12 oktyabr 2018 21:46
3247

İnsan nəyə görə daha çox gülməlidir?

Hər gün həyatımızda bir- birinə zidd hadislər baş verir və bütün bunların nəticəsində bəzən depressiyaya düşmək qaçılmaz olur. Məhz buna görə hər zaman müsbət emosiyalara və gülüşə ehtiyacımız olur. Həyat  qısa və dəyərlidir, buna görə də  çalışmalıyıq ki, həyatımızın çox hissəsini kədərə yem etməyək. Ən yaxşısı sadəcə gülməkdir. Ürəkdən və içdən. Düşünürsünüz ki, gülümsəməyə səbəbiniz yoxdur? O zaman gülüşün müsbət təsirləri haqqında qeydlərimizə  diqqət yetirin.

1.Gülüş əzələlərin gərginliyini azaldır.Sən demə gülüş zamanı bədənimizin bütün əzələləri gərginlikdən azad olur,  əsasən də üz, boğaz, çiyin və qarın əzələləri. Gülüş qeyri -ixtiyari olduqda orqanizmdə konvulsiv reaksiyalar baş verir ki,  əzələlərin xroniki gərginliyi azalır və orqanizmin hüceyrələrində oksigen mübadiləsi artaraq tənəffüs sürətlənir.

2. Gülüş “stress” hormonunun səviyyəsini aşağı salır

Tez -tez gülən və həyata pozitiv baxan insanların qaşqabaqlı insanlardan fərqləri ondadır ki, onların qanında stress hormonu çox aşağı səviyyədə olur. Orqanizmdə bu hormonun səviyyəsinin aşağı olması bədənin daha rahatlığına  təsir edir və biz özümüzü təkcə fiziki deyil, emosional da dincəlmiş hiss etmiş oluruq.

3.  Gülüş boy hormonuna da təsir edir

 ABŞ - ın Loma Linda Universitetindən olan tədqiqatçılar aydınlaşdırıblar ki, hətta  ürəkdən gülüş qanda somatotropin hormonunun səviyyəsini 87% yüksəldir. Bu hormon təkcə boy hormonu hesab edilmir, bu hormon həm də qocalma prosesini ləngidir.

4.  Gülüş ürək - damar xəstəlikləri riskini azaldır

Gülüş qan dövranını stimullaşdırır və qanda oksigenin səviyyəsini artırır. Buna görə də  gülüş periodik və ani qansızmalar, insult, infarkt və bir çox ürək xəstəlikləri  riskini aşağı salır.

5. Gülüş immunitet sistemini gücləndirir 

ABŞ -ın Milli Onkologiya İnistitutunun verdiyi məlumata görə, gülüş təkcə stress hormonunu deyil, həmçinin immunitet sisteminin komponentlərini də dəstəkləyir. O əsasən limfositləri: NK - hüceyrələrinin, B - limfosidlərinin və T limfositlərinin işinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

6. Gülüş sağalama prosesini sürətləndirir.

 Elmi araşdırmalar göstərir ki, gülüş imunitet sistemini gücləndirməklə, sterss hormonu səviyyəsini aşağı salmaqla yanaşı orqanzimin  xəstəlikdən sonra sağalma prosesini sürətləndirmək qabiliyyətinə də sahibdir. 

7. Gülüş qanda şəkərin səviyyəsini aşağı salır

Şəkər xəstələri üçün gülüş təbii müalicə üsullarından biridir. 2012 - ci ildə aparılan araşdırmalar göstərib ki, gülüş zamanı qanda şəkərin səviyyəsi aşağı düşür. Buna səbəb isə gülüş zamanı qlükoza mübadiləsinin yaxşılaşmasıdır.

8.  Gülüş yatmağa kömək edir.

 Yapon alimləri belə bir nəticəyə gəliblər ki, axşamlar gülüş də zamanı beyin daha çox yuxu hormonu ifraz edir. Elə bu səbəbdən Yapon alimləri axşam yatmamışdan qabaq komediya filminə baxmağı məsləhət görürlər.

9.  Fiziki ağrıları aradan götürür

 Oksford Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, gülmək ağrıya qarşı dözümlülüyü artırır. Bu, necə baş verir? Bütün bunlar ona görə baş verir ki, gülüş zamanı bizim bədənimiz endorfin ifraz edir. Bu kimyəvi birləşmə təkcə əhvalımıza təsir etmir, həmçinin ağrıkəsici təsir də göstərir.

10.  Gülüş bütün orqanların işini stimullaşdırır.

 Yuxarıda qeyd etdiyimiz kimi, gülüş qan dövranı prosesini yaxşılaşdırır, hormonların səviyyəsini tənzimləyir və imuniteti möhkəmləndirir. Bunadan başqa o, ürək, beyin və ağ ciyərlərin funksiyasını da yaxşılaşdırır.

11. Ömrü uzadır

Gülüşdən yaranan bütün müsbət effektlərin kombini  təbii yolla insan ömrünün uzanmasına təsir edir. 20 il müddətində  aparılan araşdırmaların nəticəsində alimlər müəyyən ediblər ki, şən insanlar yumor hissindən uzaq olan insanlara nisbətən 8 il artıq ömür yaşayıblar.

12. İşdə məhsuldarlığı artırır.

 Bir başqa araşdırma göstərib ki, gülüş insanın işində məhsuldar olmağına təsir edir. Şən insanlar daha enerjili, motivasiyalı olurlar, yeni çağırış və sınaqları yaxşı qəbul edirlər.

13. Daha cavan görünmək mümkündür

 Yaş ötdükcə üzümüz yığılan təcrübələri və stresləri əks etdirir. Biz gülən zaman üz, boğaz və çiyin əzələləri özü özlüyündə rahatlıyır, qırışlar açılır, əhval - ruhiyyə yaxşılaşır və gülüşün hesabına biz daha cavan, cazibədar görünürük.

Könül Əliyeva, “İki sahil”