16 noyabr 2017 21:47
645

Kabildə partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə yüksəlib

Noyabrın 16-da Əfqanıstanın paytaxtı Kabil şəhərində yerli məmurların toplaşdığı restoranın yaxınlığında partlayış törədilib.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, insident nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həyatını itirənlər arasında 8 polis əməkdaşının da olduğu bildirilir.

Khaama Press agentliyinin yaydığı məlumata görə, insident banket zalının yaxınlığındakı avtomobil dayanacağının qarşısında baş verib. Terrorçu-kamikadze partlayıcı qurğunu insanlar binadan çıxan vaxt işə salıb.

Yerli 1TV telekanalı bildirir ki, partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının da aktivliyi artıb.