlərdə sınmış hissələr olduğuna görə yürüşü dayandırmaq lazım gəldi. Səkkiz, bəlkə də doqquz müxtəlif yerdən məlumat daxil olurdu ki, trasda sınıq hissələr hədsiz çoxdur. Yürüşlərin ən yaxşı anlarının təkrarına baxsanız bir epizodda pilotlar özləri yürüşün dayandırılmasını xahiş etdilər və biz də belə etdik.

Trası xüsusi kvadrosikllərin köməyi ilə təmizləmək olardı, lakin bu iş çox asta tərzdə görülməlidir, çünki trası süpürən “xalçaların” sürətinə müəyyən məhdudiyyət var. Onlar həmin sürətdən artıq hərəkət edə bilməzlər, əks halda sürət artırıldıqda bütün zibili təmizləmək olmur. Yürüşün 20 dəqiqəliyə dayandırılması bununla izah edilir. Prinsip etibarilə FİA və Çarli Uaytinq kimi, mən də marşalların işindən çox razıyam.

- Gələn il Bakı mərhələsi aprelin sonunda keçiriləcək. Siz həmin mərhələyə tamaşa edənlərin sayının azalacağından ehtiyat etmirsiniz ki?

- Yürüşlər hazırda çoxları üçün maraqlıdır. Belə insanlar üçün yürüşün nə vaxt keçirilməsi mane olmayacaq. Məsələn, hava şəraitinin o qədər də xoşa gələn olmadığı Kanadada, yaxud Silverstounda nə qədər yürüş keçirilir! İngiltərədə yay vaxtı havanın hərarəti 10 dərəcə də ola bilər, 30 dərəcədə. Çempionatda hava şəraitinin dəyişkən olduğu mərhələlər çoxdur.

Aprelin sonunda Bakıda hava çox pis olmur. Yaxşı istirahət günlərində bizdə hava günəşli və aydın, temperatur 23-24 dərəcə ola bilər. Təbii ki, müəyyən risklər var və iyun ayı ilə müqayisədə risklər daha yüksəkdir. Lakin bunun tamaşaçıların həmin mərhələyə baxmaq arzusuna güclü təsir göstərəcəyini güman etmirəm.

- Bilet satışının nə vaxt bağlanacağı artıq məlumdurmu?

- Biz əsas diqqəti yenicə başa çatmış yürüşə yönəltmişdik. Lakin bilet satışı barədə fikirləşməyə başlamışıq. Sistem hazırdır, bizim bilet siyasətimiz bu il özünü doğrultdu, ona görə də bu siyasətdə çox dəyişiklik etmək lazım gəlməyəcək. Zənnimcə, oktyabr ayında satışa başlamağa çalışacağıq. Bu işi həmişəkindən bir qədər tez başlamaq lazım gələcək.

- Bəzi mərhələlərdə konsert proqramının daha zəngin olması üçün həftəsonu yürüşün formatını dəyişməyi, konsert proqramına daha çox vaxt saxlamağı planlaşdırırlar. Siz də buna oxşar bir tədbir görməyi planlaşdırırsınızmı?

- Hələlik bu barədə yalnız söhbətlər gedir, faktiki heç bir tələb irəli sürülməyib. Mən də “Formula-1” rəhbərliyi ilə danışmışam, belə ideyalar olub, amma bunlar gələcək üçün ideyalardır və növbəti ildə onların reallaşdırılıb-reallaşdırılmayacağını bilmirəm.

Bizim mərhələdə konsert proqramı yetərincə dolğun, şən və xoşagələn olub. Bu proqram üçgünlük həftəsonu qrafikinə çox uyğun idi. üç gündə üç konsert az deyil. Nəzərə almaq lazımdır ki, həmin konsertlərdə beynəlxalq miqyaslı ulduzlar çıxış edirdi. Buna görə də formatın dəyişdirilməsi barədə danışmaq hələ tezdir.

- Siz bir dəfə demişdiniz ki, bu mərhələnin promouterləri tərəfindən çempionatın təşkilatçılarına ödənişləri standartlaşdırmaq lazımdır. “Formula-1”in “Liberty Media”dan olan yeni sahibləri ilə bu mövzunun müzakirəsində irəliləyişə nail ola bilmisinizmi?

- Biz kommersiya məsələlərini müzakirə etməmişik, çünki yürüşün keçirilməsi ilə məşğul idik. Hesab edirəm ki, bizim kontraktın müddəti başa çatmayınca hər hansı güzəştləri və başqa məsələləri müzakirə etmək tezdir. Ola bilsin ki, yaxın gələcəkdə biz danışıqlar masası arxasında əyləşərək sponsorluq baxımından bu günə qədər istifadə edilməmiş bütün məsələləri bağlayacağıq. Hər iki tərəfin öz ideyaları var və güman edirəm ki, həmin ideyalarla hamı razılaşacaq və biz indi qazanmadığımız pulları qazana biləcəyik.