09 iyul 2018 22:47
1411

Ermənistan dünyada işğalçı dövlət kimi tanınır

Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində respublikamızın beynəlxalq norma və prinsiplərə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan ədalətli mövqeyi dünya birliyi tərəfindən də dəstəklənir. Münaqişənin  tarixi, yaranma səbəbləri, nəticələri,  Azərbaycanın regionda sabitliyin qorunması, dövlətlərarası münasibətlərin inkişafına təsiri, münaqişənin həlli  üçün sülh danışıqlarında tutduğu  ədalətli mövqeyi artıq beynəlxalq  ictimaiyyətə də bəllidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində artıq Ermənistan dünyada işğalçı dövlət kimi tanınır.  Onsuz da  iqtisadi bataqlıq içərisində qalan bu ölkənin işğalçılıq siyasətini hələ də davam etdirməsi onu bütün layihələrdən kənarda qoyub. Ermənistanda küçə etirazları nəticəsində hakimiyyət dəyişikliyi zamanı baş nazir postuna əyləşən Nikol Paşinyan heç də sələfləri, sabiq dövlət başçıları Serj Sarkisyan və Robert Koçaryandan  geri qalmır. Politoloqların açıqlamasında qeyd olunduğu kimi, belə ağır vəziyyətdə, xaos içərisində qalan  Ermənistanın yeganə çıxış yolu işğal etdiyi Azərbaycan  torpaqlarını  qeyd-şərtsiz tərk etməkdir.

Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin sülh yolu ilə  həlli monoetnik dövlət olan Ermənistana ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yaradar və iqtisadiyyatını inkişaf etdirə bilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun  mətbuata verdiyi müsahibəsində də qeyd edilir ki, 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin. Lakin həmişə olduğu kimi, həlledici məqamlarda danışıqların baş tutmaması üçün bəhanələrə əl atan Ermənistan  yenə də  sözünün üstündə durmadı: “Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir. Bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır”. Bu çıxışların davamı olaraq iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox".

Mövzu ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşən politoloq Fikrət Sadıqov bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən vacib məsələlərdəndir: “Ermənistanda yeni hakimiyyət dəyişikliyindən sonra ilk dəfədir ki, xarici işlər nazirləri səviyyəsində görüş keçirilir. Hər iki ölkənin nazirləri səviyyəsində keçirilən görüşdən hansısa böyük bir gözləntilərimiz yoxdur. Çünki İrəvan rəsmilərinin ölkəmiz ilə bağlı əsassız və düşünülməmiş ifadələr səsləndirmələri, bu görüşdən də nəsə əldə olunacağına zəmanət vermir. Onların bu məsələnin həllində Dağlıq Qarabağ separatçılarının danışıqlara cəlb olunmasını tələb etmələri, rəsmi Bakıya qarşı sərt ifadələr səsləndirmələri hakimiyyət dəyişikliyinin ilk günlərindən hiss olunur. Buna baxmayaraq Azərbaycanın mövqeyi birmənalı və sabitdir. Azərbaycan  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara üçüncü  tərəfin qatılmasına imkan verməyəcək. Əvvəldən də  bildirildiyi kimi,   danışıqlar beynəlxalq hüquq normalarına və ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə uyğun şəkildə aparılmalıdır. Qeyri-konstruktivlik Ermənistanda vəziyyətin daha da ağırlaşmasına, ölkənin iflasa uğramasına gətirib çıxara bilər”.

Politoloq, həmçinin onu da diqqətə çatdırdı ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilən bu görüşdə Azərbaycan tərəfi sərt bir mövqe nümayiş etdirməlidir: “Yeni hakimiyyətə başa salınmalıdır ki, əgər öz ölkəsini  inkişaf etdirmək, xoşbəxt, firavan görmək istəyirsə işğalçılıq siyasətindən əl çəkməlidirlər. Əks halda bu, Ermənistanın sonu ola bilər. Bunun üçün Azərbaycan bütün variantlara hazırdır. Əgər söhbət güzəştlərdən gedirsə  torpaqları işğal altında qalan Azərbaycanın danışıqlarda iştirakı  təcavüzkara ən böyük güzəştdir. Azərbaycanın daxili və xarici siyasətinin əsasını təşkil edən, münaqişənin həlli üçün qüdrətli   Azərbaycanın diplomatik və hərbi imkanları  istənilən səviyyədədir.   Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə  keçirilən hərbi paradada işğalçıya bəlkə də sonuncu xəbərdarlıqdır”.

Mənsumə Babayeva,

“İki sahil”