24 oktyabr 2017 14:27
1281

“Mercedes”in pilotu Luis Hamilton Formula-1 ABŞ Qran-Prisində də qalib gəlib

Formula-1 üzrə dünya çempionatının 17-ci mərhələsi – ABŞ Qran-Prisi də Luis Hamiltonun qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, mövsüm sonuna doğru təşəbbüsə yiyələnən Luis Hamilton bu dəfə də 56 dövrədən ibarət 5,513 kilometrlik trekdə bütün rəqiblərini üstələyib. Britaniyalı pilot 1 saat 33 dəqiqə 50,993 saniyəlik göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Mercedes” komandasının təmsilçisi bu nəticə ilə ən yaxın izləyicisi Sebastyan Fetteli 10,143 saniyə geridə qoyub. “Ferrari”nin daha bir nümayəndəsi Kimi Raykkonen isə qalibdən 15,779 saniyə geri qalmaqla üçüncü yeri tutub.

Bu mərhələdən sonra ümumilikdə 331 xala malik L.Hamilton dördüncü dəfə dünya çempionu olmağa çox yaxındır. Digər yerlərdə müvafiq olaraq S.Fettel (265 xal) və V.Bottas (244 xal) qərarlaşıblar.

“Mercedes” komandası ABŞ Qran-Prisindən sonra Konstruktorlar Kubokunda qələbəni artıq təmin edib. Bu komandanın aktivində 575 xal var. İkinci yerdə qərarlaşan “Ferrari” 428, üçüncü sıradakı “Red Bull Racing”in isə 315 xal toplayıb.

Formula-1 üzrə dünya çempionatının növbəti mərhələsi oktyabrın 27-29-da Meksikada təşkil ediləcək.

Xatırladaq ki, builki dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-Prisi bu il iyunun 23-25-də Bakıda təşkil olunub.