16 noyabr 2017 21:23
992

Yaponiya sahillərində əlavə 25 sunami sensoru quraşdırılıb

Noyabrın 16-da Yaponiya Milli Meteorologiya Agentliyi sunami barədə məlumat əldə etmək üçün dənizin dibində quraşdırılan yeni 25 sensoru işə salıb.

AZƏRTAC xəbər verir ki, sunami sensorları Hokkaydo adasından başlayaraq Çiba prefekturasınadək Sakit okean sahillərindəki sularda Dəniz Tədqiqatları və Fəlakətlərin Qarşısının Alınması Üzrə Milli Tədqiqat İnstitutu tərəfindən yerləşdirilib.

Hazırda Yaponiya ətrafındakı dəniz sularında 234 sunami sensoru fəaliyyət göstərir və onların verdiyi məlumatlar meteoroloji hesabatlar üçün qeydə alınır.

Yaponiya Meteorologiya Agentliyinin rəsmiləri bildiriblər ki, həmin sensorlar sunami təhlükəsi barədə 25 dəqiqə əvvəl məlumat əldə etməyə imkan verəcək.