14 dekabr 2017 22:53
1022

Yeni ilin fərqli qeyd olunduğu şəhərlər

Yeni ilə artıq sayılı günlər qalıb. Dünyanın hər bir yerində Yeni illə bağlı hazırlıqlara başlanılıb. Hər kəsin özünə görə bir Yeni il əyləncəsi var. Bu bayramı kimisi evdə, kimisi partiyə getməklə, kimisi küçələrdə əylənməklə, kimisi də bir restoran və ya kafeyə gedib oranın təqdim etdiyi əyləncələrdən istifadə etməklə keçirir. Yeni ili daha fərqli  keçirməyi nəzərdə tutanlar arasında başqa ölkələrə getmək istəyənlər də az deyil.

Gəlin bu bayramın daha fərqli bir formatlarda qeyd olunduğu ölkə və şəhərlərlə tanış olaq...

İSPANİYA

Milad tətili İspaniyada 24 dekabrda başlayır və 6 yanvara kimi davam edir. İspanlar isə bu dövrü Navidad adlandırırlar. İspanların  Yeni ili qeyd etmələri ailə və dostların bir araya toplanması ilə qurulur. Onlar Yeni ilə böyük yemək məclisi və şərab ilə başlayırlar. Bu bayramın adətən evlərdə aparılmasına baxmayaraq, eyni zamanda, Katalon məkanlarında ya da lüks restoranlarda da qeyd edilir. Yeni il gecəsi saat tam on ikini göstərəndə ispaniyolların illərdir davam edən bir ənənəsi baş tutur. Saat on ikidə ispanlar ağızlarına  tam on iki dənə üzüm atırlar. Buna da  “yaxşı şans üzümü” deyirlər. Mənası növbəti ilin bolluq və bərəkətli olacağı deməkdir.

MİLAD AXŞAMI ŞƏNLİKLƏRİ VƏ EDİNBURQ

Edinburqda təkcə həmin gün deyil, dörd gün, dörd gecə şənlik olur. Şotlandlar bu dörd gün, dörd gecə davam edən şənliklərə Milad axşamı şənlikləri deyirlər. Tam bir karnaval havasında keçirilən şənliklərdə konsertlər, bayram atəşfəşanlığı və  küçə partiləri üstünlük təşkil edir. Edinburqda kiminsə Yeni ilini təbrik etmək, gecə yarısı qapı zənginin çalınmasıdır. Nə üçün? Qədim Britaniya ənənəsinə görə, Yeni ildə bir qapının kənarından addımını atan ilk insanın həmin ildə bolluq və bərəkət içərisində yaşayacağı anlamına gəlir. Buna da ilk ayaq mənasını verən “First-foot” deyirlər.

ROMANTİK BİR YENİ İL ÜÇÜN PRAQA

Praqada Yeni il ərəfəsində ailə və dostların bir araya gəlməsi, yemək yeməsi, şərab və şampan içmələri artıq ənənə halını alıb. Praqada bu ənənə şəhərin rəmzi quruluşu Karl körpüsü üzərində partlayan rəngarəng fişənglər altında həyata keçirilir. Burada bayramı qeyd edənlər  əllərinə içki badələri və əlavə qidalar alaraq tarixi küçələrdə gəzə-gəzə bu şənlikdə iştirak edirlər.

GÖZLƏR TİMES MEYDANINDA

Nyu-York şübhəsiz ki, Yeni ilin ən görkəmli qeyd olunduğu şəhərlərdən biridir. Ən izdihamlı yerisə, təbii ki, Times Meydanıdır. 1907-ci ildən bəri hər il başında Times Meydanındakı bir binanın təpəsindən aşağıya nəhəng bir kristal top endirilir. Nyu-yorklular bu ənənəyə “Ball-Drop” deyirlər. Büllur top, Yeni ilə geri sayın başlanması ilə birlikdə aşağıya doğru göndərilməyə başlanır. Endiriləndə arxada qalan il sönərək Yeni il yanmağa başlayır. Bu aksiya müddətində Times Meydanındakı hər kəs fikrini bu kristala yönəldir.

Times Meydanındakı insanlar üçün maraq gətirən təkcə şou deyil. Məşhur müğənni və qrupların verdikləri konsertlər, güclü atəşfəşanlıqların, maraqlı əyləncələrin olmasıdır. Bu səhnə səhərin ilk işıqlarına qədər belə davam edir.

RİODA SAMBA İLƏ YENİ İLƏ SALAM

Kopacabana sahilləri boyu qeyd olunan Yeni il şənliyinin də özünəməxsus bir fərqliliyi var. Yerli xalq və turistlərin bir arada qeyd olunduğu bu festivalda sahil boyu ləziz Braziliya xörəkləri dadılır, insanlar özlərini Samba ritminə həsr edir, atəşfəşanlıq tamaşalarını maraqla izləyirlər. Həmçinin braziliyalılar, Yeni il gecəsi günün ilk işıqlarına qədər içki içib rəqs edirlər.

