17 iyul 2017 17:48
1489

Luis Hemilton Böyük Britaniya Qran-Prisinin qalibi olub

Formula-1 üzrə dünya çempionatının onuncu yarışı – Böyük Britaniya Qran-Prisində “Mercedes” komandasının pilotu Luis Hemilton qalib gəlib.

AZƏRTAC xəbər verir ki, onuncu yarışda pilotlar Silverstounda 5891 metrlik trasda 52 dövrə vurublar.

Luis Hemilton 1 saat 21 dəqiqə 27,430 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 14,063 saniyə geri qalan Valtteri Bottas (“Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 36,570 saniyə sonra finişə çatan Kimi Raykonnen (“Ferrari”, 15 xal) tamamlayıb.

Pilotların yarış cədvəlinə 177 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton (“Mercedes”) 176 xalla ikinci, V.Bottas isə 154 xalla üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar kubokunda isə “Mercedes” 330 xalla birinci, “Ferrari” 275 xalla ikinci, “Red Bull Racing” isə 174 xalla üçüncü pillədə yer alıb.

Çempionatın növbəti – on birinci yarışı olan Macarıstan Qran-Prisi iyulun 28-30-da keçiriləcək.