29 iyun 2017 22:55
1504

Formula-1 yarışının Azərbaycan Qran-Prisində 137 ötmə olub

Formula-1 yarışının Azərbaycan Qran-Prisi hadisələrlə zəngin olub, intriqa isə finişə qədər davam edib.

AZƏRTAC “F1News.ru” saytına istinadla xəbər verir ki, “Mercedes” komandasının hesablamasına görə, yarışda 137 ötmə olub və onlardan cəmi 25 ötmə DRS-in köməyi ilə baş tutub. Komandanın baş yürüş mühəndisi Enryu Şovlin bununla bağlı deyib: “Yürüş xaotik alındı və nəticəni proqnozlaşdırmaq çətin idi. Qəzalar baş verdi, təhlükəsizlik avtomobili keçdi, qırmızı bayraqlar göründü. Bu və ya digər vəziyyət, yaxud da problemlə əlaqədar bir neçə əsas fiqur mübarizəni dayandırmalı oldu: Fetteli cərimələdilər, Hamiltonda yastığının bərkidilməsi ilə bağlı çətinlik yarandı, Ferstappen həftəsonunda əsasən əla çıxış etdi, lakin güc qurğusunda qüsura görə geri qaldı. Bütün bunlar o biri pilotlara şans verdi. Məsələn, altıncı və ya yeddinci dövrədə Daniel Rikkardoda əyləclə bağlı problem yarandı, o, havaötürücünü təmizləmək üçün pit-stop etməyə məcbur oldu. Yarışın əvvəlində adama elə gəlirdi ki, onunku gətirmir, lakin elə alındı ki, bu, hər kəsin mövqeyini itirdiyi və sonradan bunu geri qaytarmağa çalışdığı yürüşə çevrildi.

Yürüşdə 137 ötmənin olması inanılmazdır. Bu trasda ötmək olar: orada çox düz, təxminən 2 km yolu tam sürətlə gedirsən. Bu imkan Valtteriyə rəqiblərini bir-bir ötmək imkanı yaratdı.

Lakin bəzən DRS-ə görə çətin oldu: əgər siz üç maşından ibarət qrupdasınızsa, ortada gedən maşının sürücüsü də DRS-dən istifadə edə bilər. Bottas üçün rəqiblərini, o cümlədən “Force India” və “Toro Rosso”nu ötmək asan olmadı. Lakin o, bunların öhdəsindən əla gəldi, maşın isə çox gözəl işlədi. Bu cür gözəl yürüşlərin olması idmanda böyük üstünlükdür.

Trasın konfiqurasiyası nəticəsində də yürüş maraqlı olub. Mənə elə gəlir ki, Azərbaycan Qran-Prisi klassik mərhələlərdən biri olacaq. Bu, heç vaxt darıxdırıcı olmayan yürüşlərdən birinə çevriləcək”.