KÖŞƏ

Zahid Rza

Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti antiazərbaycan çağırışları darmadağın etdi

11 iyul 2018 14:15
3993

Artıq xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza ilə bağlı ölkəmizdə yaranmış enerji fasiləsi, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb. Şübhəsiz, həmin şəxslər öz layiqli cəzalarını alacaqlar.

Təbii ki, hüquq mühafizə orqanlarının həmin şəxslər barəsində gördükləri tədbirlər daim öz dövlətinin və dövlətçiliyinin, ölkə rəhbərliyinin yanında olan cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılandı. İstər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlərin ölkəmizə qarşı təxribatçı, yalançı-kamufulyajlı təbliğatı həqiqətlərin qarşısında tab gətirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılıb getdi.

Həqiqətlərin ortaya çıxdığı üçün heç kim yalanlara inanmadı. Yalançı, xəyanətkar, karyerist siyasətbazlara, saxta “demokratlara”  inanmaq lazım deyil. Çünki onlar ağıllı, ədalətli və rasional düşüncədən uzaqdırlar.  Belələri istər dünyada, istərsə də ölkədə baş verən hadisələrlə bağlı  faktlara deyil, həmişə olduğu kimi, özlərinə sərf edən formada fikir bildirir, vicdan və qənaət normalarına əməl etməyərək ictimai rəyi yanlış istiqamətə, təhlükəli məcraya yönəltmək üçün min bir oyundan çıxırlar. Bu isə çox təhlükəli tendensiyadır. Çünki  söz və mətbuat azadlığının möhkəm təməllər üzərində bərqərar olduğu ölkəmizdə əhalinin 80 faizi internet istifadəçisidir.  Həmçinin sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. Bunları nəzərə alaraq deyə bilərik ki, düşmənlərimiz və onların yerli əlaltıları-”sapı özümüzdən olan baltalar”  tərəfindən tirajlanan, mənbəyi, mənşəyi bəlli olmayan xəbərlər, məlumatlar məhz sosial şəbəkə istifadəçilərində səhv qənaətin formalaşmasına təsir edə bilər, insanların qərarsız, tərəddüd içində qalmasına səbəb ola bilər.

İstər Mingəçevir İES-dəki baş verən qəza, istərsə də Gəncədəki məlum terror aktından sonra sosial şəbəkələrdəki iyrənc vəziyyət bir daha sübut etdi ki,  Azərbaycan əleyhdarı olan bəzi xarici kəşfiyyat xidmətləri və ermənipərəst dairələr, “sapı özümüzdən olan baltalar”dan, xəyanətkar antimilli ünsürlərdən ibarət geniş bir  “nüfuz agenti” şəbəkəsi formalaşdırıblar. Satqın, avantürist, mənsəbpərəst, milli mənlik şüurundan məhrum olan belələri ölkəmizdə baş verən təbii fəlakət, fövqəladə hallar və qəzalar zamanı  qarğa-quzğun kimi sosial şəbəkələrə tökülüşərək ağalarından aldıqları sifarişlər əsasında yanlış xəbər və yorumlarla ictimai rəyi çaşdırmaqla, əhalini itaətsizliyə çağırmaqla ölkədə xaos və anarxiya yaratmaq üçün gecə-gündüz demədən, nəfəs dərmədən öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndirirlər.

Bütün bunlar bir daha təsdiq etdi ki, dağıdıcı müxalifət düşərgəsinin başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının fəalı, “Milli Şura”çı Tofiq Yaqublu, Avropanın müxtəlif ölkələrində, ABŞ-da mühacir statusu adı altında məskunlaşan Orduxan Teymurxan, Tural Sadıqlı, Emin Milli, Səid Dadaşbəyli, “hüquqşünas-demokrat” Qurban Məmmədov, Vidadi İsgəndərli kimilərin sosial şəbəkələrdəki antimilli şüarları, çıxışları, “moizələri” əslində bir başıpozuq dəstənin, merkantil şəbəkənin xaotik özfəaliyyəti yox, Azərbaycan əleyhdarlarının, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir proses, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Bütün bunların kökündə  isə ölkəmizin müstəqil siyasət yürütməsinə, sabitlik adası olmasına antiazərbaycan dairələrin qısqanclıqla yanaşması dayanır.

Həmişə olduğu kimi, bu dəfə də antiazərbaycan dairələrin “sapı özümüzdən olan baltalar”la birlikdə ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyası iflasa uğradı. Ölkəmizdəki güclü xalq, güclü dövlət, güclü lider vəhdəti bundan sonra da həmin məkrli dairələrin, antiazərbaycan qüvvələrin respublikamızın əleyhinə yönələn bütün cəhdlərini darmadağın edəcəkdir.

Zahid Rza,

"İki sahil"