19 oktyabr 2018 16:09
346

Əfqanıstanda çex əsgərlər yaralanıb

NATO-nun Əfqanıstanın Bəhram şəhərində yerləşən aviabazasını qoruyan beş çex əsgəri Pərvan əyalətində baş verən partlayış nəticəsində yaralanıb.

AZƏRTAC xəbər verir ki, insident hərbçilərin bazanın yaxınlığında park olunmuş avtomobilə yaxınlaşdıqları zaman baş verib. Nəticədə, hərbçilərin olduğu nəqliyyat vasitəsi aşıb və beş əsgər yaralanıb. Çexiya Silahlı Qüvvələri Baş Qərargahının mətbuat katibi Maqdalena Dvorjakova bildirib ki, onlardan dördü yüngül xəsarətlər alıb, beşinci əsgərin vəziyyəti isə ağırdır.

Yaralılara hadisə yerindəcə ilkin tibbi yardım göstərilib və onlar helikopterlə Bəhram aviabazasındakı hospitala çatdırılıb. Son məlumatlara görə, əsgərlərdən üçü artıq xəstəxanadan buraxılıb, ağır yaralanan döyüşçü isə əməliyyat olunub. Onun həyati təhlükəsinin olmadığı bildirilir. Baş qərargahdan bildirilib ki, yaralı əsgərlərin ailələrinə məlumat verilib. Müdafiə nazirinin təmsilçisi Yan Peyşekin sözlərinə görə, yaxın vaxtlarda onların vətənə qaytarılması ilə bağlı qərar veriləcək.

Bu, Əfqanıstanda Çexiya əsgərləri ilə bağlı ilk insident deyil. Müdafiə Nazirliyinin məlumatına görə, bu vaxtadək Əfqanıstanda 13 çex hərbçisi həlak olub. Xüsusən, avqustun 5-də Kabil yaxınlığında yerləşən Pərvan əyalətindəki Bəhram hərbi bazasına yaxın ərazidə NATO-nun maşın karvanına törədilən intihar terror aktı nəticəsində üç çex hərbi qulluqçusu həlak olmuşdu.