16 noyabr 2017 20:46
544

Zimbabvedə müxalifət və hərbçilər keçid hökuməti qurulması barədə danışıqlar aparır

Zimbabvedə müxalifət nümayəndələri və hərbçilər ölkə prezidenti Robert Muqabenin istefaya gedəcəyi təqdirdə keçid hökumətinin qurulması barədə danışıqlar aparırlar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu müxalif “Demokratik dəyişikliklər uğrunda hərəkat” partiyasının adı çəkilməyən rəhbərlərindən biri bildirib. Onun sözlərinə görə, hökumətin təhvil verilməsi prosesi başlayıb və region ölkələri bunu susaraq dəstəkləyir.

“Keçid hökumətinin qurulması və onun tərkibinə müxalifətin də daxil olması barədə aktiv danışıqlar gedir”, - deyə mənbə qeyd edib.

Xatırladaq ki, hakim “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə” partiyasının Silahlı Qüvvələrin komandanı Konstantino Çivenqanı xəyanətdə və qiyama çağırışda ittiham etməsindən sonra ordu noyabrın 15-də ölkənin paytaxtı Harare şəhərində hökumət, parlament və məhkəmə binalarına gedən yolları bağlayıb, şəhərin mərkəzinə zirehli texnika yeridib. Eyni zamanda, yerli mediada yayılan xəbərlərə görə, dövlət teleradio korporasiyasının binası ələ keçirilib, maliyyə naziri İqnasius Çombo və daha bir neçə nazir həbs olunub. Muqabe, onun ailə üzvləri və yaxın ətrafına daxil olan bir sıra şəxslər prezident iqamətgahında ev dustaqlığında saxlanılır.

Bundan öncə, noyabrın 6-da Çivenqa vəzifədən kənarlaşdırılan vitse-prezident Emmerson Mnanqaqva tərəfdarlarının təqibini dayandırmaq üçün müdaxiləyə əl atmağa hazır olduğunu demişdi.

Cənubi Afrika Respublikasında olan Mnanqaqva noyabrın 15-də ölkəyə qayıdıb. Xaricdə müalicə alan müxalifət lideri, “Demokratik dəyişikliklər uğrunda hərəkat” partiyasının başçısı, sabiq Baş nazir Morqan Tsvanqirainin də Zimbabveyə geri döndüyü bildirilir. Sabiq Baş nazirin və vitse-prezidentin qayıdışı ölkədə Muqabedən sonrakı dövrə hazırlıq getdiyi barədə ehtimalları gücləndirir.

Reuters agentliyinin yaydığı məlumata görə, bu hadisələr fonunda Robert Muqabe istefa verməkdən boyun qaçırır və səlahiyyət müddətinin sonunadək (2018-ci ilin avqustu) postunda qalmaqda israr edir.