19 oktyabr 2018 17:05
329

Cənubi Koreya Donald Trampın fikrinə etiraz edib

Koreya Respublikası müstəqil dövlət kimi KXDR üzərindən sanksiyaların birtərəfli qaydada aradan qaldırılması üçün ABŞ-ın razılığına ehtiyac duymur və Prezident Donald Trampın bu məsələ ilə bağlı dedikləri doğru deyil.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin birlik, beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə müşaviri Mun Çun İn deyib. “Burada “razılıq” sözü yanlışdır. Çox güman ki, söhbət məsləhətləşmə və razılaşdırmadan gedir. Donald Tramp Cənubi Koreyanın ABŞ-la məsləhətləşmədən və razılaşdırmadan KXDR üzərindən sanksiyaları götürməyəcəyini deməli idi. Cənubi Koreya müstəqil dövlətdir. ABŞ prezidenti bunu necə tələb edə bilər? Biz nəyə görə ABŞ-ın tələblərini yerinə yetirməliyik?”, - deyə Mun Çun İn bildirib.

Qeyd edək ki, Seul 2010-cu ildə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus “Çhonan” korvetinin batırılması ilə bağlı insidentdən sonra Şimali Koreyaya qarşı birtərəfli sanksiyalar tətbiq etmişdi. O zaman Cənubi Koreya və ABŞ korvetə KXDR-in sualtı gəmisinin hücum etdiyi qənaətinə gəlmişdi. Nəticədə humanitar sahələrdən başqa Koreya yarımadasının bu iki dövləti arasında demək olar ki, bütün əlaqələr kəsilmiş, ticarətə və investisiyalara qadağa qoyulmuşdu.