30 noyabr 2017 15:54
1228

Daniel Rikkardo Bakıdadır

Bu ilin yayında baş tutmuş sonuncu Azərbaycan Qran Prisinin qalibi xoş xatirələri yada salmaq üçün paytaxta səfər edib

Formula 1 üzrə Dünya Çempionatının 5-ci ən güclü pilotu seçilən “Red Bull” komandasının pilotu Daniel Rikkardo ötən yay Bakı Şəhər Halqasında (BŞH) baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün dünən Azərbaycanın paytaxtına səfər edib.

Bu barədə “İki sahil”ə BŞH məlumat verilib.

Bildirilir ki, D.Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxıb və trekin ən maraqlı yerlərinə, o cümlədən Formula 1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz hissəyə - İçəri Şəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkib. Həmçinin o, Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənəzərəyə sahib dənizkənarı bulvara paralel olaraq uzanan “iki istiqamətli” hissəsində də olub.

Trek gəzintisindən başqa D.Rikkardo “Qarabağ” Futbol Klubunun  heyəti ilə də görüşüb. “Red Bull” pilotunun ziyarəti zamanı komanda gələn həftə “Roma” ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada “Red Bull” pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirib.

Bakıya səfər edən D.Rikkardo yenidən bu şəhərdə olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq həqiqətən də çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda bu yarış çox əyləncəli idi. Bu Qran Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən, şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər həqiqətən çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam!”

D.Rikkardo səfər çərçivəsində trek gəzintisi ilə yanaşı Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə silsilə görüşlər keçirəcək.

Xatırlatmaq istərdik ki, dördgünlük biletlərə olan ilkin 20 %-lik endirim kampaniyası hazırda davam edir. Yerli sakinlərə üstəlik 25 %-lik əlavə endirim də təklif olunur. 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün biletləri indidən almaq və Bakıya səfəri indidən planlaşdırmaq istəyənlər bu haqda ətraflı məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərlər.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”