22 yanvar 2018 21:00
792

Afrinə yeni istiqamətdən əməliyyat başlayıb

Türkiyə Silahlı Qüvvələri bu gün Afrinin şərqindəki Azezdən də əməliyyat başlayıb və quru qoşun hissələri hədəf ərazilərə girib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, “Zeytun budağı” adlı əməliyyata Azad Suriya Ordusunun çox sayda döyüşçüsü də qatılıb. Bu arada Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarələri Afrin üçün strateji önəm daşıyan Burseye dağındakı terror yuvalarına zərbələr endirib. Terrorçular məhz buradan həm Kilis vilayətini, həm də bölgədəki yaşayış məntəqələrini top və raket atəşinə tuturlar. PYD/PKK terror təşkilatının üzvləri tərəfindən Hatay vilayətinin Kırıkhan rayonuna raket atılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Xatırladaq ki, yanvarın 20-də başlayan “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.