09 mart 2018 14:28
1344

Aclıq fiziki dözümlülük səviyyəsini yüksəldir

Dövri olaraq ac qalmağın artıq çəki atmağa, insulinə qarşı həssaslığı artırmağa kömək etdiyi hamıya məlumdur.  ABŞ-ın Milli Səhiyyə İnstitutunun alimlərinin yeni araşdırmasında periodik olaraq aclığın insanın fiziki dözümlülüyünü yüksəltdiyi də məlum olub.

Siçanlar üzərində aparılan tədqiqatlar zamanı müəyyən müddət ac saxlanılmış gəmiricilərin orqanizmində şəkərdən çox yağların yox olduğu müşahidə edilib. Yağlar şəkərlə müqayisədə daha çox enerji mənbəyi olduğundan bu onların fiziki aktivliyinin daha uzun müddət qorunmasına şərait yaradıb.

Müntəzəm olaraq, müddətli şəkildə ac qalmaq orqanizmin enerji almaq üçün yağları yandırması prosesini sürətləndirir. Alimlər ac halda bədənin və beynin maksimum surətdə çalışdığını açıqlayıblar.

“Əvvəllər ac qalmanın ümumi səhhətə faydası, şəkərli diabetin inkişafının və ürək-damar xəstəliklərinin qarşısını alması məlum idi. Son tədqiqatlar isə dövri aclığın insanın dözümlülüyünü artırdığını sübut etdi”,- deyə Mark Metson bildirib.