HEÇ BİTMƏYƏN PARTİLƏR ÜÇÜN LAS-VEQAS

Yeni ili daha təntənəli keçirməyin ən yaddaqalan ünvanlardan biri isə Las-Veqasdır. Las-Veqasda Yeni ildə qeyd olunan küçə partiləri ilə yanaşı, Luxor Otel, Mirage Hotel, Venetian Otel kimi məşhur otellərin düzüldüyünü görərik. Yeni il gecəsi Las-Veqastakı atəşfəşanlıq şəhərin gözəlliyinə daha bir  gözəllik qatmış olur.

TRAFALQAR MEYDANI, LONDON

Trafalqar Meydanında gecə yarısına qədər davam edən küçə partiləri, şənliklər, konsert tədbirləri ilə Yeni ilə girmək daha heyrətamizdir. Saat tam on iki tamamı göstərəndə Biq Benin təbili çalınanda ölkə camaatı bir-biriləri ilə öpüşərək Yeni ilə salam deyir. Həmçinin insanlar London Eye üzərində həyata keçirilən möhtəşəm atəşfəşanlıq tamaşalarını izləmək üçün  Thames çayı kənarındakı yerlərini tutmuş olurlar.

Yeni ildə Londonun digər izdiham və hərəkətli bölgələri isə opera və musiqilərin qəlbi olan Convent Vağzalı və küçə sənətçiləri, konsertlərlə dolub-daşan Leicester Meydanıdır.

PARİS, TAM BİR VİZUAL MƏKAN

Tam bir açıq hava muzeyi olan Paris Yeni ili qeyd etmək üçün ən ideal bir məkandır. Burada Champs-Elysees və şəhərin mühüm tarixi tikililəri, Milad günündən 1 ay əvvəl bəzənir və işıqlandırılır. 20 min elektriklə təchiz edilmiş olan Eyfel Qülləsinin gecə yarısı saat birdən sonra digər işıqlandırmaları söndürülür. Sadəcə yanıq qalan hərəkətli brilyant rəngli işıqlandırmaları gecəyə fərqli bir vizuallıq qatır.

İlin bu dövründə şəhərdə vizual bir təntənə başlayır. Champs-Elysees bulvarı və Eyfel Qülləsi ətrafındakı meydanlar Yeni il axşamı üçün tam bağlanır. Meydanlar insanlarla dolmağa başlayır. Bu zaman insanlar küçələrdə əllərində şampan, şərab və viski şüşələri ilə gəzir, saat on ikidən sonra bir-birilərini tanıdı,  tanımadı öpürlər.

Yeni il gecəsi otellər, barlar, restoranlar tam gücü ilə işlək vəziyyətdə olur. Meydanları və bulvarı bu məkanlardan gələn musiqi səsləri hərəkətə gətirir. Gecə yarısı saat tam on ikidə Trocadero Meydanındakı Chaillot Sarayının altından və Eyfel Qülləsindən möhtəşəm bir atəşfəşanlıq baş tutur. Hər il təxminən 1,5-2 milyon insan Champs Elyseesdən, ya da Eyfel Qülləsinin ətrafından bu tamaşanı izləməyə gəlir.

MOSKVA, BİR-BİRİ İLƏ YARIŞAN BAYRAM ATƏŞFƏŞANLIĞI

Rusiyada Yeni il bayramına hazırlıqlar təxminən 20 gün əvvəldən başlayır. Bu ölkədə Yeni il gecəsində ailəvi yeyiləcək yemək böyük əhəmiyyət daşıyır. Saat 23:00 radələri olmasına baxmayaraq, küçələr hələ boş olur. Hər kəs ailəsi ilə birlikdə yeməkdədir. Gecə yarısına 10 dəqiqə qalmış, ekrana çıxan dövlət başçısı xalqına Yeni il arzularını çatdırır, bayramlarını təbrik edir. Düz saat on ikidə əsl əyləncə başlayır. Atəşfəşanlıq göy üzünü al-əlvan rənglərə boyayır. Bu, sadəcə əhəmiyyətli meydanlarda deyil, məhəllə aralarında da baş verir. Hər məhəllə biri digəri ilə yarışır. Əlbəttə, atəşfəşanlığın ən görkəmlisi Qızıl Meydanda yaşanır. Bu zaman Qızıl Meydanda və küçələrdə içki içmək qadağan olunsa da, bu qadağaya çox az adam riayət edir. Rusların yeni il bayramı 10 gün sürür və 9 yanvarda yenidən iş başına keçirlər.

Mənsumə Babayeva, “İki sahil”