09 may 2018 01:04
1332

Mayın 17-də QASIRĞA OLACAQ

Mayın 17-də Yer kürəsində G2 sinfinə aid geomaqnit qasırğasının olacağı gözlənilir. Mayın 18-də isə geomaqnit həyəcanlaşması artacaq.

Proqnozlaşdırılan geomaqnit qasırğası barədə Publika.az-a məlumat verən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından direktoru Namiq Cəlilov hazırkı müşahidələrə əsasən Günəşdə vəziyyətin stabil olduğunu bildirib:

“Hazırda Günəşdə heç bir alışma yoxdur, mayın 6-da güclü geomaqnit qasırğası olub. Qasırğa G2 səviyyəsində, KP indeksi 6 idi. Bu kifayət qədər güclü hesab edilir. Mayın 7-də qasırğa G1 səviyyəsində olub.

Yaxın günlərdə Günəşdə tam sakitlik olacaq. Tacda alışmalar müşahidə edilmir, bir neçə yerdə kiçik qızartılar var, onlar da zəifdir. Hazırda Günəş aktivliyinin minimumundayıq. Yaxın 3-4 gün ərzində heç bir aktivlik proqnozlaşdırılmır. Mayın 17- 18-i arasında isə Günəşdə aktivlik G2 səviyyəsində olacaq. Bu hazırda proqnoz şəklində göstərilib. Onun nə qədər özünü doğruldacağını zaman göstərəcək. Çünki Günəş səthindən maddə atılır, 150 milyon kilometrdə o səpilə, dağıla bilər, eyni zamanda bir nöqtəyə toplana bilər. İndidən proqnoz vermək çətindir, sadəcə geomaqnit qasırğa olacağı ehtimalını deyə bilərik”.

N.Cəlilov onu da vurğulayıb ki, Günəşdə qasırğanın maksimum səviyyəsi G5-dir. G2 zəif olmasa da, çox da güclü hesab edilmir:

“Mayın 6-da G2 səviyyəsində qasırğa olub, lakin əksəriyyət onu hiss etməyib. Qasırğanın davametmə müddəti nə qədər az olsa, o qədər də az hiss olunur. Uzun müddət davam edəndə isə insanlar halsızlıq, baş ağrısı səbəb olur, qan təzyiqinə təsir edir. Qasırğa günlərlə davam edəndə təsiri daha çox hiss olunur. Bu dəfə də aktivliyin uzun müddət davam etməyəcəyi güman edilir. G2 peyklərin işinə təsir edəcək, ya da Yerdə insanların səhhətində ciddi problem yaradacaq səviyyə deyil. Ötən il payızda G3 səviyyəsi qeydə alınmışdı, yalnız xroniki xəstəlikləri olanlar başağrıları hiss etmişdi. Ən maksimum G5 isə sonuncu dəfə ötən əsrdə qeydə salınıb”.

Direktorun sözlərinə görə, iyun ayının 2-də də G1 səviyyəsində aktivlik olacaq:

“O da zəifdir. Mayın 17-si və iyunun 2-nə hələ çox vaxt var. Ola bilər ki, indidən verilən proqnoz özünü doğrultmasın”.